adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Avqust 2019 15:07
25091
ƏDƏBİYYAT
A- A+

Fədakarlıq

Xalq yazıçısı, görkəmli sənətkarımız İsmayıl Şıxlının ömrünün sonunda qələmə alınan

"Ölən dünyam " romanı özünəməxsus dil-üslub, ideya-məzmun xüsusiyyətlərinə, maraqlı süjet və kompozisiyaya malik olan mükəmməl bir nəsr əsəridir. Əsərin mövzusu da yaxın tariximizin real bədii əksi baxımından diqqəti cəlb edir. Burada təsvir edilən milli xarakterli Ömər koxa, Güllü xanım, Çapıq Əmrah, Həsən ağa kimi yetkin və dolğun obrazlar Azərbaycan nəsrinin ən yaddaqalan surətləri sırasına daxil olmağa layiqdirlər. Şübhəsiz ki, bundan sonra da roman haqqında çox yazılacaq və deyiləcək, mənim məqsədim isə bir daha romanın yazılma şəraitini yada salmaqdır.

Müəllif ömrünün son günlərində səhhətinin ağır vaxtında hər cür ağrı-acılara sinə gərərək əsl ədəbi qəhrəmanlıq göstərmiş və Azərbaycan ədəbiyyatına daha bir dəyərli əsər bəxş etmişdir. Yaxşı mənada, heyrətlənməmək olmur.

İsmayıl Şıxlının bu hərəkəti həqiqi yazıçı fədakarlığının, əsl qələm adamının bədii sözə sədaqətinin gözəl bir nümunəsidir.

Əlbəttə, ədəbiyyatımızda ( eləcə də digər sahələrdə ) özünü sənətinə fəda edən şəxsiyyətlərimiz çox olmuşdur, mən onlardan yalnız biri haqqında bəhs etdim.

Nədənsə, bəziləri tez-tez xarici yazarların həyat və yaradıcılığından misallar gətirməyi daha çox xoşlayırlar.

Xəstə (və) həkim

Ortada bir xəstə (ədəbiyyat) var. Düzdür, vəziyyəti o qədər də ağır deyil, ancaq bacarıqlı həkim köməyinə, məsləhətinə ehtiyac duyulur.

Nə yazıqlar ki, həkim də (ədəbi tənqid) naxoşdur - əlləri titrəyir, gözləri zəifləyib, düzgün diaqnoz qoya bilmir.

Sağ olsun ki, özü də xəstəliyini boynuna alır.

İndi biz neyləməliyik? Təbii ki, həkimin sağalmasını gözləməliyik. Qoy əvvəlcə həkim özünü müalicə etsin, sonra xəstəyə də bir çarə qılar.

Necə deyərlər, Allah şəfa versin.

Belə düşünürəm...

Ustad aşığımız Dədə Ələsgər qoşmalarının birində belə demişdi:

Aşıq olub tərki-vətən olanın

Əzəl başdan pür kamalı gərəkdir.

Oturub-duranda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdir.

Şübhəsiz ki, bu qoşmada işlədilən "aşıq” sözünü indiki zamanda "şair”, "yazıçı”, "ədəbiyyatçı” mənalarında qəbul etməliyik. Doğrudan da, hər bir qələm sahibi danışdığı və ya yazdığı sözlərin ədəb-ərkan çərçivəsinə nə qədər uyğun gəldiyini götür-qoy etməlidir. Heç kimə sirr deyildir ki, cəmiyyətimizdə digər peşə və sənət sahibləri ilə müqayisədə qələm əhlinə münasibət, yanaşma tərzi fərqlidir. İnsanlarımız söz adamlarına da bir müəllim kimi yanaşır, onlardan mərifət, tərbiyə əxz etməyə çalışırlar. Zaman-zaman həm şifahi, həm də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələri məhz bu amili əsas götürərək həmişə, hər yerdə öz davranışları, danışıqları ilə başqalarına nümunə olmuşlar. Bir çox məşhur sənətkarlarımızın həm də müəllim, pedaqoq kimi fəaliyyət göstərmələri və uşaqların, gənclərin təlim-tərbiyəsində böyük əmək sərf etmələrinə aid xeyli nümunələr vardır. Onlar yaxşı dərk edirdilər ki, həmişə cəmiyyətin diqqət mərkəzindədirlər. Ona görə də oturub-durmaqlarına, danışıqlarına ciddi fikir verirdilər. Onu da bilirdilər ki, başqalarında, bəlkə də, adi görünə biləcək hər hansı bir hərəkət və ya söz onlara irad tutula bilər. Əsərlərində də bu amilə diqqət yetirən yazıçı və şairlərimiz yazılarında və şifahi nitqlərində ədəbsiz söz və ifadələrin işlədilməsinə qətiyyən yol verməzdilər. Bu da maraqlıdır ki, hətta məhəbbət şeirlərində qadın adlarının işlədilməsinə də ehtiyatla yanaşardılar.

