adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Avqust 2019 16:59
19481
ƏDƏBİYYAT
A- A+

"Kirayədə yaşayan adamam" - Gənc yazardan Rəşad Məcidə CAVAB

Adalet.az-ın AYB-nin Gənclər üzrə kaitibi Rəşad Məcidin açıqlamasına gənc yazar Tural Turan şəxsi profilində cavab verib. 

Qeyd edək ki, Rəşad Məcid açıqlamasında bu fikirləri səsləndirmişdi:

"Birdən birə sədr olmaq istəyirlər? Katib olmaq istəmirlər? Yaxşı arzulardır. Açığı Tural Turanla Fuad Cəfərli üzvlük haqqını vermədikləri üçün AYB-nin üzvlüyündən çıxarılmaq ehtimalları var. Gəlsinlər hələ üzvlük haqqını versinlər, sonra namizədliklərini irəli sürərlər".

Adalet.az Tural Turanın cavabını olduğu kimi sizə təqdim edir:

 "Sayğılı Rəşad müəllim. AYB-nin sizin kimi katibi varsa, bizə nə hacət. 54 yaşında Gənclər üzrə katibsiniz. Yəqin ki, vəzifənizə göz tikənlər də az deyil. Amma mənim nə sizin, nə də başqalarının tutduğu vəzifədə, kresloda gözüm var. Mən mövcud idarəetmənin ləngliyini əsas tutaraq yeniləşməni struktur islahatlarında görürəm. Gələk üzvlük haqqı məsələsinə; cəmi 3 aydır ki, Prezident təqaüdü alıram. Maddi imkanım o qədər aşağı səviyyədədir ki, aylıq gəlirimdən çıxışdırb həmin məbləği ödəyə bilmirəm. Mənim üçün 5 manat da böyük puldur. Nəinki 15 manat... 

Kirayədə yaşayan adamam. Bir yaradıcı insanın ehtiyaclar içərisində boğulmasında da Azərbaycan Yazıçılar Birliyinin günahı böyükdür. 800 yüz min manat pul ayrılıb dövlət tərəfindən, gənclərin sosial durumunun yaxşılaşdırılması, rifahı üçün nəsə etmək olmazdımı? Bu yaxınlarda Sabir Rüstəmxanlıya, Kamal Abdullaya həmin puldan mükafat ayrıldı. Onlar da pullarını gənc yazarlara verməklə həmin pula ehtiyacları olmadığını nümayiş etdirdilər. Həmin məbləğin elə əvvəlcədən gənc yazarlara ayrılması doğru olmazdımı? 

Sayğılı Rəşad müəllim, bu ayın təqaüdünü alan kimi gətirib 45 manat borcumu ödəyəcəyəm. Qurultaya nümayəndə seçilmək üçün yox, borclu qalmamaq üçün. Eybi yox, bir aylıq gündəlik xərclərimi azaldaram. Amma bilin ki, bir gənc yazar üzvlük haqqını ödəyə bilmirsə, AYB-nin hazırkı fəaliyyəti, üzvü olduğum qurumdakı idarəetmə hansı səviyyədədir. Bəlkə bundan sonra məni birlikdən xaric də elədilər. Amma həqiqətin bir üzü var. 

Sayğılarla, Tural Turan.