adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Avqust 2019 14:21
10063
GÜNDƏM
A- A+

Aqil Abbas bəyənilməyən aprel döyüşləri ssenarisindən danışdı

"Hansı türk aktyor aprel müharibəsi haqda filmdə pulsuz oynayar?”

Yazıçı-deputat Aqil Abbasın aprel döyüşləri barədə ssenarisinə film çəkilməsi Mədəniyyət Nazirliyi tərəfindən qəbul olunmayıb.

Bu barədə danışan "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun sözlərinə görə, aprel savaşı haqda filmlər çəkilməsi üçün bir sıra layihələrlə maraqlanırlar.

Ermənistanda isə aprel müharibəsinə həsr olunmuş film artıq çəkilib və oktyabrın 17-də İrəvanda "Cənnətə açılan qapılar” kinosunun təqdimatı keçiriləcək.

Rejissor Civan Avetisyanın çəkdiyi filmdə almaniyalı aktyor Rixard Zammel, Nina Krongyaer, Rusiya Milli Filarmonik Orkestrinin baş dirijoru, SSRİ və Rusiya Xalq artisti Vladimir Spivakovun qızı Tatyana Spivakova və erməni aktyorlar çəkilib.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, çəkilişləri Qarabağda və Avropada aparılan filmin maliyyələşməsi Ermənistanla yanaşı, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriya tərəfindən aparılıb.

Filmin nümayişi 2020-ci ilin martında Los-Ancelesdə, Parisdə, Moskvada və s. şəhərlərdə də keçiriləcək.

Bəs niyə bizimkilər indiyə qədər aprel döyüşləri barədə araya-ərsəyə sanballı bir film çıxarmayıblar? Nə üçün belə filmlərə tanınmış əcnəbi aktyorları dəvət etmirik? Bu məsələdə də ermənilərdən geri qalmamışıqmı?

Aqil Abbasın ssenarisi nə səbəbdən qəbul edilməyib? Doğrudur, aprel şəhidləri haqda sənədli filmlər çəkilib. Amma yetərli deyil, təbliğat xarakterli, müharibənin mahiyyətini izah edən, Qarabağ münaqişəsinin gerçək səbəbini, ermənilərin işğalçı siyasətini, azərbaycanlıların torpaq uğrunda fədakarlığını göstərən film çəkməli, peşəkarlar çağırılmalı, dünyaya nümayiş olunmalıdır. Bu və digər məsələlərlə bağlı suallarımızı yazıçı-deputat cavablandırıb. Onun "Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Aqil müəllim, nazirlik sizin ssenarini qəbul etməyib. Necə deyərlər, görəsən, "Rüstəm bəy Məşədi İbadın nəyini bəyənməyib”?

- Vallah, məni çağırdılar, dedilər ki, aprel döyüşləri barəsində ssenari yaz. Mən də canla-başla qəbul elədim, bir ssenari yazdım. İndi deyirlər ki, ssenari qəbul edilməyib. Səbəbi də belə olub ki, "Dolu” romanı ilə üst-üstə düşüb, guya ona oxşayıb. Ona görə də bəyənməyiblər. Düzü, mən Mədəniyyət Nazirliyinə yox, Müşviq Hətəmova ssenarini vermişəm. O da ssenari ilə tanış olanda bəyənmişdi. Ola bilər ki, zəif alınıb, xoşlarına gəlməyib, fərqli bir ssenari gözləyiblər. Mən indi özümü tərifləyə bilmərəm ki, Aqil Abbasın ssenarisi əvəzolunmaz idi, bundan yaxşısını yazan olmaz və s. ilaxır. Hər kəsin baxışı, fikri ola bilər. Ona görə də canları sağ olsun, mən bir söz deyə bilmərəm. Təki film çəkilsin, bəyənilsin, səs-küy salsın.

- Sizin bu ssenari doğrudan da "Dolu”nu təkrarlayırdı?

- Qətiyyən təkrarçılıq olmayıb. Nazirlikdə münsiflər heyəti var, onlar ssenarilərlə tanış olurlar, seçim edirlər. Əsas da Cəmil Quliyevdir. Mən kimdənsə küsmürəm, heç buna haqqım da yoxdur. Elə bir şərt yoxdur ki, mütləq mənim ssenarim qəbul olunmalıydı, heç kəsi qınaya bilmərəm ssenarim niyə qəbul olunmayıb. Sadəcə, "Dolu”nu yazan aprel döyüşləri haqda zəif ssenari yazmaz! Mən əsərin üzərində əziyyət çəkmişəm, böyük bir ürək qoymuşam, heç bir oxşarlıq olmayıb. İndi mətnlərlə tanışlıq davam edir, bir seçim edəcəklər. İndi mənim ssenarim olmadı, başqasının mətni qəbul edildi, fərq eləməz, əsas budur ki, aprel döyüşləri ilə bağlı film ya çəkiləcək, ya da çəkiləcək.