Aşıq ədəbiyyatımızın daha bir böyük nümayəndəsi Molla Cumanın öz şeirlərində sevgilisinə "İsmi Pünhan” deyə müraciət etməsi də ədəb-ərkan, əxlaq nümunəsi deyildimi?

Axır vaxtlar bəzi saytlarda, qəzet-jurnallarda heç bir etik çərçivəyə sığmayan yazılara çox rast gəlinir. Görkəmli sənətkarlarımız haqqında nalayiq ifadələrin işlənməsi, şəxsiyyətə toxunulan atmacaların olması da adi hala çevrilmişdir. Bu isə heç bir normal düşüncəyə sığmayan bir vəziyyətdir. Qəribədir ki, əməlli-başlı üç-beş əsər sahibi olmayan cızma-qaraçılar bununla özlərini tanıtmaq, varlıqlarını göstərmək istəyirlər. Ancaq unudurlar ki, ədəbi mətnlər haqqında mülahizə yürütmək əvəzinə, dedi-qodu ilə məşğul olmaq nə ədəbiyyatımıza, nə də belə hay-küy qaldıranların özlərinə bir fayda gətirər.

Bəzən bədii nümunələrdə milli mentalitetimizə yad olan kobud ifadələrin, açıq-saçıq səhnələrin yer alması oxucuların, xüsusilə gənclərin ədəbi zövqünün korlanmasına gətirib çıxarır. Bədiilikdən uzaq olan hər hansı bir əsərə daha çox diqqət cəlb etmək üçün eybəcər səhnələrin təsviri bir sıra yazarlarımızın sanki şakərinə çevrilmişdir. Hətta bəzi "çoxbilmişlər” bəlağətlə belə hallara haqq qazandırmağa çalışır, bizə ədəbiyyat nəzəriyyəsindən "dərs keçməyə” can ataraq dünya ədəbiyyatından misallar gətirirlər. Ancaq əsl ədəbi dəyərləri, nəzəri prinsipləri anlamayan və ya anlamaq istəməyən belə üzdəniraq qələm sahibləri unudurlar ki, misal gətirdikləri həmin dünya şöhrətli bədii nümunələr açıq-saçıq səhnələrin təsvirinə görə deyil, yüksək sənətkarlıq dəyərlərinə, məzmun-ideya xüsusiyyətlərinə görə şöhrət qazanmışdır. Qısaca olaraq demək lazımdır ki, heç kim orijinallıq, yenilik adına hoqqabazlıq edərək gözə kül üfürməsin. Bədii dilimizi korlamağa, onun saflığına və təmizliyinə xələl gətirməyə, zövqümüzü və milli dəyərlərimizi öz səviyyəsinə uyğun səmtə yönəltməyə kimsənin ixtiyarı yoxdur. Ədəbi mühitimizi, söz aləmini şou-məkana çevirmək yolverilməzdir.

Kimsə istedadsız olar, haqsız yerə hər hansı zəif əsər təriflənər və ya yaxşı bir bədii nümunə öz həqiqi qiymətini almaz - bu, faciə deyil. Ancaq hər hansı bir yazıçının məsuliyyət hissini itirməsi, milli-mənəvi dəyərlərimizə arxa çevirməsi faciə hesab olunmalı, bu cür halların qarşısı qətiyyətlə alınmalıdır.

Mən belə düşünürəm.

Bəs siz?

Mayis Səlim,

Şəki.