adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Avqust 2019 09:40
20278
GÜNDƏM
A- A+

Zakir Nəsirovun necə qeyrətli kişi olduğu bir daha sübut olundu

"Çoxumuz Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını oxumuşuq. Ada görə bu kitaba borcluyam. Sadəcə, mən eşitdiklərim və oxuduqlarım deyil, ancaq şəxsən gördüklərim və bildiklərim barədə yazacam”.

Tanınmış vəkil Adil İsmayılov bir neçə gün əvvəl özünün "facebook” səhifəsindən vəkillik fəaliyyəti dövrü gördüklərini və bildiklərini qələmə alaraq, oxucularla bölüşəcəyinin anonsunu məhz bu sözlərlə vermişdi. Artıq bir neçə yazı paylaşan Adil İsmayılov, yaxın keçmişimizdə baş vermiş hadisələrlə bağlı sensasiyalı məlumatlar və faktları açıqlayır.

"AzPolitika.info” əlavə şərh vermədən, ancaq kicik ixtisarlarla tanınmış vəkilin böyük maraq doğurmuş, indiyədək məlum olan və olmayan sensasiyalı məlumatlarla zəngin yazılarını oxucularına təqdim edir:

Niyə gördüklərim və bildiklərim? Niyə məhz indi?

Uzun müddət – 1978-ci ildən hüquq sistemində çalışdığımdan və respublikada baş verən demək olar ki, bütün olayların mərkəzində, səs-küylü proseslərin iştirakçısı olduğumdan, bölüşməli çox xatirələrim var. Əsasən vəkillik fəaliyyətimlə bağlı işlərdən yazmaq istəyirəm. İstəsəniz ara-sıra müstəntiq kimi fəaliyyətimlə bağlı işlərdən, habelə insan kimi başıma gələn maraqlı hadisələrdən də yazaram.

Bəs niyə məhz indi yazmaq istədim? Yəqin ki, birinci səbəb yaşdır. İstəsəm də, istəməsəm də ömrün qürub çağını yaşayıram və xatirələrimi bölüşməyin bir faydası olacağını düşünürəm. İkincisi, daha önəmli səbəb də var. Bu gün danışacağım hadisələrin canlı şahidləri və iştirakçılarının, hamısı olmasa da, müəyyən hissəsi həyatdadır və mən onların sağlığında yazmaq istədim ki, yazdıqlarımın gerçəkliyinin yoxlanılması mümkün olsun, kiminsə arxasınca danışmaq kimi çıxmasın. Yazdıqlarımı oxuyarkən nəzərə alın ki, həmişə peşəmə hörmətlə yanaşmışam, vəkil sirri və vəkillik etikası mənim üçün son dərəcə dəyərlidir.


Nədən başlayacağım barədə çox fikirləşdim. Qərara gəldim ki, birinci yazımı İsa Qəmbərin həbsi ilə bağlı xatirələrimə həsr edim. Yəqin bəzilərinizin yadında olar ki, İsa bəy iyun hadisələrindən bir müddət sonra, dəqiq desək 16 iyul 1993-cü ildə həbs edilmişdi və təxminən bir aya kimi DTK-nın istintaq təcridxanasında qaldı. İş belə gətirdi ki, mən istintaqın əvvəlində onun hüquqlarını qoruyası oldum. Beləliklə, başlayaq. Bilirsinizmi, İsa Qəmbər həbsdən necə və kimin zaminliyi ilə çixdi?

İsa bəylə söhbətdə biz nələrdən danışdıq?

Əvvəl İsa bəylə tanışlığımızın tarixçəsi barədə bir haşiyə çıxım. Ümid edirəm ki, xatirələrimə İsa bəyin işindən başlamağım onun xətrinə dəyməyib. İsa bəylə universitetdə eyni dövrdə oxumuşuq. O, tarix fakültəsini məndən bir il sonra bitirmişdi. O vaxtlar tanışlığımız olmayıb. Əyani tanışlığımız 1991-ci ildə mən prokurorluqdan gedəndən sonra oldu.

