adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Avqust 2019 12:38
7812
GÜNDƏM
A- A+

İlqar Kamil: Çarə -göyə aparan pilləkənləri tapmaqdır!

Biz onu ayələrimizlə ucaltmaq istədik, o isə yerə yapışdı. (Əraf, 176)

Təyyarədə mənimçün ən həyəcanlı an təkərlərin yerdən ayrıldığı an - uçuş anıdır, yəqin, elə sizinçün də; xatırlayın bir, necə sıxırıq canımızı, özümüzü, dişimizi - ay Allah, qopa bilcəkmi yerdən, buna imkan verəcəkmi Yer?...

Düz eşitdiniz, bəzən mənə elə gəlir, yer bərk-bərk tutub dartır ayağımızdan, biz şıltaqlıq edib göyə atılmaq istəyəndə. Bəzən mənə elə gəlir, yer bizi göyə qısqanır. Hündürlükdən yıxılanda əzilməyimizin də hikməti, məncə, elə budur: yer bizi cəzalandırır, ondan ayrıldığımız üçün.

Yəni əslində, biz yerə çırpılmırıq, yer bizi çırpır, ana ərkyanalığıyla. Və biz də uşağıq hələ, deyə bilmirik ki, vurma, ana, əlin ağrıyar. Yıxılırıq, bizim, tutalım, dizimiz sıyrılır, qolumuz əzilir, bəs yerin? Axı təsir əks təsirə bərabərdir... Bunu heç vaxt bilmirik – analar balalarına yaralarını göstərərmi heç?

Budur, nəhayət, təyyarə havalanır, və biz göyün qoynunda rahat nəfəs alırıq. Sizə də elə gəlmirmi, yerdən uzaq məsafələrdə daha rahat olur uçuşlar? Axı, uçmağın başqa adı yerin cazibə qüvvəsiylə çarpışmaqdı və fasilə (distansiya) o qüvvəni zəiflədir, axı. Məsələn, haçansa özünü 16-cı mərtəbədən atanlar yaxşı bilər, cism yerə yaxınlaşdıqca sürət daha çoxalır.

Qızımın da dərdi buydu, gecələr yerə düşürdü yatağından. Tövsiyə, tapşırıq, nə billah edirdiksə düzəlmirdi. Bir-iki gecədir yıxılmır. Biz bu uğuru divar tərəfdə yatmasıyla əlaqələndiririk, özü də eyni fikirdədi: ata, qıraq tərəfdə yatanda elə bilirdim, yer məni çəkir, ayağımdan tutub dartır, xəbərim olmurdu, bir də görürdüm döşəmədəyəm.

Bəs yermi, göymü, hansı daha doğmadır, yəni hansı it hürəndir, hansı işıq yanandır - yəni hansını seçməli, hara üz tutmalı? Dinlərə görə, biz göydən gəlmişik, amma yerə alışmışıq, çox alışmışıq. Odur, çətin olur canın bədəndən qopuş anı.

Bir də alışmayanlar var – dünyada olub dünyadan olmayanlar, dünyada olub dünyanın olmayanlar, tez-tez göylərlə əlaqədə olduqları üçün yerdən çox göyə bənzəyən apaydın simalar (səmalar). Nə bilmək olar, bəlkə onların da qızım kimi, görünməz qanaqları var.

Məsələn, biz yaxşı insanlara mələk deyirik. Nədən ki, mələklər bizdə qanadla, uçmaqla assossasiya olunub: mələk yəni uça bilən varlıq, mələk yəni uçmaq istəyəndə yıxılmayan, əzilməyən varlıq, və nəhayət, mələk yəni başqa dünyanın adamı!

Biz yerə, yenidən göyə qayıtmaqçün atılmışıq, və bəlkə də, uçmaq qabiliyyətini itirən mələklərik hamımız.

Odur ki, çarə - göyə aparan pilləkənləri tapmaqdır!