adalet.az header logo
  • Bakı 20°C
27 Avqust 2019 10:00
10604
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BAZAR, YOXSA AZAR?

Bizim bazarlarda nə desən tapmaq olar. Təkcə ədalət və insafdan savayı. Və bizim bəzi bazarlarda ta keçmişdən bu günə qədər heç vaxt düzlük və halallıq olmayıb. Bazarın müdiri də, orda uzun illər lövbər salan möhtəkirlər də həmişə çalışıblar ki, camaatı aldatsınlar. Yenə Sovet dönəmində az çox bir qorxu-hürkü, insaf vardı. Amma indi isə əksər bazarlarda it yiyəsini tanımır, yiyəsi də itini. Və o da gün kimi aydındır ki, Bakıda 6-7 "bərkgedən” bazar var, o da kimlərə məxsusdu, bunu çoxları yaxşı bilir. Və bu bazarlarda da həmişə qiymətlər "od tutub yanır”.

Bazarlarda mütəxəssislərin və hətta yüksək vəzifəli məmurların dediyinə inansaq, hər şeyi, yəni qiyməti-filanı bazar özü tənzimləyir. Ona görə də hökumət bu məsələlərə müdaxilə eləmək istəmir. Ancaq xalqın gözü tərəzidir. Camaat isə deyir ki, bazarları qanunlar yox, oliqarxlar tənzimləyir. Onlar kefləri istədiyi vaxt hər hansı məhsulun qiymətini aşağı endirirlər, kefləri istədiyi vaxt da qaldırırlar. Amma ən çox bu millət və bu xalq qiymətin aşağı düşdüyünü yox, qalxdığını görür.

Məsələn, bu günlərdə baş nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimov Bakıdakı "Yaşıl bazar”a baş çəkiblər. "Yaşıl bazar”dakı bəzi kənd təsərrüfatı məhsullarının qiyməti hətta hörmətli baş naziri də təəccübləndirib. Çünki bazarı gəzəndə, baş nazir Əli Əhmədov camaatla söhbət edəndə görüb ki, kartofun bir kiloqramını 2 manata satırlar. Cənab baş nazir bu süni qiymət artımına öz münasibətini bildirib və deyib ki, bir kiloqram kartofun 2 manata satılması çox bahadı və reallığı əks etdirmir. Ona görə də ölkədə hökumət süni qiymət artımının qarşısını almaq üçün tədbirlər həyata keçirməlidir.

Bəli, baş nazirin sözünə qüvvət olaraq demək istəyirik ki, Bakının əksər bazarlarında süni qiymət artımına şərait yaradırlar və buna da hüquq-mühafizə orqanları, İqtisadiyyat Nazirliyi hələ ki, süni qiymət artımına göz yumur. Onlar gözləyirlər ki, cənab prezident İlham Əliyev bu süni qiymət artımına qarşı kəskin reaksiya versin və bundan sonra həmin qurumlar hərəkətə gəlsin. Çünki bir vaxtlar ölkədə yumurtanın qiyməti bir neçə günün içində fantastik dərəcədə qaldırıldı. Cənab prezidentin müdaxiləsindən sonra hüquq-mühafizə orqanları və İqtisadiyyat Nazirliyi tez əl-ayağa düşdü və süni qiymət artımının qarşısı alındı. Çox təəssüf ki, bu gün ölkəmizdə süni qiymət artımı sürətlə davam etməkdədir.

İnanmırsınız, gəlin bazarlarla və eləcə də dövlətin təşkil etdiyi yarmarkalarla rayonlarda olan məhsulun qiymətini müqayisə edək. Bayaq dedik ki, Bakıda 6-7 "bərkgedən” bazar var. Bu ərəfədə onların bir çoxuna baş çəkdik. Biz sadəcə olaraq kartofun, soğanın, pomidorun və qarpızın qiymətlərini nəzərdən keçirdik. Bakı bazarlarında kartof 60 qəpikdən 2 manat civarında, pomidor 50 qəpikdən 1 manat 50 qəpik dəyərində, soğan 40 qəpikdən 1 manat 30 qəpik miqdarında, qarpız 25 qəpikdən 70 qəpik dəyərində satılırdı.

Sözün düzü, buna çox təəccübləndik. Hətta şənbə-bazar günləri Bakıda təşkil olunan yarmarkalarda da qiymətlər göstərdiyimiz səviyyədə idi. Hansı ki, cənab prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış yarmarkalar bazarla müqayisədə ucuzluq yaratmaq üçün təşkil edilib. Ancaq 8-ci Kilometr bazarı yarmarkadan daha ucuzdur. Hətta elə marketlər var ki, orda satılan kənd təsərrüfatı məhsulları sərfəli qiymətədir.