Mən prokurorluqdan gedəndən sonra xalq hərəkatının bir sıra üzdə olan nümayəndələri ilə görüşmüşəm, o cümlədən də AXC-nin sədri Elçibəylə görüşlərim olub (Yəqin ki, Əbülfəz bəylə görüşlərim ayrıca bir yazı mövzusu olacaq). Bu görüşlərdən sonra Cəbhəyə qarşı, mülayim desəm, bir etimadsızlıq yaranmışdı, bu barədə fikirlərimi yazıb Əbülfəz bəyə də göndərmişdim.



1992-ci ildə Cəbhə hakimiyyətə gələndən sonra mən vəkil kimi bir neçə siyasi işdə iştirak etdim. Müdafiə etdiyim şəxslər baxışlarına görə qanunsuz həbs edilmişdilər. Bunlardan Miralim Bəhramov və Bakı Şəhər Polis İdarəsinin sabiq rəisi, xalq deputatı Bəxtiyar Əliyevin işlərini qeyd edə bilərəm. Bu işlərlə bağlı görüb-bildiklərimi indi yazıb vaxtınızı çox almayım. Hələlik, təkcə onu deyim ki, Bəxtiyar Əliyev deputat olsa da, toxunulmazlığı götürülmədən həbs edilmişdi. Həbsindən sonra prokurorluq Milli Məclisə müraciət etmişdi. Müzakirə zamanı İsa Qəmbər bildirmişdi ki, siz səs versəniz də, verməsəniz də biz Bəxtiyar Əliyevi tutmuşuq və buraxmayacağıq.

1993-cü ilin avqust ayında mən vəkil olmaqla yanaşı "Müxalifət” qəzeti ilə də əməkdaşlıq edirdim və orda Mehman Cavadoğlu ilə tanış olduq. Cəbhə hakimiyyətə gələndən sonra Mehman bəy indiki "Azərbaycan” qəzetinin baş redaktoru oldu. Mehman bəy mənim xahişimlə İsa bəylə görüşümüzü təşkil etdi.

Biz İsa bəylə onun kabinetində təkbətək söhbət etdik. Söhbətimizin nəticəsi xoş olmadı. Söhbətin detallarını tam xatırlasam da, indi açıqlamaq istəmirəm. İsa bəyin sözü olmasın, "hamısını indi desək, gələcək söhbətlərə nə qalacaq?” Amma İsa bəyin yadında qalıbsa, danışsa minnətdar olaram. Söhbətimizin sonunda İsa bəy, niyə məhz onun yanına gəlməyimin səbəbini soruşdu. Mən dedim ki, Cəbhə hakimiyyətində ən ağıllı adam onu hesab edirəm. İsa bəy gülümsəyərək özünəməxsus tərzdə dedi ki, bəy, etimadınızı doğrultmağa çalışacam.

Mən necə İsa Qəmbərin vəkili oldum?

1993-cü ilin iyul ayının 16-da MM-də Gəncə hadisələri ilə bağlı məsələnin müzakirəsi zamanı İsa Qəmbər çıxış etdikdən sonra, təxminən saat 20:30 radələrində foyedə olarkən mülki geyimdə olan bir neçə şəxs onu məcburi qaydada Səbael Rayon Polis İdarəsinə aparıb həbs etdi. Elə həmin gün Milli Məclis onun, Sülhəddin Əkbərovun və İxtiyar Şirinovun Milli Məclisin üzvlüyündən azad olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələrinə razılıq verilməsi barədə qərarlar verdi.

