Adil İsmayılov: "Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 il həbs gözləyirdi"
İskəndər Həmidovla şəxsi tanışlığımız bu məhkəmədən xeyli əvvələ
təsadüf edir. Onunla bağlı müxtəlif tipli xatirələrim var. Belə
xatirələrimdən biri 1993-cü ilin fevralında AXC-nin qurultayı günü Lenin
sarayının qarşısında olan görüşümüzə aiddir. Bəyin yadında qalıbsa özü
danışsa məmnun olaram, yadında deyilsə və etiraz etmirsə mən danışaram.
İndi isə onu deyim ki, İskəndər bəy koloritli simadır, bütün mənfi və
müsbətlərinə rəğmən çox səmimi insandı, hətta bəzi məqamlarda bu
səmimilik sadəlövhlük həddinə çatır. Onun xətri mənim üçün əzizdir və
bilirəm ki, bu qarşılıqlıdır. İndi də ara-sıra xeyir-şər məclislərində
görüşürük. Qayıdaq Həmidovun məhkəməsinə
İskəndər Həmidov
vəkil kimi müdafiə etdiyim nazir postu tutmuş şəxslərdən biri, daha
doğrusu birincisi idi. Həmidovun məhkəməsi 1995-ci ildə, Azərbaycan
Respublikasının 1-ci çağırış Milli Məclisinə seçkilər ərəfəsinə düşdü.
İşə Azərbaycan Respublikasının Ali məhkəməsində baxılırdı. Onda hələ
ağır cəzalar, üzr istəyirəm ağır cinayətlər məhkəmələri yox idi. İşə Ali
Məhkəmənin hakimi Mansur İbayev baxırdı. (Ramil Səfərovun işində olduğu
kimi xalq iclasçıları, yəni peşəkar hakim olmayan sağdış,soldışla).
Həmidov dövlət əmlakını mənimsəmə, qulluq mövqeyindən sui-istifadə etmə
və digər ağır cinayətlərdə ittiham olunurdu, bu barədə bir qədər sonra.
İttihamnamədə( o vaxt ittiham aktı belə adlanırdı, səhv tutmaq
istəyənlərin diqqətinə :), icazə versələr bundan sonra onları nəzərə
almaram) səhv etmirəmsə 50 nəfərə kimi şahidin dindirilməsi nəzərdə
tutulurdu. Zərdüşt Əlizadə zərərçəkmiş şəxs idi. Zərdüştə vurduğu
şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 ilə kimi azadlıqdan məhrum
etmə gözləyirdi. Həmidova bu əmələ görə müharibə şəraitində hərbçinin
səlahiyyət hədlərini aşması maddəsi verilmişdi. Məhkəmənin birinci günü
ittiham elan edildi, Həmidov dindirildi və təbii ki, ittihamları qəbul
etmədi. Mən həmişə bu fikirdə olmuşam kii, o, ittihamların hamısı
qanunsuz və əsassız idi. Məhkəmə çıxışında da dedim ki, prokurorluq
günahla təqsiri səhv salıb. Həmidovun günahları çox ola bilər. Amma elan
edilmiş ittihamda onun təqsiri yoxdur. İkinci və üçüncü məhkəmə
iclaslarında ən çoxu 10 nəfərə kimi şahid dindirildi. Bunlardan yadımda
qalan iki nəfər general mayor Aleksandr Vasyak və Milli Məclisin üzvü
Rauf səhv etmirəmsə,soyadı İsmayılov idi. Hər ikisi Həmidovun əleyhinə
heç nə danışmadı. Zərdüşt Əlizadənin məhkəməyə gəlib-gəlməməsini
xatırlamıram. Beləliklə, 10 şahidi dindirdikdən və üçüncü məhkəmə
iclasında fasilədən qayıtdıqdan sonra hakim gözlənilmədən məhkəmə
istintaqının bitdiyini elan edildi. Aydın məsələdir ki, mən etiraz
etdim. Hakimi qanunlara hörmət etməyə çağırdım. İttihamın şahidləri
dindirilmədən, bizə əlavə şahidlər dəvət etmək üçün şərait yaradılmadan,
məhkəməyə gəlməyən şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri
və digər sənədlər elan edilmədən məhkəmə istintaqının başa çatmasının
qanunsuz olmasını dedim. Amma sədrlik edən mənə qulaq asmaq belə
istəmədi və çıxışlara keçdi. Birinci çıxış üçün sözü dövlət
ittihamçısına-prokurora verdi. Görünürdü ki, prokuror hadisələrin bu cür
inkişafına hazır idi, bunu əvvəlcədən bilirdi. 10-15 dəqiqə çıxış edib
məhkəmədən Həmidova 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş
etdi. Sədr çıxış üçün mənə söz verdi. Yerimdən qalxaraq çıxışa hazır
deyiləm dedim. Hakim 5 dəqiqə fasilə elan etdi və zaldan çıxdı. Fasilədə
katib mənə yaxınlaşıb dedi ki, İbayev çağırır. Mən hakimin otağına
getdim. İbayev dedi ki, ona tapşırıq verilib bu gün məhkəmə bitməlidir
və hökm oxunmalıdır. Cavab verdim ki, mən bu vəziyyətdə çıxış edə
bilmərəm. Yenə də yadına saldım ki, istintaqın bu vəziyyətdə bitməsi
qanunları tapdalamaqdır. Hakim dediyində israr edəndə otaqdan çıxdım...
Davamı olacaq...
Adil İsmayılov, Hüquqşünas
Digər Xəbərlər
23 Aprel 2024 12:51