adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BU, DÖVLƏT BAYRAğIDIR, CEHiZ XALçASI DEYiL

AQİL ABBAS
30772 | 2010-05-28 04:41
Bu gün millətimiz üçün ən müqəddəs bir gündür - İstiqlaliyyət günüdür. Bir daha enməyəcək Müqəddəs Bayrağımızın göylərə ucaldığı gündür. Milyonlarla insan yüz illər bu günün həsrətilə yaşayıblar, amma görə bilməyiblər. Milyonlarla insan Müqəddəs Bayrağımızı görmək həsrətilə yaşayıblar, görə bilməyiblər. Bu günün uğrunda mübarizə aparıblar, amma arzularına qovuşa bilməyiblər. Biz bu millətin ən xoşbəxt övladlarıyıq ki, bu günü gördük və bu günün içində yaşayırıq. Və nə qədər xoşbəxt olduğumuzun fərqində deyilik.
   
   Bir dostum general rütbəsi alarkən onu təbrik edən bir yaxınına deyir ki, mən 9 milyonluq bir xalqın generalıyam. O da belə bir söz deyir:
   
   - Sən səhv eləyirsən. İndiyədək yüz milyonlarla azərbaycanlı gəlib keçib bu dünyadan. Sən qiymətini yaxşı bilmirsən. Sən yüz milyonlarla bir xalqın generalısan.
   
   İndi biz də bu günün qiymətini elə bil ki, bilmirik. Yüz milyonlarla azərbaycanlı gəlib keçib bu dünyadan və biz onların ən xoşbəxtiyik ki, bu günü yaşayırıq.
   
   Mən bir neçə dəfə bu mövzuya toxunmuşam. Amma yenə toxunmaq zorundayam. Çünki nə qədər deyirsən, nə qədər yazırsan hələ də bir çox insanları qandıra bilmirsən. Deyəsən, elə nəsnələr var ki, onu bu millətə döyə-döyə başa salmaq lazımdır, ayrı çarəsi yoxdur.
   
   1918-ci ildə xalqımız üçün ən müqəddəs olan bir gündə müqəddəs Azərbaycan Bayrağı qaldırıldı. Məmməd Əmin Rəsulzadənin təbirincə desək, bir daha enməyəcək Bayrağımız qaldırıldı. Ərəb işğalından tutmuş bu günə qədər milyonlarla insanın, milyonlarla şəhidin qanına boyanmış bir Bayraq!
   
   Biz ata-analarımızın, ağsaqqal və ağbirçəklərimizin əllərindən öpərik, bizlər üçün əziz olduqlarına görə və başımız üstündə yeri olduqlarına görə. Bir müsəlman kimi "Quran"ı öpərik, özü də təkcə dodaqlarımızla yox, həm də gözlərimizlə öpərik, Tanrının insanlığa göndərdiyi sonuncu müqəddəs kitab olduğuna görə. (Hər bir müsəlman "Quran"ı öpdüyü kimi "Zəbur"u da, "Tövrat"ı da, "İncil"i də öpər, çünki hamısı Tanrının göndərdiyi kitablardı). Və bir də Bayrağımızı öpərik, həm dodaqlarımızla, həm də göz üstünə qoyub gözlərimizlə. Heç nəyə əyilməyən əsgər, heç nəyin önündə diz çökməyən əsgər Bayrağının önündə diz çökər. Heç nəyə əyilməyən prezident, heç nəyə və heç kimin önündə diz çökməyən prezident Bayrağının önündə diz çöküb öpər. Və heç nəyə əyilməyən millət, heç kimin önündə diz çökməyən millət Bayrağının önündə əyilər, Bayrağının önündə diz çökər və Bayrağını öpər.
   
   Çox qəribədi. Azərbaycan Bayrağı üçrənglidi. Göy rəng - çağdaşlığın və türkçülüyün rəmzidir. Qırmızı rəng - milyonlarla şəhidin o Bayrağa hopmuş qanının rəngidir. Yaşıl rəng də dinimizin, İslamın rəngidir. Bayaq söylədim, ata-analarımızın, ağsaqqal və ağbirçəklərimizin əlini öpərik, "Quran"ı öpərik və bir də şəhidlərimizin al qanının önündə diz çöküb yaralarını öpərik. Bu Bayraqda bunların hamısı var. Bəlkə də dünyada bundan da müqəddəs Bayraq tanımıram. Bəlkə də, elə bəlkəsiz.
   
   Kimsə deyə bilər ki, 1918-ci ildə qalxan Bayraq endi. Qətiyyən. O bayraqları ürəklərimizdə daşıdıq, ruhumuzda daşıdıq. "Quran"ı nənələrimizin yaylığına büküb əzizlədiyimiz kimi o Bayrağı da nənələrimizin yaylığına büküb gizlədib, qoruyub, saxladıq.
   
