adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Avqust 2019 18:00
21800
ƏDƏBİYYAT
A- A+

Fanilikdən əbədiyyətə - Adil Cəmil yazır

Deyirlər, əvəzolunmaz insan yoxdur. Mən bu fikrin əleyhinəyəm. Əslində, heç kəs heç kəsi əvəz etmək qüdrətində deyil. Bəlkə də buna ən bariz nümunə insanın barmaq izlərinin və səslərinin üst-üstə düşməməsi, eyniyyət təşkil etməməsidir... Bu fərqli biçimdə Oqtay Rza da məxsusi cizgiləri, spesifik xüsusiyyətləri ilə bənzərsiz idi.

Oqtay Rzanı tanıyanda mənim 26, onun 46 yaşı vardı. Bu, 1980-ci il idi. Mən BDU-nun jurnalistika fakültəsini bitirəndən sonra (1977) təyinatla göndərildiyim "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışırdım. O illərdə "Yazıçı" nəşriyyatı, sanki ədəbi hərəkat və hərəkət qurumuna çevrilmişdi. Şair və yazıçıların, alim və tərcüməçilərin gur axını qarşısında sözügedən nəşriyyat zorla tab gətirirdi... Səs-küylü, iddialı müəlliflərdən fərqli olaraq Oqtay Rza sakitcə gələr, kitabının tematik plana düşüb-düşmədiyini təmkinlə öyrənər və aramla çıxıb gedərdi. 1981-ci ildə "Yazıçı" nəşriyyatı O.Rzanın "Yasəmən çiçəkləyəndə", 1986-cı ildə "Fəsil dəyişəndə", 1991-ci ildə isə "Günəşin adından" adlı şeir kitablarını nəşr etdi. Təbii ki, şairin o illərdə digər nəşriyyatlarda, o cümlədən Moskvada da kitabları işıq üzü görməkdə idi. Çalışdığı Pedaqoji İnstitut, elmi-pedaqoji fəaliyyət bir yana, poeziya, bədii yaradıcılıq onun varlığına hakim kəsilmişdi. O, ədəbiyyatla və ədəbiyyat adamları ilə nəfəs alırdı. Çox mehriban, təvazökar və səmimi rəftarı ilə ilk tanışlıqdan adama doğmalaşırdı.

1980-ci ildə "İşıqlar, pərvanələr" adlı ilk şeirlər kitabım çap olunmuşdu. İlk kitabımın sevincini yaşadığım o günlərdə Oqtay müəllim nəşriyyata gələrkən məni təbrik etdi və "APİ-də Musa Ələkbərli ilə sənin tələbələrlə görüşünü təşkil edəcəyəm, hazır olun!" - deyib getdi. Tez bir zamanda Pedaqoji İnstitutun böyük salonunda Oqtay Rzanın təşəbbüsü və təşkilatçılığı ilə Musa Ələkbərli və mənim - iki gənc şairin maraqlı, unudulmaz ədəbi görüşü keçirildi.

Zaman keçdikcə Oqtay Rzayla ünsiyyətim bir az da dərinləşdi. Necə deyərlər, bir-birimizi görməyəndə o mənsiz, mən də onsuz darıxmağa başlayırdıq. Bir dəfə mənə dedi ki, ay Adil, çox maraqlıdır, mən aran adamı, sən dağ adamı, aramızdakı bu qançəkərlik görəsən, haradan gəlir? Mən bilirdim ki, şairin doğulduğu kəndin adı Qaladır. Qala el arasında Şuşanın başqa adıdır. Yarızarafat, yarıciddi dedim ki, sizin kənd əhliniz Şuşadan - dağlar diyarından gəlmədir. Sən özün elə dağlar oğlusan, xəbərin yoxdur...

70 yaşının bayramını keçirəndə mən də Salyana getmişdim - təkidli dəvəti ilə. Həmin ərəfədə ona bir şeir həsr etmişdim, özünə deməmişdim. Yubiley tədbirində o şeiri oxuyanda uşaq kimi sevindi... şeirin son bəndi beləydi:

Məramındır xeyirxahlıq,

Yox qəlbində başqa niyyət.

