adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Avqust 2019 17:15
35599
ƏDƏBİYYAT
A- A+

ELMİN BÖYÜK TƏŞKİLATÇISI

Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Məmmədbağır oğlu Abdullayevin doğum gününü respublikamızın elm ictimaiyyəti hər il böyük təntənə ilə qeyd edir.

Həsən Abdullayev 1918-ci il avqustun 20-də Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Yaycı kəndində anadan olub. Kənddə yeddillik məktəbi bitirdikdən sonra Ordubad Pedaqoji Texnikumunun fizika fakültəsində təhsil alıb. Kənd məktəbində fizika müəllimi işləyib. Bir müddətdən sonra xəyallarında yaşatdığı arzularının reallığa çevrilməsi üçün Bakıya üz tutub, taleyini həmişəlik fizika elminin inkişafına bağlayıb. İllər ötdükcə zəhməti və əzmkarlığı sayəsində nəinki respublikamızda, keçmiş Sovetlər birliyində sayılıb-seçilən elm adamı kimi tanınıb. Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla, bu elm sahəsinin başlıca istiqamətlərini müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdırıb.

Həsən Abdullayev 1970-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. Akademiyanın işgüzar imicini və elmi nüfuzunu artırmaqla, onun dövlətin iqtisadi inkişafına dəstəyini əsas götürməklə bu elm ocağını dünyaya tanıdıb, Qərbin tətbiq-tədqiq üsulunu ölkəmizdə tətbiq edib. Hər iki tərəfin elmi potensialını müqayisə etmək, əməkdaşların beynəlxalq elmi jurnallarda məqalələrinin xarici dillərdə dərci və onların sayının çoxaldılması üçün münbit şərait yaradıb. Akademiyanın fəlsəfə və fiziologiya bölmələrini müstəqil instituta çevirib. Həmin elmi qurumların yaradıcılıq coğrafiyası genişləndikcə burada yeni şöbələr və bölmələr yaradılıb.

Həsən Abdullayev AMEA-nın nəzdindəki institutlarda fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin nəzəri cəhətdən yüksək səviyyədə işlənməsi, respublikanın təbii sərvətlərinin dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlara üstünlük verib. Tədqiqatçıların xarici ölkələrdə keçirilən elmi konfranslarda və simpoziumlarda, eləcə də tanınmış xarici ölkə alimlərinin respublikamızda təşkil olunan tədbirlərdə iştirakının yüksək səviyyədə təmininə şərait yaradıb. Xatırladaq ki, H. Abdullayevin bu elm məbədinə rəhbərlik etdiyi 13 il ərzində qarşılıqlı elmi əməkdaşlıq nəticəsində AMEA-nın elmi tədbirlərində 700-dən çox əcnəbi alim iştirak etmişdir.
13 mоnоqrafiyanın (bunlardan 2-si ABŞ-da çap оlunub), 300-dən çоx elmi məqalənin və 50-dən artıq ixtiranın müəllifi оlan Həsən müəllimin yarımkeçirici maddə və cihazların tədqiqi və tətbiqinə dair dəyərli ixtiralarının bir qismi Rusiyada, ABŞ-da, Fransada patentə layiq görülüb. Alimin rəhbərliyi və bilavastə iştirakı ilə selen, tellur kristalları, оnların mürəkkəb birləşmələri və dünyada ilk dəfə böyük ölçülü selen mоnоkristalı alınıb, habelə selen əsasında bir sıra yeni yarımkeçirici cihazlar yaradılıb. Xatırladaq ki, selen - Mendeleyev cədvəlinin 34-cü elementidir. Selensiz insan orqanizmi mövcud ola bilməz. Çünki insan gözündə və qara ciyərində, o cümlədən başqa yerlərində selen elementi var ki, o insanın həyatı üçün çox əhəmiyyətlidir. Ötən əsrin 70-ci illərində dünya alimlərini, xüsusilə rusiyalı mütəxəssisləri şoka salan bu tapıntı barədəSSRİ-nin gənc alimi Həsən Abdullayev çox əvvəllər yazmışdı. Bundan sonra akademikin selenlə bağlı elmi araşdırmaları nəticəsində Aya tamam başqa gözlə baxıldı. Sovet alimləri Ayı sadəcə səma cismi yox, insan sağlamlığının təbii mənbələrindən biri hesab etdilər.