Bax indi görək rayonlarda bu adını çəkdiyimiz məhsulların qiyməti neçəyədir. Sabirabadda 1 kiloqram qarpızı yolun kənarında 5-7 qəpiyə satırlar. Bərdədə, Ağdamda soğanın kiloqramı 20 qəpiyə düşür. Məsələn, bir kisə 35 kiloqramlıq soğanı 6-7 manata satışa çıxarırlar. Pomidorun 1 kiloqramı sahədə 15 qəpik arasındadı. kartofun isə 1 kiloqramı rayonda, konkret olaraq Tovuz və Gədəbəydə 20-30 qəpikdir. Görün bazarla yerlərdəki fərq nə boydadı. Ən azından 7-8 dəfə qiymət artımı var. Bəs süni qiymət artımının qarşının almalı olan qurumlar bunu görmürlərmi? Axı bu qədər də qiymət fərqi olmaz. Biz ayrı-ayrı alverçilərlə söhbət etmişik. Bəziləri deyirlər ki, yolda pulumuz çıxır. Ancaq Xaçmazdan Bakıya pomidor gətirən bir adam deyir ki, and olsun Allaha, yol polisinə bir manat da pul vermirik. Şəxsən mən çox ucuz qiymətə 1 ton pomidor gətirmişəm, onun Yeni Günəşlidə bir yeşiyini 7 manata satmışam. Bir yeşikdə də 32 kiloqram pomidor olur. Deməli, həmin pomidorun kiloqramı 22 qəpiyə düşür. Görünür, belə insaflı satıcılar da var.

Kiloqramı 50 qəpiyə satılan qarpızın sahibindən soruşuruq ki, niyə bunu baha qiymətə satırsınız? Axı çoxları qarpızı 25-30 qəpiyə satışa çıxarır. Həmin satıcı deyir ki, bizim qarpız Sabirabadın qarpızı kimi deyil. Biz onu demiyə torpaqda yetişdirmişik və heç bir dərman verməmişik. Ona görə də belə baha qiymətə satırıq. Məhsulumuzu alanlar görür ki, qarpızımız dadlıdı və gübrə verməmişik, ona görə də gəlib bizdən alırlar.

Nə demək olar, ola bilsin qarpızın keyfiyyətində fərq də olsun. Ancaq tay bu boyda fərq olmaz da. Hələ elə satıcı var ki, qarpızın kiloqramını 70 qəpiyə satışa çıxarır. Reallıq isə bundan ibarətdir ki, bütün məhsullar olmasa da, əksər məhsullar Bakı bazarlarında ilkin qiymətindən 6-7 dəfə baha satışa çıxarılır. Yəni əziyyət çəkən qəpik-quruş qazanır, onun alveri ilə məşğul olan möhtəkirlər isə qaz vurub qazan doldururlar.

Baş nazir göstəriş verib dedi ki, mövsüm vaxtı kiloqramı 2 manata kartof olmaz. Bu süni qiymət artımıdır. İndi görək baş nazirin tapşırığından sonra "Yaşıl bazar”da kartofun qiyməti aşağı düşdümü? Qoy bu suala hər gün o bazara gedib alış-veriş eləyən alıcılar cavab versinlər. Çünki əsl həqiqəti onlar deyə bilərlər. Və bir də deyilənlərə görə, "Yaşıl bazar” da hansısa bir yüksək vəzifəli məmura məxsusdur. O məmurun insafı olsa, qiyməti aşağı saldıracaq, insafı olmasa isə elə kartof o qiymətə satılacaq. Və bir də bizim bazarların hamısı hansısa vəzifəli şəxsə məxsusdur, intəhası onları başqaları işlədir.

Qoy olsun! Kimin bazarı varsa, sağlığına qismət. Və bir də bal tutan barmaq yalayar. Amma kim olursan ol, gərək Allahdan və qanundan qorxasan, insafını, mürvətini itirməyəsən. Allahdan və qanundan qorxmayan insan indi daha çoxdu, onlar millətin dərisini soyub içərisinə də saman təpmək istəyirlər. Bax, bunu axırı heç də yaxşı olmur. Ən azından ona görə ki, Allahın və qanunun cəzası çox ağır olur.