adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Avqust 2019 14:58
18836
MƏMLƏKƏT
A- A+

Sərraf Balaxan: Bir vaxtların kənd toyları

Kəndimizdə (Biləsuvar rayonu, Aşağı Cürəli kəndi) təqribən 10 əvvələ kimi davam edən həyət toylarından bir-iki gün öncə baş verənlərlə bağlı qeydlər:

- dəvətnamələri qonşudakı savadlı şagirdlər yazar, dəcəllər paylardı;
- qonşulardakı xalçalar, kilimlər, palazlar toy olan həyətə daşınardı;
- qonşulardan mizüstü klyonkalar, stəkanlar, boşqablar, qaşıqlar, çəngəllər toy evinə daşınardı. Toydan sonra qarışıq düşməsin deyə hamısının arxasına evin xanımının adının baş hərfi dırnaq lakı ilə yazılardı. Bizimkilərin hamısına "Ə" (Əsli - anam) yazılardı.
- toyxana tikilib hazır olandan sonra "toyxanaüstü" adlanan mərasim başlayrdı, qonşu qadınlar hərəsi əlində 2 metr qırmızı parça gətirib bağlayardılar toyxanaya;
- toyxanaüstünə gələnlər və toyxananın qurulmasında iştirak edən uşaqlar, cavanlar üçün "ciyəraxşamı" olurdu;
- toy başlayan gün toyxananın aşıqların stoluna tərəfdə olan orta dirəyinə meyvə ağacının üstündə meyvə olan bir budağını qırıb bağlayardılar;
- gəlingətirməyə gedəndə bəyin atası mütləq gəlin maşınında qabaqda şoferin yanında oturmalı idi;
- maşının qabağını yanına duz, çörək və güzgü qoyulmuş iplə və ya əl-ələ tutmaqla kəsib bəyin atasından pul alardılar;
- bəyin adamları gəlini gətirdikləri evdən mütləq elə də dəyərli olmayan əşya və ya toyuq-cücə oğurlayardılar;
- gəlin həyətə gətiriləndə maşından düşərkən başına konfet səpərdilər;
- gəlini evə qoyandan sonra bəyin atası yemək qazanlarının yanına gələrdi, "qazanaçdı" deyə bir iş vardı, yemək bişirənlərə pul verib qazanların ağzın açdırardı;
- birici yemək aşıqlara verilərdi, yeməklərini yeyib toyxanaya qayıdar və toy başlayardı...
... ta bundan sonrası elə sonraya qalsın.