adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Avqust 2019 18:04
23192
ƏDƏBİYYAT
A- A+

Sumqayıt dastanı

Sumqayıt 70

Möhtərəm prezidentimiz cənab İ. Əliyev Sumqayıtın 70 illiyini yüksək səviyyədə keçirməsi üçün sərəncam imzalayıb

Sumqayıt dastanı

(Sumqayıt üçün)

Bir payız axşamı kənddəki toyda,

Uşaq nə haydaydı, böyük nə hayda.

Hamı əyləşmişdi nurlu mağarda,

Gözəl bəzənmişdi, burda mağar da.

Yaxından, uzaqdan qonaqlar gəldi,

Qaynana sevindi, qaynata güldü.

Məclisin bax belə şirin çağında,

Bəyimiz gül dərdi bəy otağında.

Şamlar şölələndi yandı, nə yandı,

Aşıq meydan açdı, saz havalandı.

Vəfalı, vəfasız dostdan danışdı,

"Ustadnamə” dedi, dastan danışdı.

O dedi: -Sum adlı bu qoçaq oğlan,

Səfalı güşədə sürürmüş dövran.

Ovçu Pirim kimi ov ovlayırmış,

Ceyranı, cüyürü ovsunlayırmış.

Pəhləvan cüssəli, pələng biləkli,

Bir qartal baxışlı, bir qurd ürəkli.

Atını çapanda yel də çatmazdı,

Dəli nərəsindən quşlar yatmazdı.

Nizəsi dağ oyar, qaya dələrdi,

Oxu yaydan çıxıb tükü bölərdi.

Sınıb əyilməzdi polad xəncəri,

Səfərdən əliboş dönməzdi geri.

Sumun istəklisi bir gözəl mələk,

Elə gözəl idi tovuzquşu tək.

Qönçə dodaqları gül qönçəsiydi,

Ona inam verən Sumun səsiydi.

Qəlibdən çıxmışdı boyu, əndamı,

Ay kimi nurluydu eşqinin şamı.

Adı Ceyran idi , yerişi ceyran,

Görənlər hüsnünə olarmış heyran.

Sum da ehtirasla süzərmiş onu,

Gözləri hər yerdə gəzərmiş onu.

Gənclər bir-birinə olmuşdu həmdəm,

Eşq olan ürəkdə nə kədər, nə qəm...

Bir gecə vüsalın çırağı söndü,

Məhəbbət köhləni geriyə döndü.

Təpəgöz adında qaniçən insan,

Yolunu o səmtə saldı həmin an.

O namərd gəncləri əsir götürdü,

Gül-çiçək yerində qanqal bitirdi.

Zalım o gənclərin qolunu çatdı,

Gətirib bir susuz səhraya atdı.

Yayın qızmar çağı səhra yanırdı,

Elə bil, hər tərəf alovlanırdı.

Alov qatılmışdı sanki havaya,

Dodaq həsrət idi bir qurtum suya.

O zülmət gecədə o nazlı sənəm,

Dedi:- Sum, yanıram, alışır sinəm.

Sum getdi Ceyrana su axtarmağa,

Hünər səməndini sürdü uzağa.

Vaxtsız əcəl düşdü Sumun izinə,

Qapılar bağlandı onun üzünə,

Birdən bu səhraya vəlvələ düşdü.

Tufan tuğyan etdi, Sum selə düşdü,

Dalğa Şahə qalxdı, Sumu apardı...

Ceyran nalə çəkdi, şivən qopardı:

Sum, qayıt, Sum, qayıt, tez qayıt geri,

Qayıt, qorxuludur axı irəli.

Sum, qayıt, Sum, qayıt sən boğularsan,

Sinəmdə sağalmaz bir dağ olarsan.

Zülmət qaranlıqda üzürdü hər yan,

Sum gedən tərəfə getmədi Ceyran.

O ellər gözəli Sum deyə-deyə,

Özü də bilmədən düşdü çökəyə.

O göl naqqa kimi uddu Ceyranı,

Zülmət bir sükunət tutdu hər yanı.

Yer qara bağladı, göy qan ağladı,

Ellər də Ceyrana matəm saxladı.

Onun şərəfinə, onun adına,

"Ceyranbatan” gölü dedilər ona.

Bir dəfə o gölün üstünə getdim,

Müqəddəs ocağı ziyarət etdim.

Behişt çeşməsidir suyu o gölün,

Tapılmaz dünyada tayı o gölün.

Oğlum, sən də onu ziyarət eylə,

Öləndə o sudan üstümə çilə.

Çalış bir damlası hədər axmasın,

Onun camalına yadlar baxmasın!

Sumu ağuşuna aldı göy Xəzər,

Küləklər ellərə apardı xəbər.

El gəlib bu yerdə 70 il əvvəl,

Gözlər yurd saldılar gözəldən gözəl.

El Sumun adını yaşatmaq üçün,

Oturub dərdləşdi bir uğurlu gün.

Ceyranın "Sum” qayıt dediyi sözlər,

Saldı ürəklərə silinməz izlər.