İntəhası, bizdə problem başqadır. Rusiyada filmləri iş adamlarına çəkdirirlər. Biznes adamları kino sənayesinə yaxşı maliyyə qoyurlar. Bu, Türkiyədə də, başqa ölkələrdə də var. Azərbaycanda kifayət qədər iş adamı var, kinoya vəsait ayırmaq imkanları mövcuddur. Vətənpərvərlik, müharibə haqda, tarixi şəxsiyyətlər barəsində filmlər çəkmirlər. Amma gedirlər ucuz, bayağı, şou xarakterli filmlərə maya qoyurlar, çəkilişinə dəstək verirlər. Bizdə gərək iş adamları müharibə, tarix haqqında filmləri çəkməyə kömək eləsinlər. Eyni zamanda Müdafiə Nazirliyi hərbi filmlər çəkə bilər. Kifayət qədər yaxşı mətnlər, ssenarilər var, nazirliyin də maliyyə imkanları daxilindədir. Yəni həmin filmləri araya-ərsəyə gətirməyə elə böyük bir pul tələb olunmur.

"Guya təkrarçılıq olub, ”Dolu"nu yazan aprel döyüşləri haqda zəif ssenari yazmaz!"

- Aqil müəllim, amma deyirlər ki, "Dolu” uğurlu alınıb...

- Azərbaycanda döyüş filmləri çoxdur. Amma "Dolu” onlar hamısından fərqləndi. Bu filmi Aqil Abbas yox, rejissor Elxan Cəfərov çəkib. Elə bilirəm ki, aprel müharibəsi barədə kinonu da Elxan yaxşı çəkə bilər. "Dolu”nun əvəzi olmayıb, olmayacaq.

Çünki döyüşlərin içində olmuşam, o ağrı-acıları keçirmişəm, mənim Qarabağda nəslim qırılıb. Düşmənin xislətinə də bələdəm, o dövrün hadisələrinin şahidiyəm. Sizcə, bu müsibətləri yaşayan bir yazıçı necə bir roman yazmalıydı?! Müharibəni görmüş, əzizlərini döyüşlərdə itirmiş, şəhid vermiş yazıçının qələmindən çıxan mətn fərqlənməlidir.

- Sizcə, biz aprel savaşı haqda kino çəkməkdə gecikməmişik?

- Mən ssenarini indi yazmamışam axı... Müharibədən sonra məndən ssenari istədilər, mən də yazdım verdim. Amma ermənilər bizdən qabağa düşüblər, artıq çəkiblər, dünyaya göstərməyə hazırlaşırlar. Çünki onlar "kasıb” adamlardır. Yaxşı, Aqil Abbasın ssenarisi pis idi, zəif alınmışdı, olsun, gedərdilər Ramiz Fətəliyevə deyərdilər, o yazardı. Həmçinin başqa gözəl ssenaristlər var, onlara tapşırardılar. Bu hadisələrdən üç il keçib. İndi soruşursan ki, biz niyə ermənilərdən gec qalmışıq. Həmişə belə olub da, biz həmişə ermənilərdən gec qalmışıq. Xoşumuza gəlməsə də, gərək bunu deyəsən.

- Niyə onlar alman aktyor Rixard Zammeli, Nina Krongyaeri, Rusiya Milli Filarmonik Orkestrinin baş dirijoru Vladimir Spivakovun qızı Tatyana Spivakovanı aprel filminə çəkirlər, biz xaricdən dəvət etmirik?

- Əvvəla, "Dolu” filmindəki aktyorlar xarici aktyorlardan da güclüdür. Rəhmətlik Fuad Poladov, Məmməd Səfa, Şamil Süleymanov kimi aktyorlar rol alıblar. İkincisi, biz də dünyanın hər yerindən aktyor gətirə bilərik. Pulun varsa, get, gətir. Məsələn, qazaxlar 17 seriyalı bir film çəkdilər, xaricdən aktyorlar gətirdilər. Bizdə də "Xoca”ya türk aktyor dəvət eləmişdilər.

- Ermənilərin aprel döyüşü haqda filmi Los-Ancelesdə, Parisdə, Moskva nümayiş olunacaq. Biz nə vaxt Avropaya film çıxaracağıq?

- Bizim "Dolu” filmi heç yerə aparılmadı. Dedilər ki, xarici festivallar müharibə istəmir. Amma Türkiyənin şəhərlərində filmin nümayişləri keçirilib. Moskvada, Sankt-Peterburqda səfir Polad Bülbüloğlunun təqdimatı ilə "Dolu” nümayiş olunub. Macarıstanda səfir Vilayət Quliyevin təqdimatı ilə göstərilib, Gürcüstanda SOCAR tərəfindən film göstərilib. Amma film festivallarına getmədi, döyüş səhnələri olan kino istəmədilər. Gəl gör ki, ermənilər böyük şəhərlərdə öz kinosunu nümayiş etdirəcəklər. Çünki xristiandırlar, ruslar, çexlər, almanlar filmin çəkilişinə maliyyə dəstəyi veriblər. Bizdə hansı türk aktyor gəlib aprel müharibəsi haqda filmdə pulsuz, qonorarsız oynayar? Sözümü qəribçiliyə salmasınlar, amma reallıqdır...

Emil SALAMOĞLU,
"Yeni Müsavat”