Hər hansı alim çalışdığı sahəyə gətirdiyi elmi yeniliyi, ya kəşfi ilə tarixə düşə bilir. Ancaq 101 illik yubileyini qeyd etdiyimiz akademik Həsən Abdullayevin tarixədüşərliyini və Azərbaycan elmində əbədiyaşarlığını təmin edən bir çox ilklər var ki, onlardan bəzilərini xatırlamaq yerinə düşər: Akademik:

- Azərbaycanda ilk dəfə nəzəri fizikaya dünya fizikasının dinamikasını gətirib.
- Yarımkeçiricilər tədqiqini Azərbaycanda ilk dəfə o yayıb. Ölkə elmində yarımkeçiricilər fizikasının məktəbini yaradıb.
- İlk dəfə olaraq selen və tellurla bağlı tədqiqatlar aparıb.
- Akademiyada fəlsəfə və fiziologiya institutlarının yaradılmasına nail olub. - SSRİ dönəmində ilk dəfə Ay cisminin insan orqanizmi ilə qarşılıqlı əlaqəsini tədqiq edib.

Akademik Həsən Abdullayev ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda ümummilli strateji vəzifələrin, o cümlədən elmi quruculuq işlərinin həyata keçirilməsində böyük fəallıq göstərib. Respublikada elmin günün tələbləri səviyyəsində təşkili işinə mühüm töhfələr verib, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasına hərtərəfli əlaqələr yaradıb.

Ömrünün 50 ildən çoxunu yarımkeçiricilər fızikasına və biofızikaya həsr etmiş Həsən Abdullayev bu sahə üzrə yüksək elmi kadrların hazırlanmasında bilik və bacarığını əsirgəməyib. Əsl ziyalı və alim qayğıkeşliyi ilə gənclərə dəstək olub. Gənc tədqiqatçı-alimlərin fəaliyyəti ilə yaxından maraqlanıb, qayğı göstərib, istedadlı gənclərə maddi və mənəvi kömək olub. 

Görkəmli alim-akademik H.Abdullayev kimyəvi birləşmələr olan selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunların əsasında yarımkeçirici cihazların fızikası, selenin bioloji proseslərdə rolunun araşdırılması sahəsində əsaslı elmi təcrübələr qazanmış, onun rəhbərliyiiləmürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fıziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdır.

Dünya fızikləri arasında dəyərli elmi kəşfləri və böyük təşkilatçı-alim kimi tanınan akademik Həsən Abdullayev 1948-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1954-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1957-ci ildə professor elmi adını almışdır. 1955-ci ildə AMEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü, 1970-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir. 1944-cü ildən AMEA-nın Fizika İnstitutunda aspirant, elmi işçi, direktor müavini, 1957-ci ildən ömrünün sonunadək direktor olmuşdur. 1968-1970-ci illərdə AMEA-nın Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 1970-1983-cü illərdə AMEA-nın prezidenti olmuşdur. Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusilə yarımkeçiricilər fizikası və texnikasının əsasını qoymuş, inkişaf etdirmiş, yüksək səviyyəli fiziklər kollektivi yaratmışdır. Məhz ona görə Fizika İnstitutu 1957-ci ildə keçmiş sovetlər ittifaqında selen və tellurrun tədqiqi və onların əsasında cihazların yaradılması üzrə baş elmi mərkəz statusu almışdır. Həsən müəllimin rəhbərliyi altında laylı kristal quruluşlu yeni yarımkeçirici materiallar alınaraq onların elektron, fonon spektri, bu spektrlərlə kristal quruluşu arasında əlaqə müəyyənləşdirilmiş, onlarda stimullaşdırılmış şüalanma, bərk cisim fizikasında yeni obyekt olan elektron - deşik mayesi, ikiölçülü elektron 2 qazının mövcudluğunu sübut edən Holl müqavimətinin kvantlanması aşkar edilmişdir. Üçqat laylı birləşmələr əsasında yeni seqnetoelektrik yarımkeçirici materiallar sinfi kəşf edilmiş, neytronoqrafik tədqiqatlarla onlarda nisbətsiz fazaların mövcudluğu göstərilmişdir. İlk dəfə olaraq görmə prosesində selenin iştirakı haqda mülahizə irəli sürmüş və bu mülahizəni təsdiq edən tədqiqatlar aparmışdır. Akademik elmin böyük təşkilatçısı kimi nüfuz qazanmışdır. 15 monoqrafiyanın, 500-dən artıq elmi məqalənin, 40-dan çox ixtiranın, xeyli sayda dərsliyin müəllifidir. Rəhbərliyi altında 100-dən artıq elmlər namizədi və 20 elmlər doktoru yetirmişdir. Həsən Abdullayevin xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi adına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı” və "Lenin” ordenləri, "Rəşadətli əməyə görə” medalı, SSRİ EA S.İ.Vavilov adına qızıl medalı, Leypsiq yarmarkasının (ADR) böyük qızıl medalı və s. təltif edilmişdir. 

Xalqın rəğbətini qazanan Həsən Abdullayev respublikanın ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. O, sovetlər dönəmində iki çağırış SSRİ Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü, bir sıra qurultayların nümayəndəsi seçilmiş, Azərbaycan Dövlət Mükafatları Komitəsinin, respublika "Bilik” Cəmiyyətinin, "Fizika Problemləri” Elmi Şurasının sədri, SSRİ EA Rəyasət Heyəti yanında "Yarımkeçiricilər fizikası və kimyası” problem Elmi Şurasının, SSRİ AAK İdarə Heyətinin üzvi olmuşdur.

