adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Avqust 2019 15:58
14350
GÜNDƏM
A- A+

Azər Sarıoğlu: Bu qutuya niyə "qara qutu" deyirlər?

Bu qutuya niyə "qara qutu" deyirlər? Rənginə görəmi, yoxsa qara gün üçün lazım olduğundanmı, bilmirəm. Onu bilirəm ki, nə zamansa, hər kəsin qara günü olur və bu qara gün üçün, qara gündən qurtulmaq üçün təkcə qara qutu yox, başqa rəngdə olan qutulara da ehtiyac var. Əvvələr qocalar hətta "kəfən pulu"nu da evədki sandıqlarda - bəzəkli qutularda saxlyardılar. O zamanlar ən kasıb adamın belə, evində bəzəkli qutular- naxışlı sandıqlar olurdu. O zaman həyat daha rəngli, əlvan idi. Həmin al-əlvan, rəngli sandıqlar köhnəldikcə, yenilənmədikcə, yoxa çıxdıqca həyatımızın da, həyatımızda olan hər şeyin rəngi qaçdı- bozardı, sonra qaraldı. Sanki günəş də bomboz saçmağa başladı. Bu bozluğun tamamən qaraya keçməsindən Allah qorusun!
Artıq nənələrimizin, babalarımızın dar gün üçün dayaq, qara gün üçün çıraq olan sandıqları - əlvan qutuları yoxdur. O sandıqları dolduracaq bərəkət də qeybə çəkilib. Yalnız bir qara qutu var ki, o da hər kəsdə olmur, olanda da tapılmır, tapılanda da açılmır. Açılsa belə, nə fayda?! Qara qutuda bərəkət olmaz ki.
P.S. Bəlkə də bu mətnə dəxli yoxdur, ancaq yenı yazım. Səttar Bəhlulzadə Toğrul Nərimanbəyova deyibmiş ki, get, nənənin sandığını çək. Nənə sandığının - qutusunun üzərindəki əlvanlıqlar Toğrul Nərimanbəyovu yaratdı.
Həyatınız əlvan və bərəkətli olsun! Qara qutuya ehtiyacımız olmasın! Evimizi bərəkət, bolluq rəmzi olan əlvan sandıqlar bəzəsin!