Bundan bir neçə gün sonra İsa Qəmbərin yaxınları mənimlə görüşüb, ona vəkillik etməyimi xahiş etdilər. Mən İsa bəylə aramızda olan yuxarıda qeyd etdiyim xoşagəlməz söhbəti xatırladıb dedim ki, ola bilsin o, vəkilliyimi qəbul etməyəcək. Bildirdim ki, əgər İsa bəy şəxsən müraciət etsə, etirazım yoxdur. 22 iyulda İsa Qəmbər vəkil təyin edilməyim barədə rəsmi ərizə ilə istintaqa müraciət etdi və mən onun vəkili kimi işə buraxıldım. Bundan sonra MTN-in istintaq təcridxanasında İsa bəylə görüşlərimiz oldu. Birinci görüşümüzdə məlum oldu ki, İsa bəy həbs edildikdən 10 gün sonra ona ittiham elan edilib. Barəsində ittiham elan edilənədək 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Əli Ömərovun sifəti dəyişdi və öz işçilərini təhqir etdi…
Əli Ömərovun şəxsən imzaladığı həbs qərarında İ.Qəmbəri müqəssir qismində cəlb etmək üçün kifayət qədər əsas olmadığı yazılıb. Milli Məclis də qərarında İsa Qəmbərin həbsinə razılıq verməmişdi. İsa bəylə görüşdən sonra mən mətbuat konfransı keçirtdim və onun həbsinin qanunsuz olması barədə bəyanat verdim.


Bundan dərhal sonra məni baş prokuror Əli Ömərov çağırtdırdı. Məni görən kimi birinci sözü bu oldu ki, qəzetlərdə ağlınıza gələni yazırsınız. Nədən narazı olmasını soruşdum. Dedi ki, o nə vaxt, harda İsa Qəmbərə ittiham elan etmək üçün kifayət qədər əsas olmadığını yazıb. Bildirdim ki, imzaladığınız həbs qərarında belə yazılıb. "Ola bilməz” dedi, müavinini və işi aparan müstəntiqi çağırdı, həbs qərarında dediklərimin həqiqət olduğunu oxuyandan sonra sifəti dəyişdi və öz işçilərini təhqir etdi…

Avqust ayının 16-da mənə prokurorluqda dedilər ki, İsa Qəmbəri buraxacaqlar. Mən, dərhal MTN-ə gedib bu barədə İsa bəyə məlumat verdim. Lakin həmin gün onu buraxmadılar.

Nəhayət, 18 avqustda mən müstəntiqlə MTN-ə gəldim və həmin gün İsa Qəmbəri azad etdilər. Sonralar İsa bəy mənə deyirdi ki, son iki gün ondan ötrü əvvəlki bir aydan daha uzun olmuşdu. Bu hadisədən sonra müdafiə etdiyim heç bir şəxsə azad olunması barədə qərarı görmədən buraxılacağını demirəm…

Yadımdaykən ikinci sualın da cavabını yazım. Dostlardan Ehtiram Ilham İsa bəyi zaminə götürən şəxslərin adını düz yazıb. Bunlar Xalq yazıcıları Anar və rəhmətlik Yusif Səmədoğlu idilər. Onlar da İsa bəy azad olunan gün MTN-ə gəldilər. Yusif Səmədoğlunun xahişi ilə təcridxana rəisi ona kameranı göstərdi. Yusif müəllim gülə-gülə dedi ki, kamerada duş da olsa yaradıcılıq üçün əla şərait var. İsa Qəmbərin işi ilə bağlı hələki, bu qədər…

Pivə zavodunun direktorunun ölüm işi, Hacı Məmmədovla tanışlığımız…


Söz vaxtına çəkər, deyirlər. 1989-cu ilin sentyabr ayının 6-sı idi. Mən altı il idi ki, Azərbaycan Respublikasının Prokuroru yanında xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyirdim (o vaxt vəzifə belə adlanırdı və cəmi 16 nəfər idik, bəzən bizə sadəcə "vajnyak” deyirdilər).

Respublika Prokuroru İlyas İsmayılov məni kabinetinə çağırdı, dedi ki, "Xırdalan” pivə zavodunun direktoru Fazil Şirəliyev 5 sentyabrda Fatmayı yolunda odlu silahdan açılmış atəşlə qətlə yetirilib. Göstəriş verdi ki, Abşeron rayon prokurorluğuna gedib işi icraata götür və istintaqı davam etdir. Bu hadisəyə qədər mən bir neçə ölüm işi üzrə uğurlu istintaq apardığımdan bu sahədə ən yaxşı müstəntiqlərdən biri hesab edilirdim. Mən Xırdalana gəldim, işi prokurorluqdan götürüb tanış oldum.