O yurda verdilər Sumqayıt adı,

O ad sarsıtmadı yaxını, yadı.

Sumqayıt sədası ellərə düşdü,

Sumqayıt dastanı dillərə düşdü!

II

Uçdu həmin toyda könlümün quşu,

Gəşt edib dolandı Göbəklidaşı.

Gecəni sübhədək götür-qoy etdim,

Dünyamın evində neçə toy etdim.

Bağlar xəzəlini üstümə səpdi,

Bulaqlar üzümdən, gözümdən öpdü.

Yaxşı yol söylədi İşıqlıdağı,

Arxamca su atdı Arzubulağı.

Gözümdə nurlandı sübhün çırağı,

Içimdə közərdi sevgi ocağı.

Nura qərq elədi yolumu günəş,

Sıxdı bir dost kimi əlimi günəş.

Aş qazanda qaldı, lavaş tabaqda,

Nələr gözləyirdi məni qabaqda.

Arzum biləyindən tutmuşdu mənim,

Bu dəm batammazdı mənə bir qənim.

Qaybalıtəpəsi uğurlar dedi,

Sənə arxa olub bu dağlar dedi.

Quşlar başım üstə nəğmə oxudu,

Göydə Fatma nənə xana toxudu.

Bir də kəndə baxdım kəndin qaşından,

Öpdüm Malyolunuun çopur daşından.

Çıxdım Elyoluna, Cada yoluna,

Düşdüm diləyimin sadə yoluna.

Hər yandan dedilər:- yaxşı yol, bala,

Xətadan, bəladan uzaq ol, bala.

Üz tutdum diləyim üz tutan səmtə,

Məni tərk elədi kədər də, qəm də.

Sumqayıt deyilən məkana gəldim,

Burda dinə gəldim, imana gəldim.

III

Bu gənclik şəhərinə,

Gözəllik şəhərinə.

Insan axını gəldi,

Bir az uzağı gəldi.

Bir az yaxını gəldi.

Çobanlar dağdan gəldi,

Bağbanlar bağdan gəldi.

Sağıcılar fermadan,

Əkinçi çöldən gəldi.

Sumqayıta gələnin,

Hamısı eldən gəldi.

Mehridən, Naxçıvandan,

Lerikdən, Lənkərandan,

Mildüzündən, Muğandan,

Aybatandan, Şirvandan,

Kürdəmirdən, Ləkidən,

Şamaxıdan, Şəkidən,

Borçalıdan, Qazaxdan,

Zəngəzurdan, ,Uzaqdan,

Ağbabadan, Goycədən,

Gədəbəydən, Gəncədən,

Qubadlıdan, Zaratdan,

Təzəkənddən, Boyatdan,

Qasımkənddən, Dərbənddən.

Hər obadan, hər kənddən,

Ərlər gəldi, nərlər gəldi.

Atı itən, dada yetən,

Azan gəldi, təzən gəldi.

Atasından küsən gəldi,

Lüt gələni,

Beyinləri küt gələni,

Beş kişidən biri etdin,

Ölüləri diri etdin,

Gözəl şəhər!

Gülər üzlə qarşıladı,

Cavanları mavi Xəzər.

Əlbir oldu, dilbir oldu

Hamı burda.

Şirinləşdi ağzımızın

Dadı burda, tamı burda!

IV(sumqayıt bu gün)

Nəvəmlə bulvarda gəzirəm indi,

Ilahi, bu bulvar necə gözəldi.

Dünyanın əşrəfi, şərəfi insan,

Bu qumlu səhrada nələr düzəldir.

Yenə çözələndi xəyal dikcəsi,

Yadıma qəribə zamanlar gəldi.

Yenə tuğyan etdi qəlbimin səsi,

Eynimə o vaxtki cavanlar gəldi.

Mən də subay idim bura gələndə,

Basmışdı bağrına "Baraqlar” bizi.

Axşamlar biz burda deyib güləndə,

Mığmığa pozurdu hey kefimizi.

Yatağa girməmiş taxtabiti də,

Hücuma keçirdi sorğu-sualsız.

Onlarda görürdüm xəyanəti də,

Qanımı sorurdu qansız.

Nə bulvar görmüşdük doyunca gəzək,

Bomboz səhra idi dənizə qədər.

Nə də gül var idi, birini ürək,

Xoş üz göstərirdi bizə göy Xəzər.

Bulvarda gəzirik biz sakit, rahat,

Ağcaqanadların kəsilib kökü.

Necə mənalıdır, gözəldir həyat.

Ətirli güllərlə bəzənib səki.

Elə bil, xalıdır bu yaşıl çəmən,

Ilmələr, çeşmələr, gözəl naxışlar.

Bəxtəvər başına, ay ana Vətən,

Hüsnünə zillənir xumar baxışlar.

Bir-biriylə salamlaşır ağaclar,

Xan çinarlar yerdən göyə boylanır.

Bu sahildə gör nə qədər ağac var,

Şair bu yerləri qibləgah sanır.

