adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

TANRI DEYƏSƏN DAY QƏDiR RüSTƏMOVUN DA SƏSiNƏ QULAQ ASMIR...

AQİL ABBAS
32331 | 2010-05-15 01:54
"...- Allah, sən özün kömək ol!
   
   - Allah, sən saxla...
   
   Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənmiş Tanrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi O da vaxtından əvvəl qocalmışdı. Qibləsini azmış insanların üzünü yenidən qibləyə çevirmək üçün bir peyğəmbərə ehtiyacı olduğunu görüb mələkləri yer üzünə göndərmişdi ki, bu peyğəmbəri tapsınlar. Mələklər də yer üzünün altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Axırda Tanrının yanına əliboş qayıtmaqdan qorxan mələklər təsadüfən göy üzü kimi təmiz, zəmzəm bulağı kimi saf, göz yaşı kimi dupduru bir səs eşitmişdilər. Tökülmüşdülər səs sahibinin üstünə, qanından, ruhundan bu qeyri-adi səsi soymuşdular və Tanrıya hədiyyə aparmışdılar.
   
   Və artıq öz yaratdıqları ilə bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu ki, insanları məhşərə çəkib qiyami-qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir Rüstəmovun səsi ruhuna necə işləmişdisə nə yiyəsiz övladların, nə də onların ana-bacılarının səsini eşitmirdi...".
   
   Bu, mənim "Dolu" romanımdan bir parçadı. Tanrının yaratdığı insanlar Onun yoxdan var elədiyi bu gözəl-göyçək, bu cənnət dünyanı elə bir kökə salıblar ki, Tanrının yaratdığı dünyadan heç bir əsər-əlamət qalmayıb. Tanrının yaratdığı insanlar bir-birinə necə qənim kəsilibsə, coluq-cocuğa baxmadan bir-birinin qanını necə içirsə, Tanrı onları yaratdığına peşman olub.
   
   "...Tanrının deyil, şeytanın qulu olmuşlar ərinin gözü qabağında xanımını zorlayırdılar, başına min bir müsibət açırdılar. Əzrayılın mərhəmətindən xanım bunu hiss eləmirdi, amma əri bunu görürdü, zarıyırdı, gah Tanrıya yalvarırdı, gah qarğıyırdı, gah da Əzrayılı çağırırdı. Əzrayıl yanında dayansa da nə onun yalvarışlarını eşidirdi, nə də qarğışlarını - əlində çürümüş alma eləcə quruyub qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər Tanrı insanların canını ona tapşırmışdısa, bəs onda Tanrının ona verdiyi bu səlahiyyəti mənimsəyənlər kimlər idi?! Bu işgəncə verənləri nə Fironun gününə salardı! Amma bu onun ixtiyarında deyildi - hələ onların uzun bir yaşamları var idi. Əzrayıl ilk dəfə özünü çox aciz hiss elədi...".
   
   Bu da həmin əsərdəndi. Əzrayıl çoxdan istefa verib. Çünki day Tanrının Əzrayıla ehtiyacı yoxdu. İnsanlar özləri Əzrayıldan betərdilər.
   
   Bütün dünya qan içindədi. Əslində bütün dünya deyəndə müsəlman dövlətləri, daha dəqiq desək, qeyri-xristianlar. Bir də Afrikadakı zənci xristianlar, yəni zənci olduqlarına görə xristianlıqları da onlara kömək eləmir.
   
   Təkcə ABŞ-da nüvə başlıqlı 6432 raket var. Bununla yer kürəsini 7-8 dəfə partlatmaq olar. Böyük dövlətlərin şeytan liderləri Tanrılıq iddiasına düşüblər və Firon kimi Tanrıya (Firon bədbəxt heç olmasa ox atırdı, bunlar isə...) nüvə bombası atırlar.
   
   Və artıq deyəsən Tanrını çilədən çıxarıblar, hövsələdən çıxarıblar. Day Tanrı Qədir Rüstəmova da qulaq asmır. Deyəsən hər kəsi öz yerində oturtmaq fikrindədi.
   
   Elə son nöqtə də ABŞ-da keçirilən nüvə sammiti olub.
   
   Və Tanrı qarışqalara öz yerini göstərmək istəyir.
   
   İslandiyada bir vulkan püskürdü. Və hələ püskürməkdə də davam edir. Neçə vaxtdı Avropanı və eləcə də dünyanı iflic vəziyyətinə salıb. Tanrı ilə Tanrılıq eləmək istəyən şeytanlar Tanrının adicə bir vulkanının önündə aciz qaldılar və hələ də elə aciz qalıblar.
   
   Bütün dünyanı sel-su aparır. ABŞ kimi qüdrətli bir dövlət də sel-suyun əlində əsir-yesir olub. Avropa sel-suyun içində. Çin sel-suyun içində. Ümumiyyətlə, Asiya sel-suyun içində. Tanrının göndərdiyi bir əlçim buludun əlində Tanrı ilə Tanrılıq eləmək istəyənlər aciz qalıblar. Tanrı ilə Tanrılıq eləmək istəyənlər bir əlçim buludla bacara bilmirlər.
   
   Tanrıya ox atan Fironu Nil çayı uddu. Bəs Tanrının yaratdığı bu cənnət dünyanı dağıdanların, Tanrıya nüvə bombası atanların cəzası nə olacaq?!
   
   Tanrım, bəs biz aciz bəndələrin günahı nədi? Bəs Sənə sadiq bəndələrin?.. Onların günahı nədi? Tanrım, Sənə eş olmaq istəyənlər yenə billur saraylarında pişiklərinə gündə 20 kotlet yedizdirirlər. Sənin göndərdiyin bəlanın acısını isə ayda bir kotlet tapmayan bəndələrin çəkir. Tanrım, yaratdığın dünyanın məhvəri onda pozulur ki, günahkarlar cəzasız qalır, günahsızlar cəzalanır. Demirəm, bizlər tam günahsızıq, biz də Sənin qarşında günahkarıq. Amma bizlərin günahı cəhənnmi bu dünyada yaşamaq ağırlığında deyil. Barı heç olmasa cəhənnəmi cəhənnəmdə yaşayaq, bu dünyada yox.
   
   
   
   Məmməd Araz bir şeirində yazır:
   
   
   
   Ya Rəbbim, bu dünya sən görən deyil!
   
   Bü sədlər, sərhədlər sən hörən deyil.
   
   Adını, soyunu dəyiş dünyanın,
   
   Odunu, suyunu dəyiş dünyanın,
   
   Yolunu, yönünü dəyiş dünyanın,
   
   Ya Rəbbim, bu dünya sən quran deyil,
   
   Fəzada yerini dəyiş dünyanın...
   
   
   
    Ya Rəbbim, Sən quran dünyanı insanlar məhv eləyiblər. Bu dünyanı öz məhvərinə qaytar. Dünyanı məhvərindən çıxaran şeytanları cəzalandır, bizləri yox. Əks halda insanlar inana bilər ki, Tanrı şeytanlarla bacarmır.
   
   Tanrım, bu dünyanı yenidən Qədir Rüstəmovun səsi kimi, Akif İslamzadənin səsi kimi dupduru elə - göz yaşı kimi! Şirin elə - zəmzəm suyu kimi! Təmiz elə - göy üzü kimi, dan yeri kimi.
   
   Cəhənnəmliklər bu dünyada cənnətdə yaşayırlar. Heç olmasa bu yazıq bəndələrinə bu dünyada da cəhənnəmi yaşatma.
   
   Və Tanrım, mən qulunu da bağışla ki, Sənə məsləhət verirəm.

TƏQVİM / ARXİV