Əbülfət Mədətoğlundan yeni şeir: BİR AZ DA...
Gecəni kipriklə qor qarışdırdım
Gəzdim . tapammadım gor . qarışdırdım...
Elə əl havası - tor qarışdırdım -
Çıxmağa utandım ruhlar üzünə
Bir az da möhkəm dur , dönüm gözünə!
Sinəmdə göynərti anba an artır
Xoşbəxt o kəsdir ki, ürəkdə yatır!
Bəllidi Ay doğur, Günəş də batır -
Hər gün də su damır ümid közünə...
Bir az da möhkəm dur , dönüm gözünə!
Gücünü toparla , qırılsın yedək
Hərəmiz üz tutub , düz səmtə gedək...
Tuğda, Kəlbəcərdə ibadət edək -
Sözün Allahına, sözün özünə
Bir az da möhkəm dur, dönüm gözünə!
Nə vaxtsa olacaq elin vüsalı
Öpülən dodağın, telin vüsalı...
Qələbə! - adlanan selin vüsalı -
Təpər gətirəcək yorğun dizinə
Bir az da möhkəm dur, dönüm gözünə!