DAğLAR OğLU

AQİL ABBAS
44766 | 2010-05-04 11:50
Dəqiq tarixi yadımdan çıxıb, 10 il, bəlkə də daha çox, bundan əvvəl kiçik oğlumla Lerikdə Novruz müəllimin qonağı olmuşam. Leriki ilk dəfə görəndə xeyli kövrəlmişdim. Bizim Qarabağa oxşayır, xüsusilə də Kəlbəcərə. Yalnız Kəlbəcərdə bir ot bitirdi, ona camaat "maral otu" və ya "ağ ot" deyirdilər. Bu ot solmur və təravətini itirmir. 65-66-cı illərdən Kəlbəcər dağlarından yığdığım həmin ot hələ də öz gözəlliyi və təravəti ilə durur. Xarı bülbül yalnız Şuşada bitən kimi bu maral otu da yalnız Kəlbəcərdə bitir. Mən elə bilirəm. Amma bunu Lerikdə də gördüm. Çəmənliyi bağrıma basıb uzun illər həsrətində olduğum bu otları öpdüm.
   
   Novruz müəllimlə Lerikin ən ucqar kəndlərinə getdik. Lerik dağlarının ən yüksək zirvələrinə qalxdıq. Ordan Cənubi Azərbaycan ovucunun içindədi. Ərdəbil görünür.
   
   Bahalı restoranlarda bahalı süfrələrdə oturmadıq. Zuvandda bir sadə kəndlinin qapısını döydük.
   
   Ağa Laçınlının "Səmimiyyət" adlı çox gözəl bir şeiri var. Şeiri bütöv yazmıram.
   
   
   
   Ərk ilə evinə gəlmişəm, ay dost,
   
   Görürəm açıqdır qaşın-qabağın.
   
   Komanı imarət bilmişəm, ay dost,
   
   Nə lazım utanıb tər axıtmağın.
   
   Sanma bəyənmirəm yavan loxmanı
   
   Doyursan qəlbimi səmimiyyətlə,
   
   Bağrıma basaram kasıb daxmanı.
   
   
   
   Bu kasıb kəndli evində elə bir səmimiyyət gördüm ki, bu kasıb daxmanı bağrıma basmaq istədim.
   
   Kasıbın olanından bir gözəl süfrə açıldı. Bu süfrədə nə yeyib-içdiyim yadımda deyil. Amma onu bilirəm ki, süfrədə nə vardısa hamısına Lerikin dağının, daşının, torpağının, suyunun, havasının dadı hopmuşdu. Süfrə ətrafında bu kasıb süfrənin sahibləri ilə, bizim gəldiyimizi eşidib bura təşrif buyuran qonum-qonşularla etdiyim söhbətlərin hamısı yadımdadı. Lerikin ən uca zirvəsindəki bu kənddə sanki bir ədəbi məclis qurulmuşdu.
   
   Novruz müəllimin tariximizi, ədəbiyyatımızı, poeziyamızı bu qədər sevdiyini və bildiyini bilmirdim. Dağlara, daşlara, torpağa, poeziyaya bağlılıq bizi də bir dost kimi bir-birinə bağladı.
   
   Bu günlərdə Türkiyədən bir əziz qonağım gəlmişdi. Ona Azərbaycanı göstərirdim. Qarabağa apardım, Qubaya apardım, Dəvəçidəki Çıraqqalaya qaldırdım. Geri dönərkən yolda təsadüfən Novruz müəllimlə rastlaşdıq. Təbii ki, bizi buraxmadı. Bir gözəl çay süfrəsi açdı. General qonağım da bu çay süfrəsi arxasındakı söhbətlərdən məmnun oldu. Və yenə söhbət tarixdən, ədəbiyyatdan, poeziyadan düşdü. Və bir də təbii ki, dövlətçilikdən, Türkiyə-Azərbaycan münasibətlərindən, Qarabağ problemindən, Atatürkdən, Ulu Öndər Heydər Əliyevdən, möhtərəm prezidentimiz İlham Əliyevdən, onun ölkədə gördüyü işlərdən, apardığı siyasətdən.
   
   Ayrılarkən general Tuncay Yılmaz Novruz müəllimə dedi:
   
   -Hiss edirəm ki, siz şeir yazırsınız. Mən Azərbaycan poeziyasını çox sevirəm, mümkünsə bir neçə şeirinizi mənə hədiyyə edin.
   
   Novruz müəllim də generalın sözünü yerə salmadı.
   
   Bakıya döndükdən sonra həmin şeirlərin bir nüsxəsini də özüm üçün çıxartdım.
   
   Və Novruz müəllim bağışlasın ki, ondan icazəsiz şeirlərini bugünki nömrəmizdə dərc edirəm.

TƏQVİM / ARXİV