Sən olmasan azalardı

Şerimizdə səmimiyyət.

Tədbirdən Bakıya qayıdanda yolda mənə dedi ki, mirzə, o şeirin son bəndinə görə bəzi yazarlar səndən inciməzlər ki? Dedim ustad, narahat olma, heç kəs inciməz...

Sonra onun 75, 80 yaşının bayramını yenə də doğma yurdda - Salyanda keçirdk. Və hər çıxışımın sonunda da o şeiri oxudum - xoşuna gəldiyi üçün. Mənim də 60 yaşıma o, çox maraqlı bir şeir həsr etmişdi. O şeir də, bu şeir də kitablarımızda yer aldı.

Oqtay Rza yeyib-içən adam idi. Amma hər adamla oturub-durmazdı. Bir vaxtlar Əlibala Hacızadə, Nahid Hacızadə, İlyas Tapdıqla onu tez-tez birlikdə görərdim. Tay-tuşların cərgəsinə bəzən məni də qoşardılar - "dostluğa namizəd" kimi... Mən onlarla hər oturanda təzə bir şey əxz edərdim. Bu adamlar adi, sıradan biri olmayan ədəbi şəxsiyyətlər idi. Məzmunlu söhbətləri, pilə kimi yumşaq zarafatları mənə ləzzət verərdi...

...İlk dəfə Əlibala müəllimin həyat yoldaşı rəhmətə getdi. Yas məclisində adıçəkilən dostları ona ürək-dirək verib "möhkəm ol" dedilər. Əlibala Hacızadə üzümüzə baxıb dedi ki, bu yaşda arvadın ölümü tezliklə ərin də ölümü deməkdir... Belə də oldu. Arvadının ölümündən çox keçmədi ki, Əlibala müəllim də dünyasını dəyişdi. Sonra Nahid Hacızadə, sonra İlyas Tapdıq əbədiyyətə qovuşdular. Bu cərgə bir durna qatarına bənzəyirdi. Bir-bir vurulub səmadan ayrıldılar... Sonuncu, tək və tənha qalmış durna Oqtay Rza idi. Qərib tale ona da rəhm etmədi...

Elə bil ölümünün yaxınlaşdığını hiss etmişdi. Yaman tələsirdi. Məhsuldar işləyirdi. Yazılarını vaxtaşırı dərc etdirirdi, kitablarını nəşrə hazırlayırdı. AYB-nin layihəsi əsasında bu yaxınlarda yeni rübailər kitabı çapdan çıxmışdı. Sevincək birini də mənə bağışlamışdı. 85 illik yubileyindən söz açırdı. Salyanın icra başçısı Sevindik müəllimdən çox razılıq edirdi. Amma bu tədbir baş tutmadı... Görünür, insan hansı yaşda dünyasını dəyişməsindən asılı olmayaraq arzular həmişə yarımçıq qalır...

Və bir gün - həftənin bazar günü eşitdiyim xəbərə öncə inanmadım. Çünki əvvəllər də Oqtay Rzanın ölüm xəbərini bir neçə dəfə yalandan yaymışdılar. Etibarlı mənbə kimi AYB-nin mətbuat xidmətinə - Xəyal Rzaya zəng vurdum. O, eşitdiyimi təsdiqlədi. Bir-iki gün əvvəl bir yerdə olub, deyə-gülə ayrıldığın adam indi başqa dünyadadır. Bu məqamda özünün bir rübaisi yadıma düşdü:

Simi gah sındırır, gah qırır həyat,

Hərdən qılıncını sıyırır həyat.

İnsanı insana möhkəm sevdirib

Sonra həmişəlik ayırır həyat.

Daha nə deyim ki, şair, özün hər şeyi demisən. Səni xatirəsində yaşadacaq insanların ömrü uzun olsun, qardaşım! İlk və son beşiyində rahat uyu. Necə deyərlər - yerin Salyandır...