Burda cilalanıb qaya da, daş da,

Bulvar insanlarla dost edir məni.

Hər yan yaşıl olur baharda, qışda,

Güllərin ətiri məst edir məni.

Bəşər övladının işi, əməli,

Bu şoran çölləri gülüstan edib.

Paxılın, nakəsin qırılsın beli,

Gördüyün nə varsa bil, insan edib.

Bulvarda gəzdikcə eynim açılır,

Necə də sərindi Xəzərin mehi.

Burda fəvvarələr gülür, əl çalır.

Səpirlər üstümə mirvari şehi.

Eşq olsun Vətənin igid oğluna,

Daşı daş üstünə qoyana alqış.

Xalqın məhəbbəti halaldır ona,

Elin istəyini duyana alqış.

Alır ağuşuna hər axşam, səhər,

Qocanı, cavanı, şən uşaqları.

Sənin varlığına şükür, ay Xəzər,

Qoynunda görürəm mən uşaqları.

Göyün ulduzları səpilib yerə,

Burda tuğyan edir gecə nur seli.

Gör necə yaraşır mavi Xəzərə,

Sumqayıtın bulvarı-dünya gözəli!

***

Küçələri çilcıradı,

Yolları da dümdüz hamar.

Bu dünyanı gəzib dolan,

Belə bulvar de, harda var?

Baxdıqca hey baxıram,

Gözəllikdən göz doymur.

Aşıqlar əldən düşür,

Sinədəki saz doymur.

Cəvahir dodaqlardan,

Axıb gələn söz doymur.

Vallah bu seyrangahda,

Işvə doyur, naz doymur.

Oğlan nazdan yorulur,

Bu həvəsdən qız doymur.

Bunu yarıdan insan,

Deyin, unudularmı.

Dünyanı gəzib dolan

Belə gözəllik varmı?

Mən cənnətə inansaydım.

Deyərdim ki, cənnət budur,

Öz elinə, obasına,

Danılmaz hörmət budur.

Qarşısında baş əyərəm,

Bu horməti edənlərin.

Vətən oğlu unudarmı?

Xoş iz qoyub gedənləri.

Mənim doğma şəhərim,

Səni hər an, hər zaman

Bax beləcə şən görüm.

Qoynunda gülşən görüm.

***

Mənim Sumqayıtım təkdir dünyada,

Hüsnü çilçıraqdı, camalı Aydı.

Mənim sumqayıtım bac verməz yada,

Sumqayıt gəncliyə verilən paydı.

Gündən günə çiçək açır, gül açır,

Damların örtüyü bir özgə aləm.

Quşlar budaq-budaq gəzir, əl çalır,

Liftlər də olubdu hamıya həmdəm.

Ana laylasıdır muğam əzəldən,

Bu ev də şəhərə bir yaraşıqdı.

Muğamla dünyada tanındı Vətən,

Muğam yurdumuzda nurla işıqdır.

Qönçə dodaqlara gülüş bəxş edən,

Səmimi söhbət var, söz var dünyada.

Könlümə, ruhuma sevinc bəx edən,

Teli min havalı saz var dünyada.

Nadanlar seçəmməz yaxını, yadı,

Vətənə tac qoyar Vətən övladı.

Qəlbimdə yaşayar mərdlərin adi,

Nə qədər silinməz iz var dünyada.

Daşı da istəsə əridər insan,

Düşmənin gözünə batan ox olar.

Kamalla əyilməz hec kəsə insan,

Ürək hökm eləsə, dağ da yox olar.

Hünər meydanıdır, addımla, qardaş

Zəhmətlə həmdəm ol, hünərə sirdaş.

Vətən sarayında çatmasa bir daş

Ora ürəyini qoyasan gərək.

VI

Mənim Sumqayıtım təkdir dünyada,

Hüsnü çılçıradı, camalı Aydı.

Mənim Sumqayıtım bac verməz yada,

Sumqayıt gəncliyə verilən paydı.

Ay əliylə qələm çəkib başına,

Bərəkətli günəş töküb başına.

Yaman gəlib goy Xəzər xoşuna,

Xəzər kimi sonsuzlaşır Sumqayıt,

Qocaldıqca cavanlaşır Sumqayıt

Hər tərəfdə xoş arzular gül açır,

Qucağında gül balalar dil açır.

Gənclik burdan sadətə yol açır,

Kainatla soraqlaşır Sumqayıt,

Qocaldıqca cavanlaşır Sumqayıt.

Övladları alnı açıq üzü ağ,

Küçələri gur işıqlı çilçıraq.

Qibləgahdır, səcdəgahdır bu torpaq,

Bu torpağa çox yaraşır Sumqayıt,

Qocaldıqca cavanlaşır Sumqayıt.

Binaları cərgələnir, ucalır,

Oğlu, qızı məhəbbətdən güc alır.

Hər kim desə Sumqayıtım qocalır,

Qocaldıqca cavanlaşır Sumqayıt.

Bakı ilə qucaqlaşır Sumqayıt!

Əvəz Mahmud Lələdağ