Akademik Həsən Abdullayevin həmkarı, tələbə yoldaşı - 2000-ci ildə fizika üzrə Nobel mükafatı laureatı, yarımkeçiricilər fizikası üzrə mütəxəssis, Belarus alimi Jozef Alfyarov xatirələrində deyir: "Məni Həsən Abdullayevlə çox böyük dostluq telləri birləşdirir. O, fizikanın, yarımkeçiricilərin inkişafında çox böyük işlər görüb. Onun Nasledovun laboratoriyasında necə işləməsi indi də yadımdadır. Biz institutun köhnə dəhlizlərində çox zaman bərabər gəzişərdik. O, dəhlizdə uzun-uzadı davam edən söhbətlərimiz zamanı fizika ilə bağlı çox orijinal fikirlər söyləyərdi. Bir dəfə növbəti gəzişmə zamanı yarımkeçirici cihaza çox gözəl izah verdi. Uzun müddətdən sonra bu istiqamətdə tədqiqlər başlananda o, getrokeçidin nə olduğunu zarafatyana aydınlaşdırdı. Dedi ki, bu keçidlər müxtəlif millətlərdən olub nigah bağlayan oğlanlar və qızlar kimidir. Onların çox yaxşı uşaqları olur. Onun bəzi fikirləri bizim üçün də orjinal idi”.

Orjinallığı ilə SSRİ məkanında hətta Aya baxışı dəyişənakademik Həsən Abdullayev özündən sonra bu işi uğurla davam etdirən məktəb yaratmışdır. Bu məktəbin yetirmələrinin yarımkeçiricilər fızikası sahəsində əldə etdiyi elmi nəticələr bu gün dünya alimləri tərəfındən də məmnunluqla bəyənilir. İstər dəqiq, istərsə humanitar elmlərdə hər hansı bir müəllifin məktəb yaratması həmin alimin, şairin, yazıçının, rəssamın, jurnalistin, memarın... əbədiyaşarlıq simvoludur. 

Nə xoş ki, bu məktəbin görünən nümayəndələri arasında akademikin övladları - oğlu, fizika-riyaziyyat elmləri doktoru Aydın Abdullayev və qızı fizika-riyaziyyat elmləri doktoru Sevda Abdullayeva da var. Xatırladaq ki, Həsən Abdullayev həm də gözəl ailə başçısı olumuşdur. Həsən müəllimin üç övladı olub. Qeyd etdiyimiz kimi, Aydın və Sevda Abdullayevlər atalarının yolunu davam etdirməklə dəqiq elmlər sahəsində çalışıblar, amma ailənin sonbeşiyi Sevinc Abdullayeva humanitar elmlərə meyl göstərib, şərqşünaslıq üzrə elmlər doktorudur. H.Abdullayev akademiyanın prezidenti və respublikada böyük nüfuz sahibi olmasına baxmayaraq, övladlarının üçü də dissertasiyalarını, atalarının tövsiyəsi ilə, kölgəli alim adından uzaq olmaq üçün respublikadan kənarda - Sevda xanım Moskvada, Aydın Vilnüsdə, Sevinc xanım isə Daşkənddə müdafiə etmişlər.

Akademik Həsən Abdullayev yalnız elmin, axtarışların, kitabların pərəstişkarı olmayıb, eyni zamanda Azərbaycan milli musiqisini, muğamlarımızı da çox sevib, xalq mahnılarının, xüsusən də tarın vurğunu olub. Respublikamızın mədəniyyət və incəsənət adamları ilə, o cümlədən bəstəkar Fikrət Əmirovla çox yaxın dostluq münasibətləri olub. Böyük bəstəkar sağlığında ona tar da bağışlayıb. Xalq artisti, professorRamiz Quliyevin dediklərindən:
- Moskvada o vaxtlar dəbdə olan Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Bir gün tədbirdən sonra mötəbər bir yığıncaqda Həsən müəllim məni yanına çağırıb dedi ki, bunlar üçün bir "Şur” ifa elə. Tarın vurğunu və bilicisi idi. Hətta mənim tarı necə kökləməyimə də diqqətlə baxırdı. "Şur”u ifa edəndən sonra dedi ki, bir mahnı var ey... "Kimlər gəldi, kimlər getdi”, o mahnıdan çox xoşum gəlir... Onu da ifa etdim. Bir də gördüm ki, Həsən müəllim kövrəlib, gözlərindən yaş süzülür.
Yaradıcı ömrünü ölkəmizin elm və mədəniyyətinə həsr edən akademikin həyatı, pedaqoji fəaliyyəti, zəngin elmi irsi və əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Rəhman SALMANLI,
filologiya üzrə fəlsəfə doktoru.