"YENi MüSAVAT" HAKiMiYYƏT QƏZETi, XALiD KAZIMLI DA HAKiMiYYƏT JURNALiSTiDiR?!

AQİL ABBAS
40687 | 2010-05-01 13:00
"Azadlıq" qəzeti dünənki sayında türkiyəli jurnalist Mehmet Ali Birandı müdafiə edən bir material dərc edib: "Türkiyəli yazardan Azərbaycan hökumətinə sərt suallar - tanınmış jurnalist Mehmet Ali Birand onu ittiham edənlərə cavab verdi".
   
   "Azadlıq"dakı qələm dostlarımızın türkə qətiyyən dəxli olmayan Mehmet Ali Birandı müdafiə etmələrinə qarşı deyilik. Bir də ki "Azadlıq" heç zaman "Ədalət"in kimi müdafiə etməsinə, kimi tənqid etməsinə, kimə dəstək verməsinə qarşı çıxmır. Sadəcə olaraq dostlarımıza bir-iki məsələni xatırlatmaq istəyirik.
   
   Əvvəla, Mehmet Ali Birand Türkiyəni dağıtmaq istəyən, federasyona çevirmək istəyən və eyni zamanda ermənipərəst bir yazardı. Bunun üçün Mehmet Ali Birandın tərcümeyi-halını oxumaq və ya onun kitablarını oxumaq bir o qədər də vacib deyil. Bircə axşam "Kanal D"nin "Xəbərlər" proqramında çıxışını dinləmək kifayətdir. Hələ mən CNN-dəki fəaliyyətindən danışmıram.
   
   Mehmet Ali Birand bundan əvvəlki köşə yazısında Azərbaycanı həddindən çox aşağılamışdı. Mən də Hrant Dinkin öldürülməsinin ildönümü ilə bağlı 24 saat "Sarı gəlin"in sədaları altında dəsmal götürüb ağlayan Biranda bir qədər sərt cavab yazmışdım. Məqaləni Birandın özünə də göndərmişdim. Başqa qəzetlərdə Biranda nə cavab yazıldığından xəbərim yoxdu, yalnız "Yeni Müsavat"da qələm dostum Xalid Kazımlının çox ciddi bir reaksiyasını oxudum. Demək olar ki, elə fikirlərimiz üst-üstə düşürdü. Belə də olmalıdı, çünki eyni odda yanırdıq.
   
   "Azadlıq" qəzeti dünənki sayında yazır: "Bu məqalədən (Birandın məqaləsindən - A.A.) sonra Azərbaycan hakimiyyətinin nəzarətində olan media qurumları Mehmet Ali Biranda qarşı "qara piyar"a başladılar. Kampaniya o qədər böyüdü və əndazəni aşdı ki, Birand növbəti dəfə qələmə sarılmalı oldu".
   
   Yaxşı, deyək ki, mən hakimiyyətə yaxın qəzetəm, amma onu da deyim ki, hakimiyyətin nəzarətində olan qəzet deyiləm. Bəs "Yeni Müsavat"?! Hakimiyyətin nəzarətində olan qəzetdir? Bəs Xalid Kazımlı? Hakimiyyət jurnalistidir?! Şəxsən mən bunu bilmirdim.
   
   Birandın dünən "Azadlıq" qəzetində dərc olunan məqaləsinə cavab verməyə həvəsim yoxdu. Çünki ona ən gözəl cavabı hakimiyyət jurnalisti Xalid Kazımlı hakimiyyət nəzarətində olan "Yeni Müsavat"da çox ağıllı bir cavab verib. Belə qərara gəldim ki, bugünki nömrəmizdə həm Xalid Kazımlının məqaləsini, həm də mənim Birandın bundan öncəki yazısına cavabımı yenidən dərc edim.
   
   Amma Birandın son yazısındakı bir fikrə münasibətimi bildirmək istəyirəm. Birand müəllim yazır: "Şüşə evdə oturanların başqalarını daşlaması ən böyük xətadır! Məndən qardaşca bir xatırlatma..."
   
   Əvvəla, xatırlatdığına görə sağ olsun. İkincisi də Birand "şüşə ev" deyəndə nəyi nəzərdə tutduğunu başa düşürük. Mən də Biranda bir hadisəni xatırladıram.
   
   Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə alanda İbrahim xana bir məktub göndərir. Qısası, məktubda yazır ki, oturmusan şüşənin içində, mən o şüşəni bir yumruqla darmadağın edərəm. Vaqif də İbrahim xanın adından Qacara belə bir məktub göndərir ki, əgər məni qoruyan mənim Tanrımdırsa, şüşənin içində də qoruyar.
   
   Birand narahat olmasın, bizi qoruyan bizim Tanrımızdırsa, şüşənin içində də qoruyar.

TƏQVİM / ARXİV