adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Avqust 2019 16:13
16916
ƏDƏBİYYAT
A- A+

"Respublika Xatirə Kitabı ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsidir"

1992-ci ildən fəaliyyətə başlayan Respublika Xatirə Kitabı Redaksiyası tariximizin qiymətli, dəyərli səhifələrini özündə əks etdirir. Bəs görəsən, ötüb arxada qalan bu illər ərzində redaksiya heyəti hansı işlər görüb? Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, "Yada düşdü" jurnalının baş redaktoru və təsisçisi şair Nəzakət Məmmədli ilə söhbətimizi bu suallar ətrafında qurduq. Baş redaktor illərin tarixini geriyə vərəqləyərək dedi:

– İyirmi ildən çoxdur Respublika Xatirə Kitabı Redaksiyasında çalışıram. 1997-ci ildə Xatirə kitabının 1-ci cildi kiril əlifbası ilə işıq üzü gördü. 2001-ci ilə qədər bu dəyərli kitabın 3 cildini buraxdıq. Hazırda Xatirə Kitabının 16 cildi nəşr olunur. Kiril əlifbası ilə nəşr olunan kitabları da latın əlifbası ilə yenidən çap etdik. Ümumiyyətlə, 20 cildliyin nəşri nəzərdə tutulub.

– Xatirə Kitabında hansı dövrləri, hansı illəri əks etdirmisiniz?

– Respublika Xatirə Kitabında 1941-1945-ci illərdən başlayaraq bütün müharibələr, münaqişələr, müstəqillik dövrləri, zorla cəlb edildiyimiz Qarabağ müharibəsi, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğul və qızlarımızın adları, döyüş yolları əbədiləşdirib. Düzdür, keçmiş İttifaq dövründə İkinci Dünya müharibəsində həlak olan, itkin düşən döyüşçülər haqqında ensiklopediya çapa hazırlanırdı. Təəssüflər ki, respublikamız üçün nəzərdə tutulmuş 20 cilddən cəmi 3 cildi çap olundu. Biz işə başlayanda fəaliyyətimizi yalnız bunlarla məhdudlaşdırmadıq. Qərara gəldik ki, növbəti cildlərdə Qarabağda şəhid olmuş, itkin düşmüş vətəndaşlarımızdan da bəhs edək. Sonra bu siyahıya Əfqanıstan müharibəsində və Çernobıl faciəsində həlak olanlar da daxil edildi.

– Redaksiyanızda Qarabağ müharibəsində itkin düşən, ermənilər tərəfindən əsir aparılan vətəndaşlarımızın taleyi ilə bağlı hansı işlər görülür?

