Cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışı olub (FOTO)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyub.
Məruzəyə əsasən, 150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də 450 kubmetr həcmində su anbarı, əsgər yeməkxanası, ərzaq və əşya anbarı, hamam-camaşırxana-qazanxana kompleksi, 60 yerlik avtodayanacaq, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.
Hərbi hospitalda sahəsi 7267 kvadratmetr olan ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub. Mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomotologiya, oftalmologiya, yuma-dezinfeksiya, genekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermotologiya və efferent bölmələri yaradılıb.