adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Avqust 2019 10:04
9961
GÜNDƏM
A- A+

AZƏRBAYCANIN BİRİNCİ XANIMI

Azərbaycan tarixini gözdən keçirəndə diqqəti çəkən məqamlardan biri də ölkənin nüfuzlu xanımları olub. Bu xanımlar həm tarixi şəxsiyyət kimi, həm sənət, söz, incəsənət xadimləri kimi, həm döyüşçü, cəngavər kimi, həm də sədaqətli ömür-gün yoldaşları kimi millətə təkcə şərəf vermir, həm də nur bəxş edir. Bir vətəndaş olaraq oturub düşünürsən və düşünə-düşünə də gözünün önündən keçirirsən... Dədə Qorquddan üzü bəri yol gəlirsən... Burla Xatunu, Sara Xatunu, Nüşabə xanımı, Mömünə Xatunu, Məhsəti xanımı, Natəvan xanımı,... Və hələ böyük ədəbiyyatda böyük simalardan biri olan Tomrisi... düşünürsən. Sonra da görürsən ki, bu sıra zaman-zaman yenilənir... bu cərgə zaman-zaman şərafətlənir...bu düzən illərlə öz davamlılığını zənginləşdirir...

Bəli, bu, tarixin bir anına ötəri baxışdır... bu, tarixin yaddaşına atüstü səfərdir... həm də bu, tarixin özünü silkələyib kimlərəsə onun səsini eşitdirməkdir. Yəni hay-küy salmadan, çığır-bağır etmədən bir xalq, bir dövlət olaraq "aslanın erkəyi, dişisi olmaz” prinsipinin dönməzliyini qoruyub saxlamışıq. Özü də bunu kiməsə göstərmək üçün yox, sadəcə bunu görüb dərk etmək üçün xatırlatmışıq. Deməli, bu suyun başlanğıcı minilliklərdən axıb gəlirsə, onun qarşısını kimsə kəsib dayandıra bilməz. Bu, tarixin təkrarı, həm də davamı deməkdir. Deməli, bir gün öncə, yəni avqust ayının 26-da Onun doğum günü idi. 1964-cü il avqust ayının 26-da dünyaya gəlib. Özü də bu təkcə adi doğum günü yox, həm də yubiley rəqəmidir. Qoşa beşlərin sırası həm də bir xanımın keçdiyi həyat yolunun zaman-zaman uğurlara imza atmasının ifadəsidir. Ona görə də bu imza sahibinin keçdiyi yolu bir anlıq özümüz üçün təkrarlayaq...

Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti olana qədər Azərbaycanın ictimai-siyasi həyatında çox böyük ilklərə imza atıb. Onun rəhbəri olduğu Heydər Əliyev Fondu Azərbaycanı dünyaya çıxaran, tanıdan böyük güc mərkəzi idi. Bu gün də həmin mərkəz məhz Mehriban xanımın ilklərinə imza atdığı uğurlarını şaxələndirir, genişləndirir. Biz Azərbaycanın Birinci xanımının Pakistanda, Cənubi Afrikada, İtaliyada, Fransada, ABŞ-da, Rusiyada, eləcə də neçə-neçə məmləkətlərdə keçirilən izdihamlı tədbirlərin, bərpa olunan tarixi abidələrin, kimsəsiz uşaqların, məktəblərin, xəstəxanaların... bir sözlə, böyük xeyirxahlıq və millətlərarası yanaşmaya, əməkdaşlığa söykənən tədbirlərin müəllifi olduğunu yaxşı bilirik.

Bu gün Azərbaycanda Mehriban xanım Əliyevanın mədəniyyətimizin ən böyük dayaqlarından olan ədəbiyyata, incəsənətə göstərdiyi qayğını hamı görür və bilir. Sənət adamlarının müalicəsinə, mənzil təminatına, maddi durumunun yaxşılaşdırılmasına yönəlik tədbirlərin müəlliflərindən biri də məhz ölkənin Birinci vitse-prezidentidir. Azərbaycan muğamının yenidən həyata qayıdışının, dünya arenasına çıxışının xeyir-duasını da məhz Mehriban xanım Əliyeva veribdi. Ölkənin müxtəlif ünvanlarında, hətta ən ucqar kəndlərində belə tikilən məktəb, xəstəxana binalarının fəaliyyət vəsiqəsini də Mehriban xanım imzalayıbdı.

Əgər diqqət yetirsəniz böyük bir qaçqın ordusunun sığındığı Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan şərait, salınan qəsəbələr öz sahiblərinə təqdim edilərkən Mehriban xanım həmin insanları necə ürəklə təbrik edib onların qonağı olduğunu görərsiniz. Eləcə də hərbçilərimizə, müharibə veteranlarına, şəhid ailələrinə həssas yanaşmasının özündə belə onun bir xanım lider kimi həm təmkinli, həm də qətiyyətli olduğunu izləmək mümkündür.

Bu gün Bakıda və dünyanın müxtəlif ünvanlarında keçirilən ən mötəbər tədbirlərdə, telekanallarda Mehriban xanımın məzmunlu və əsaslandırılmış çıxışları da onun yüksək intellektinin bir göstəricisidir. Xüsusilə tolerantlıq məsələsində Mehriban xanımın fəaliyyəti birmənalı şəkildə danılmazdır. Vatikanda, Parisdə, Moskvada, elə Bakının özündə onun din xadimləri ilə görüşləri, məsələlərə yanaşması heyrət doğurur. Mehriban xanım Əliyevanın Gəncə İmamzadəsində, Şeyx Nizaminin türbəsində, Bakı kəndliləri ilə görüşlərində ən böyük məscidlərin yenidən qurulmasında, yenilərinin tikilməsində göstərdiyi diqqət və dəstək Onun inanclı insanların hər birinin qəlbini fəth etməsi deməkdir.

Bu gün dünyanın ən böyük, ən diqqətçəkən orden və medallarına, fəxri adlarına layiq görülən, yəni Heydər Əliyev ordenli, Fransa Respublikasının "Fəxri Legion Zabiti”, Rusiyanın, UNESKO-nun, eləcə də bir çox ölkələrin ən nüfuzlu titullarını qazanan Azərbaycanın Birinci vitse-prezidenti həm də ölkənin sıravi vətəndaşlarının ümid yeri, inam yeridir. Heç kəs Ona müraciət etməkdən, Ondan dəstək ummaqdan çəkinmir. Ölkəmizdə hamı bilir ki, Mehriban xanım Əliyeva ölkə prezidentinin ən böyük dayağı olmaqla haqqın, ədalətin yanındadır. O, Azərbaycan üçün, Azərbaycan xalqı üçün cənab prezident İlham Əliyevlə çiyin-çiyinə işləməklə uğurlara yol açır.

Tarixin hər dönəminin öz qəhrəmanı var. Bugünkü tariximizin sevilən, dəstəklənən və inam bəxş edən qəhrəmanı da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Biz də bu ölkənin bir vətəndaşı olaraq Mehriban xanımı doğum günü və yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, həmçinin Azərbaycan naminə daha böyük uğurlar diləyirik. Təbrik edirik, Mehriban xanım!

Əbülfət Mədətoğlu,

Əməkdar jurnalist