– Əlbəttə, bu istiqamətdə də işlər aparılır. Biz vətəndaşlarımızın taleyinə biganə qala bilmərik. İki ildən artıqdır Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Komissiyası ilə birlikdə əsir və itkin düşmüş vətəndaşlarımız haqqında kitab hazırlayırıq. Əməkdaşlarımızın bu kitabı yazarkən keçirdikləri sarsıntıları, ağrı-acıları sözlə ifadə etmək çox çətindir. Əsirlər erməni qəsbkarlarının başlarına açdıqları oyunlardan, verdikləri işgəncə və əzablardan ürək ağrısı ilə, dilləri yana-yana danışırdılar. Daşnak qəddarlığının sonu yoxdur, bu quldurların qanlı əməlləri insanlıq adına yaraşmayan qara bir ləkədir. Onları dinlədikcə təəssüf hissləri keçirirsən ki, erməni işğalçılarının əzab və işgəncələrinə, cinsi istismarına məruz qalanlar bizim vətəndaşlarımızdır. Biz ermənilərdən hərtərəfli əzab çəkmişik. Həm torpaqlarımız işğal olunub, həm kənd və qəsəbələrimiz, şəhərlərimiz dağıdılıb, həm də vətəndaşlarımız həlak olub, əsir düşüb. Ürək ağrıdan bir fakt da odur ki, daşnakların zülm və istismarına məruz qalan vətəndaşlarımıza yalandan artıq Azərbaycan adlı bir ölkənin olmadığını deyirlər. Məqsədləri də budur ki, qoy əsirlikdə olanlar geri qayıtmağa yerlərinin olmadığını düşünsünlər. Deməli, ermənilər əsirlərə həm mənəvi, həm də fiziki əzab verirlər. Onlar üçün artıq həyatın bitdiyini təbliğ edirlər. Təbiidir ki, bütün bunlar bizim üçün çox ağrılı və əzablıdır. Nə qədər əzablı olsa da bir an olsun işlərimizdən qalmırıq. Çünki bu faciə bizim tariximizin qanlı səhifəsidir. Bütün bunları biz mütləq qələmə almalıyıq. Bütün baş verənləri yazıb gün işığına çıxarmaq, dünya dövlətlərərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq günümüzün ən aktual və zəruri işlərindən biridir. Ermənilərin zülm və işgəncələrini mütləq yazıb tarixləşdirməliyik. Tarixləşdirməliyik ki, qoy bütün bunları gələcək nəsillər oxuya-oxuya doztumuzu, düşmənimizi yaxşı tanısınlar. Erməni işğalçılarına qarşı nifrətlə böyüsünlər. Çünki yeri gələndə nifrət ən kəsərli silahdır. Belə bir silaha sahib olsaq yəqin ki, qələbəni asanlıqla qazanarıq. Artıq əsir və itkinlərin ağrılı həyat yollarından bəhs edən kitabın birinci cildi işıq üzü görüb. İkinci cildi isə bu ilin oktyabr ayında çapa veriləcək. Dörd cilddə nəşri nəzərdə tutulan bu kitablar, əslində erməni faşizminin üzünə oxunan ittiham aktıdır.

– Göründüyü kimi, qarşınızda heç də asan məsələlər dayanmayıb. Respublika Xatirə Kitabını qısaca olaraq necə qiymətləndirərdiniz?

– Mənə elə gəlir ki, Respublika Xatirə Kitabı vətənpərvərlik mövzusunda yazılmış ən dəyərli ensiklopedik abidədir. Yaddaşımızın ağrı-acısı və sızıltısıdır. Müharibələri törədən, insanlara ölüm gətirənlər üçün ibrət dərsi verən bir kitabdır.

– İşləriniz gərgin olduğu qədər də zəruridir.

– Mən deyərdim ki, həm də məsuliyyətlidir. Biz hər bir şəhidin tərcümeyi-halını, döyüş yolunu yazarkən bir neçə mənbəyə müraciət edirik ki, səhvə yol verməyək. Çünki Respublika Xatirə Kitabı istinad edilən ən etibarlı mənbədir. Ona görə də işimizə böyük məsuliyyət və diqqətlə yanaşırıq. Xatirə kitabları vaxta, zaman baxmır. O həmişə, hər vaxt aktualdır və yəqin ki, aktual olaraq da qalacaq.

– Azərbaycanın Milli Qəhrəmanları haqqında hazırladığınız kitab çox dəyərlidir. Hiss olunur ki, bu istiqamətdə də böyük işlər görmüsünüz.

– Qəhrəmanlar haqqında yazılanlar bizim hər kəsin stolüstü kitabı olmalıdır. Çünki böyüməkdə olan nəsillər qəhrəmanlığı, igidliyi onlardan öyrənirlər. 2009-cu ildə Azərbaycanın Milli Qərəmanları haqqında kitabı nəşr etdik. Mən bu kitabı qəhrəmanlıq toplusu da adlandırardım. Bu insanlar torpaq və Vətən uğrunda şəhid olublar. Onlar haqqında yazmaq, yad etmək bizim ən müqəddəs borclarımzdan biridir. Bu müqəddəs borcun öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar.

