adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Avqust 2019 17:47
44191
ƏDƏBİYYAT
A- A+

Xatirə - Mayis Səlim yazır

(hekayə)

O günü yaxşı xatırlayıram...

Yaşımın bu çağında, saç-saqqalımın ağaran vaxtında hər şey indicə baş verirmiş kimi gözlərimin qarşısındadır...

Avqustun son günlərindən biri idi. Səhər tezdən ailəlikcə doqqaza, həyət qapısının qarşısına yığışmışdıq. Günəş dağların arxasından təzəcə boylanırdı, ancaq indidən bilinirdi ki, hava yenə bərk isti olacaq. Mən Bakıya – institutda oxumağa gedirdim, atam, anam, məndən balaca bacım və qardaşım isə məni yola salırdılar. Yaxın qonşularımızdan da bir neçəsi qapıya çıxmışdı.

Kənd məktəbini əla qiymətlərlə bitirmişdirm, hamının gözlədiyi kimi, imtahanlardan da yüksək qiymətlər alıb istədiyim ali məktəbə qəbul olunmuşdum. Qəbul imtahanlarının nəticələri bilinəndən sonra bir-iki gün də Bakıda ləngimiş, tələbə biletini və qiymət kitabçasını alıb evə qayıtmışdım. Evimizdə toy-bayram idi. Pərvanə kimi başıma dolanırdılar. İsti yay günlərində bir ay Bakıda kirayə qaldığım evdə gecə-gündüz əziyyətə qatlaşıb imtahanlara hazırlaşmışdım, günlərimi yarıac-yarıtox keçirmişdim. Bir yandan da imtahanların zəhmi, qəbul olunmamaq qorxusu... Elə günə düşmüşdüm ki, çörək yeyəndə anam məni körpə uşaq kimi dilə tuturdu:

- Can, can, ay oğul, gör necə arıqlamısan. Ürəkli ye, bala, bir az özünə gəl, sabah-birisigün gedəcəksən, yenə qalacaqsan öz umuduna.

Sonra da əllərini göyə qaldırırdı:

-Şükür sənə, ay Allah, balamın əziyyəti puç olmadı, bizim də arzumuzu gözümüzdə qoymadın.

Onu da deyim ki, ali məktəbə qəbul olunmağım haqqında sənədlərimi alıb kəndə qayıdanda həyətimizdə qurban kəsilmişdi. Anam ertəsi gün səhər tezdən məni kəndimizdən bir qədər aralıda yerləşən ziyarətə aparmışdı, oraya nəzir qoymuşduq.

Hər axşam qohum-qonşudan evimizə gözaydınlığına gələnlər olurdu. Həyətdəki iri tut ağacının kölgəsində salınmış palazın üstündə samovar çayı içilir, bir az gec qalanların qabağına qurban ətindən bişirilmiş yeməklərdən də qoyulurdu.

Hamı dağılandan, əl-ayaq çəkiləndən sonra özümüz də süfrə ətrafına yığışırdıq. Bir dəfə yenə süfrə arxasında oturduğumuz zaman atam üzünü mənə tərəf tutdu:

-Sağ ol, ay oğul, üzümüzü ağ elədin. Gün o gün olsun ki, institutu qurtarasan, diplomunu alıb gələsən. Bax, inşallah, bir qurban da onda kəsərik, - dedi.

Anam da həmişəki adəti üzrə yenə əllərini göyə açaraq:

-Amin, a kişi, Allah ağzından eşitsin! – deyərək dua elədi.

Günlərimi, demək olar ki, evdə keçirir, istirahət edirdim, böyükdən-kiçiyə hamı qulluğumda dururdu. Arada kənd içinə də çıxır, tay-tuşlarımla görüşür, söhbətləşirdim. Ata-anamın etirazlarına baxmayaraq, bir gün uşaqlara qoşulub kəndimizdən bir qədər aralıdakı təpəlikdən böyürtkən yığmağa da getmişdim. Anam gətirdiyim böyürtkəndən bişirdiyi mürəbbəni şüşə qablara yığanda üzünü mənə tutub demişdi:

-Bax, bu mürəbbələri qışda sənə göndərəcəyəm, çaya qarışdırıb içərsən, azar-bezar da səndən uzaq olar.

Mən zarafat eləmişdim:

-Ay ana, bu qədər mürəbbəni bir qışa necə qurtaracağam?

Anam da əlüstü:

-Tək olmayacaqsan ki, ay oğul, hər halda otaq yodaşların da olacaq,-deyə cavab vermişdi.

Bir dəfə qardaşımı, bacımı yanıma çağırıb, yaşıma yaraşmayan ciddiyyətlə kişi-kişi onlara öyüd-nəsihət də vermişdim:

- Ata-anamızın sözünə qulaq asın, dərslərinizə möhkəm çalışın ha!

Sonra üzümü qardaşıma tutaraq:

-Daha nə qalıb ki, ay Adil, gələn il də sən məktəbi qurtarırsan. Qış tətilində səni Bakıya aparacağam, girmək istədiyin institutu da qabaqcadan görərsən, - demişdim.

Bacım küskünlüklə mənə sığınıb:

-Qaqaş, bəs məni aparmayacaqsan?-deyə ağlamsınmışdı.

Adil ona təpinmişdi:

-Hələ sənin məktəbi qurtarmağına dörd il var, hara tələsirsən?

Mən isə tez bacımın könlünü almışdım:

-Aparacağam, niyə aparmıram ki? Dənizi də göstərəcəyəm sizə. Qız qalasına da çıxacağıq.

Bir görəydiniz, onda sevincdən bacımın gözləri necə alışıb-yanırdı!