   1988-ci ildə o bayraqları gizlindən çıxartdıq və meydanlara daşıdıq. Üçrəngli Bayrağımız ilk dəfə Azadlıq meydanında dalğalananda o milyonların göz yaşlarını unutmaq olarmı?!
   
   1993-cü ildə azıb gedib çıxmışdım Nyu-Yorka. BMT-nin önündə Azərbaycan Bayrağını görəndə diz çöküb Bayrağımızın dalğalandığı dirəyi bağrıma basıb hönkür-hönkür ağladım. Dostlar hamısı yığışdı başıma ki, nə olub, niyə ağlayıram. Mən hıçqıra-hıçqıra əlimlə yuxarı, Bayrağı göstərdim.
   
   Mehmet Akif Ərsöy yazır:
   
   
   
   Göylərin sinəsindəki o al sancaq,
   
   O benimdir, o benimdir,
   
   O benim milletimindir ancaq!
   
   
   
   Bəli, o dalğalanan Bayraq benim idi, benim idi, benim millətimin idi.
   
   Və gələk məsələyə. Məsələyə gələnə qədər yazdıqlarım da ondan ötəri idi ki (hələ Bayraqla bağlı duyğularımın yüzdə birini yazdım), Bayrağımıza sayğısızlıq göstərənlər bir ayılsınlar və bilsinlər Bayraq nədi.
   
   Böyük tədbirlər keçirilir, özü də bunların bir çoxu böyük dövlət tədbirləridi, dövlətin ən ali qurumlarının keçirdikləri tədbirlərdi. Baxıb görürsən ki, Bayrağı tərsinə asıblar. Hətta Müdafiə Nazirliyinin keçirtdiyi bəzi tədbirlərdə belə Bayrağın tərsinə asıldığının şahidi olmuşam. Bir çox dükan və iş yerlərində də Bayrağın tərsinə asıldığının şahidi oluruq. Deyək ki, bu həmin adamların bilməzliyindən irəli gəlir. Bəs dövlət qurumlarında necə?
   
   Möhtərəm prezidentimiz İlham Əliyev Dövlət Bayrağımız haqqında ayrıca bir qanun imzalayıb. Bu qanuna əməl etməyənlər cəzalandırılmalıdır!
   
   Lap bu günlərdə "Xəzər-Lənkəran"la "Bakı" komandaları arasında Kubok oyununda stadionda iki möhtəşəm Bayraq asılmışdı, ikisi də tərsinə. Bu Bayrağı asanlar bu millətin övladları deyil? Onlar bilmirlər Bayraq necə asılmalıdır? Qardaşım, bilmirsənsə heç olmasa əlini vurub Bayrağı murdarlama.
   
   Bu cehiz xalçası deyil, istədiyin kimi asasan və istədiyin yerdə asasan. Bu 50 milyonluq bir millətin Bayrağıdır.
   
   Birinci göy rəng gəlir, ikinci qırmızı, üçüncü yaşıl!
   
   Birinci yaşıl gəlmir, ay nə bilim kim!
   
   Dövlət atributlarını qoruyan qurumlarımız var, mən həmin qurumlara sözümü deyirəm ki, bu məsələyə diqqətlə yanaşsınlar, Bayrağımıza sayğısızlıq göstərənləri cəzalandırsınlar.
   
   Yadınızdadırsa, ötən il İranda Azərbaycan Bayrağını tərsinə asmışdılar. Vay dədəm vay, bütün millət ayağa qalxmışdı. Qəzetlər, televizyonlar az qala bir ay İranı topa tutdu. Bir çox qəzetlər İran bayrağını tərsinə dərc elədi. Amma sonra dərhal yığışdırdılar. Çünki orda "Allah" sözü vardı, o sözə hörmət elədilər. Mən İran bayrağını tərsinə dərc eləmədim. Çünki o da bir millətin bayrağıdır və hörmət eləməliyik. Mən sadəcə olaraq İranın prezidentinin şəklini tərsinə çap elədim.
   
   Bəli, İran Bayrağımızı tərs asanda ayağa qalxmışdıq. Bəs özümüz Bayrağımızı tərs asanda niyə əhəmiyyət vermirik? 25 min insanın önündə bayraqlarımız tərsinə asılmışdı, amma heç kim əhəmiyyət vermədi. Bəlkə Bayraq bizim üçün adiləşib, əşyalaşıb? Heç olmasa Tanrıdan qorxmasanız da o Bayrağın üstündəki şəhid qanından qorxun.
   
   Bayrağı Bayraq edən təkcə üstündəki qan deyil, həm də o Bayrağı gələcəyə daşıyan millətdir.

TƏQVİM / ARXİV