adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Avqust 2019 16:35
8979
GÜNDƏM
A- A+

Azərbaycanda 21 vəzifəli şəxs cərimələnib

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Nazirliyin məlumatına əsasən, 2019-cu ilin birinci yarısında dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda, bir neçə şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilmiş 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər prokurorluq orqanlarına göndərilib.

Eyni zamanda, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda aparılmış yoxlamalarla 5440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.