– Qarşıda yeni layihələriniz varmı?

– Respublika Xatirə Kitabı Redaksiyasının ən maraqlı, geniş auditoriya qazanmış layihələrindən biri də "Şəhidlər ölməz-Vətən bölünməz"dir. Biz layihəni "Bakı-Xəbər" qəzeti ilə birgə həyata keçiririk. Layihə çərçivəsində Qarabağ müharibəsində şəhid olmuş igid zabit və əsgərlərimizin cəsurluğu tərənnüm olunur. Tanınmış yazıçı və publisistlərin yazdığı məqalə və oçerklər Xatirə kitablarına salınmazdan əvvəl "Bakı-Xəbər" qəzetində dərc olunur. Biz bu yolla şəhid qəhrəmanlarımızı bir az da geniş tərənnüm etməyə, gənclərimizə vətənpərvərlik hisləri aşılamağa çalışırıq. Və düşünürəm ki, məqsədimizə, məramımıza çatırıq. Gənc nəslin daha da vətənpərvər böyüməsi üçün şəhid qəhrəmanlarımızın döyüş və ömür yolundan bəhs edən əsərlərin dərsliklərə salınması yaxşı olardı. Tarix boyu həmişə belə olub: gənc nəsillər qəhrəmanlardan örnək götürüblər. Biz sınaqdan çıxmış bu yolu uğurla davam etdirməliyik.

– Gələn il qələbənin 75-ci ilidir. Yəqin ki, Qələbə gününə sizin də töhfələriniz olacaq.

– Qələbənin 75 illiyi ilə bağlı kitab çapa hazırlanır. Kitabda biz babalarımızın qəhrəmanlığı ilə bərabər Bakı neftinin qələbənini qazanılmasındakı əvəzsiz rolundan da geniş bəhs edəcəyik.

– Nəzakət xanım, siz şairsiniz, əsərlərinizin ruhundan, məzmunundan hiss olunur ki, yaradıcılığınızın ana xəttini vətənə sevgi, igidlik və qəhrəmanlıq təşkil edir.

– Söz böyük qüvvədir. Vətənpərvərlik hislərinin aşılanmasında poeziyanın rolu əvəzsizdir. Yaradıcı adamlar gözəl bilirlər ki, şeir elə belə, heç nədən yaranmır. Qarşılaşdığın hansısa bir hadisə sənə təsir edir, duyğularını tərpədir. Böyük Vətən müharibəsi illərində yazılan şeirlərin həm ön, həm də arxa cəbhədəki əsgərlərdə böyük ruh yüksəkliyi yaratdığını hamımız gözəl bilirik. Bugünkü şair və yazıçılar da bu mövzuda gözəl nümunələr yaradırlar. Düşünürəm ki, döyüşən poeziyaya bütün zamanlarda ehtiyac var. Müharibə şəraitində yaşadığımız günlərdə biz bu mövzuya böyük diqqət yetirməliyik. Yaradıcı bir insan kimi şeir və poemalarımda sabahımızın əsgərlərinə, yurdumuzun keşikçilərinə igidlik, qəhrəmanlıq və cəsurluq aşılamağa çalışıram. Bu gün yalnız silahla deyil, qələmlə də döyüşməliyik. Yurdumuza keşik çəkən əsgərlərimizə arxa və dayaq durmalıyıq.

–Bu gün vətənin keşiyində dayanan zabit və əsgərlərimizə ürək sözlərinizə də eşitmək xoş olardı.

– Sözün həqiqi mənasında mən gündən-günə güclənən, qürdətlənən ordumuzla fəxr edirəm, qürur duyuram. Silahlı Qüvələrimizin zabit və əsgərlərinə yalnız qələbə arzulayıram. İnanıram ki, Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad edərək tarix yazaraq. Bizlər isə bunun canlı şahidi olacağıq.

Söhbəti yazdi:

Vahid MƏHƏRRƏMOV