adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Avqust 2019 16:25
11718
MƏMLƏKƏT
A- A+

Milli Parkda yanğın: Helikopter göndərildi - Yenilənib

Avqust 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***
(14:17)

Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, hazırda hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Havanın isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.