adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Avqust 2019 09:14
48036
MƏDƏNİYYƏT
A- A+

Aqil Abbas: “Bizim iş adamları film çəkmək həvəsində deyillər, imkanları zəifdi...”

Xəbər verdiyimiz kimi ermənilər aprel döyüşləriylə bağlı "Cənnət qapısı” adlı filmin çəkilişlərini yükunlaşdırıblar. Artıq okyabr ayında İrəvanda filmin təqdimatı keçiriləcək.

Hələ bir müddət öncə aprel döyüşləriylə bağlı filmin ssenarisini yazdığını deyən yazıçı, millət vəkili Aqil Abbasla əlaqə saxlayıb filmlə bağlı maraqlandıq. A.Abbas Moderator.az-a açıqlamasında bildirdi ki, təqdim etdiyi ssenari qəbul olunmayıb:

"Mənim filmim çəkiləsi olmadı və səbəbin də bilmirəm. Bizim pulumuz ermənilərdən çox, rejissorlarımız da onlarda güclüdür. Biz onlardan qabaq filmi çəkməliydik. 2017-ci ildə artıq aprel döyüşləriylə bağlı film ekrana çıxmalıydı və biz onları qabaqlamalıydıq, amma nədənsə qaldı. Ola bilər ki, ssenarim zəif oldu, mənə demişdilər yazdım, amma bunu başqa adama da deyə bilərdirlər. Özü də ki, yaxşı ssenari yazmışdım. Ssenarini çap etmək fikrim var və oxucu desin zəif idi, yoxsa yaxşıdı. Filmin adı "Dağ Qartalı” idi, orda söhbət təkcə Raquf Orucovdan deyil, bütün döyüşçülərdən gedirdi. Mənim əsərlərimdə heç vaxt adam adı olmayıb, şərti adlar olub. Ermənilər aprel döyüşləriylə film çəkiblərsə, eybi yoxdur. Bir on ildən sonra biz də qələbəmizdən film çəkərik. Amma hər halda o film çəkilməliydi. Söhbət mənim yazdığı ssenaridən getmir. Azərbaycanda Ramiz Fətəliyev kimi "əjdaha” ssenaristlər var, ona verə bilərdilər çəkərdi”.

A.Abbas yazdığı ssenariyə film çəkdirəcəyini və bizim iş admlarının film çəkilişi üçün maraqlı olmadıqlarını deyib. Hətta ironiyayla onların imkansız olduqlarını bildirib:

"Mən giley etməyi xoşlamıram, amma o filmi çəkdirəcəm. Ola bilər ki, türklərə çəkdirdim, hələ ki, fikirləşirəm. Filmin çəkilişini Türkiyədə bir iş adamından xahiş etmək olar, çünki Azərbaycanda iş adamları film çəkmək həvəsində deyillər. Onların imkanları zəifdi, film çəkə bilmirlər. Təxminən 500 min və ya bir milyon pul ayrılır filmə və o da bizim iş adamları üçün həddindən artıq böyük puldur. Məncə ironiyamı başa düşdünüz. Elə ilk dəfə siz məlumat vermişdiniz ki, ermənilər aprel döyüşlərindən film çəkir və mən də onu lazımı adama çatdırdım”.