Arada atam məni rayon mərkəzinə aparıb təzə pal-paltar, ayaqqabı, hətta qol saatı da almışdı. İmtahana gedəndə atam öz saatını mənə verib demişdi:

-Al bu saatı, bağla qoluna, burda mənim nəyimə lazımdır ki? İnşaallah instituta girərsən, istəsən, qaytararsan, sənə təzəsini alarıq.

Kəndə qayıdanda saat qolumda deyildi, onu itirmişdim. Düzü, utandığımdan evdəkilərə belə demişdim, əslində saatı əlimdən almışdılar.

... Sənədlərimi institutdan alıb kirayə qaldığım evə qayıtmışdım. Kəndə səhər tezdən yola düşəcəkdim. Ona görə də axşam hava bir az sərinləyən kimi şəhərə gəzməyə çıxdım. Gəzə-gəzə dəniz kənarına gəldim, bulvarda elə şəstlə addımlayırdım ki, sanki bütün alçaq dağları mən yaratmışam. Forsumdan yerə-göyə sığmırdım.

Artıq hava qaralmışdı, saatıma baxdım. Gec idi. Evə qayıtmaq üçün avtobusa mindim. Mənə lazım olan dayanacaqda düşüb, yolu keçdim, kəsə olsun deyə, parkın içi ilə getməyi qərara aldım. Yolu yarı eləmişdim ki, qabağımda iki oğlan gördüm, uzun saçları vardı, damaqlarında siqaret tüstüləyirdi. Əhəmiyyət vermədən ötüb keçmək istədim. Oğlanlardan biri qolumdan tutdu, o biri isə hırıldaya-hırıldaya:

-Hara tələsirsən, alə?-dedi. Sonra yaxına gəlib qarnıma bir dürtmə vurdu,-Sakit ol, səsini çıxartma, bildin? Yoxsa...-Bunu deyib sağ əlini yuxarı qaldırdı. Əlindəki bıçağı görəndə əlim-qolum boşaldı.Başa düşdüm ki, bunlar əmim oğlu deyən şəhər xuliqanlarıdır. O, hələ kənddə olanda mənə belə şeylər haqqında danışmış, bərk-bərk tapşırmışdı ki, axşamlar şəhərə tək çıxmayım, xəlvət yerlərdən keçməyim. Düzü, bərk qorxmuşdum, ayaqlarım əsirdi. Zəif bir səslə dilləndim:

-Nə istəyirsiniz? Buraxın gedim, mənimlə nə işiniz var?

Qolumdan tutan oğlan astadan:

-Bax, ağıllı ol, bizi incitmə, biz də səni incitmərik. Cibində olan pulları ver, sonra çıx get. Səs-küy salmaq istəsən, sənə pis olar ha!

Özümü itirmişdim, amma bilirdim ki, əl çəkən deyillər, ətrafda da ins-cins görünmürdü. Başqa çarəm yox idi, onsuz da cibimdə pul çox deyildi, qalanını evdə qoymuşdum. Xuliqanlar pulun azlığını görüb şübhələnmişdilər, ona görə də bütün ciblərimi eşələdilər, heç nə tapmayıb əl çəkdilər. Amma gedərkən qolumdan atamın saatını da açıb apardılar...

...Avqust ayının necə başa çatdığını heç hiss eləmədim, bir də gördüm ki, budur, hamı yığışıb məni Bakıya yola salır. Bir azdan kəndçimiz Qafar dayı öz " Volqa”sı ilə gəlib məni də götürəcəkdi. Qafar dayının oğlu və bacısı qızı da institutda oxuyurdular, onları Bakıya özü aparırdı. Atamın xahişi ilə məni də özləri ilə götürəcəkdilər.

Kəndin yuxarısından Qafar dayının maşınının gəldiyini görüb, məni yola salanlarla salamatlaşıb-sağollaşmağa başladım. Bacım boynumu qucaqlayıb məni bir neçə dəfə öpdü. Anam tez onun əlindən tutub kənara çəkdi:

-Bəsdir, ay qız, uşağın ətini tökmə.

Anam belə deyəndə səsinin titrədiyini hiss etdim. Atam isə bir tərəfdə durub qürurla ətrafımıza toplaşanlara baxırdı. Zarafat deyildi, traktorçu Zahid də daha tələbə atası idi!

Məni yola salanlar arasında itimiz Sarı da vardı. Uşaqlıqdan onun qayğısına həmişə mən qalırdım. Qoyun otarmağa gedəndə daim yanımda olardı. Sarı nə isə anlayıbmış kimi məndən əl çəkmir, böyür-başıma keçir, tez-tez ayaqlarıma sürtünürdü. Allahın heyvanı elə bil nəsə hiss eləmişdi.Əyilib əllərimi onun boyun-boğazında gəzdirdim, üzümü Adilə tutub:

-Bax, Adil, Sarını sənə tapşırıram,-dedim.-Gözün üstündə olsun.

Adil əminliklə məni arxayın elədi:

-Narahat olma, qaqaş, ona səndən də yaxşı baxacağam,- deyib o da itin belini tumarladı. Onun sözünə gülüşdük, sanki Sarı da bu söhbəti başa düşmüşdü, arxayınlıqla bizdən ayrılıb, quyruğunu bulaya-bulaya həyətə keçdi.

...O qızmar avqust gününün səhəri mən Bakıya gedirdim - tələbə olacaqdım. Qarşıda isə məni yeni, maraqlı bir həyat – tələbəlik həyatı, indi mənə əsrarəngiz görünən şəhər həyatı gözləyirdi...

Mayis Səlim,

Şəki,

2017.