adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Avqust 2019 18:04
32638
DÜNYA
A- A+

Bu ölkədə hicab qadağası müəllimlərə də şamil olunacaq

Avstriyada parlament seçkiləri yaxınlaşdıqca siyasi partiyalar öz seçki platformalarını təqdim edir, seçki kampaniyası çərçivəsində müxtəlif vədlər verir və hər bir partiya öz elektoratının maraqlarına uyğun bəyanatlar səsləndirir.

Adalet.az AZƏRTAC-a istinadən bildirir ki, Avstriya Xalq Partiyası (ÖVP) yeni təkliflə çıxış edib. Adətən sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) siyasi kursunu əks etdirən mövzulardan birinə müraciət edən mühafizəkarlar təhsil müəssisələrində hicab qadağasının müəllimlərə də şamil olunmasını tələb ediblər.

Qeyd edilməlidir ki, bu iki partiyanın birgə hakimiyyəti dövründə (firuzəyi-mavi koalisiya) uşaq bağçaları və orta məktəblərdə hicab qadağası rəsmiləşdirilib. FPÖ isə bu məsələdə bir addım daha irəli gedərək qadağanın aid olduğu çevrəni genişləndirməyə (yuxarı sinif şagirdləri, müəllimlər və ali təhsil ocaqları) çalışırdı. İndi ÖVP də özünün seçki proqramında Azadlıq Partiyasının bu tələbini əks etdirir.

ÖVP nümayəndələrinin sözlərinə görə, hicab şagirdlərə siyasi təsir göstərə biləcək nümayişkaranə bir simvoldur. Çünki müəllimələr hicab bağladıqları zaman "dolayısı ilə dövlətin neytrallığını sual altına alır və qadının Qərb cəmiyyətində malik olduğu statusun mövcud olmadığı fərqli bir sosial sistemi təbliğ edirlər". Orta məktəb şagirdləri üçün də bu qadağa tətbiq edilməlidir, çünki qızlar ancaq 14 yaşında dini həddi-buluğa çatmış hesab olunur və özləri sərbəst qərar verə bilirlər.

Bundan əlavə, ÖVP İslam dini haqqında dərsliklərin məzmununu da yoxlamaq istəyir. Qeyd edək ki, hazırda dərs materialları dövlət nəzarətində deyil. ÖVP-nin təbirincə, məktəb din tədrisinə xüsusi nəzarət etməlidir. Din dərsinə girməyən şagirdlər üçün isə təcili olaraq etika dərsləri tətbiq edilməlidir.

Firuzəyi-mavi hökumət hakimiyyətdə olduğu dövrdə (dekabr 2017-may 2019) artıq iki hicab qadağasını qanuniləşdirib: 2018-ci ilin noyabrında uşaq bağçaları üçün, 2019-cu ilin may ayında isə ibtidai məktəblər üçün belə bir qanun qəbul edilib. Lakin qanun yəhudi təsəyi və siqh çalmaları qadağan etmədiyi üçün diskriminasiyaya yol verilməsi barədə mətbuatda çoxsaylı xəbərlər yer alıb, cəmiyyətdə etirazlar yaranıb. İnanclı müsəlman ictimaiyyəti yalnız ÖVP ilə FPÖ-nün dəstəklədiyi bu qərarın Konstitusiya Məhkəməsinə çıxarılmalı olduğunu da bəyan edib.

Ekspertlər ÖVP-nin yeni tələbinin seçki prosesində islamofob və antimiqrant elektoratın rəğbətinə hesablandığı qənaətindədirlər.