Məlum oldu ki, 5 sentyabr 1989-cu ildə axşam 20:00 radələrində Bakı-Fatmayı yolunun 15-ci kilometrliyində naməlum şəxslər "Xırdalan” pivə zavodunun direktoru Fazil Şirəliyevi işdən çıxıb evinə gedərkən təqib edib və "Naqan” tipli tapançadan dörd dəfə atəş açmaqla, onu qətlə yetiriblər. Hadisənin yeganə şahidi Şirəliyevin sürücüsü olub. Hadisədən sonra onu 15 sutkalıq həbs edib, polis şöbəsində saxlayıblar.

Mən Xırdalana gələndə Daxili işlər Nazirliyinin və Prokurorluğun rəhbər işçiləri orda idilər. İş xüsusi nəzarətə götürülmüşdü. Mərhum vaxtilə Mərkəzi Komitədə şöbə müdiri, Salyan rayon Partiya Komitəsinin 1-ci katibi vəzifələrində işləmişdi. Ölkə rəhbərliyi işin tez bir zamanda açılmasını tələb edirdi. Mən ilk növbədə sürücü ilə söhbət etdim, o bütün gördüklərini təfsilatı ilə danışdı. Maşını saxlayarkən arxadan "Jiquli” markalı maşının yaxınlaşdığını, Fazil müəllim düşəndə həmin maşından 3 nəfərin düşüb onun arxasınca getdiklərini, bir neçə atəş səsi eşitdiyini, qorxusundan maşını sürüb hadisə yerindən qaçdığını, "Jiquli” gedən kimi geri qayıtdığını və direktoru maşına qoyub xəstəxanaya apardığını göstərdi.

Sürücü and-aman edirdi ki, atəş açan şəxsləri tanımır və onları təsvir edə bilməz, maşının nömrəsini də görməyib, daha doğrusu deyirdi ki, nömrənin üstü nə iləsə bağlı idi (sonradan onun dedikləri təsdiqini tapdı). Həmin gün Respublika Prokurorunun və Daxili İşlər nazirinin birgə əmri ilə istintaq-əməliyyat qrupu yaradıldı və mən qrupun rəhbəri təyin edildim. Qrupa Prokurorluğun və DİN-in mərkəzi aparatının təcrübəli işçiləri, kriminalistlər, habelə Abşeron Rayon Prokurorluğu və polisinin bir neçə əməkdaşı daxil idi.

Bu işin istintaqında kriminalist kimi Rövşən Əliyev yaxından iştirak edirdi. Qrupun üzvlərindən biri də Abşeron Rayon Polis İdarəsinin yenicə təyin edilmiş əməliyyat üzrə müavini Hacı Məmmədov idi. Hacı ilə bizim tanışlığımız da orda oldu. Qərara alındı ki, istintaq-əməliyyat qrupunun üzvləri rayon polisinin təzəlikcə istifadəyə verilmiş binasında oturacaqlar. Şəxsən mənə isə Hacı Məmmədovun kabineti verildi. Beləliklə, təxminən bir il Hacı Məmmədovun kabinetində oturdum…


Hacı çox ünsiyyətcil insan idi, onunla xoş münasibətlərim yarandı. Bu bir il ərzində Hacı ev sahibi kimi mənim və qrupun üzvlərinin qulluğunda durdu, hər sabah işə gələndə stolumun üstündə hər cür meyvə, çərəz, bahalı konfetlər olurdu, arada zarafatla bizə görə pul qazana bilmədiyini, heç olmasa kabinetə görə ona icarə haqqı verməli olduğumu deyirdi.

İşin açılmasına bir neçə gün vaxtımız getdi, sonrakı mərhələdə müqəssirlərin çoxlu sayda başqa cinayətlər törətdiyi müəyyən olunduğundan biz bir il müddətində işin istintaqını yekunlaşdırıb, məhkəməyə göndərə bildik. Həmin işə görə ümumilikdə 30 nəfərə yaxın, əsas iş üzrə isə 13 nəfər məhkum olundu, onlardan 5 nəfərinə ölüm cəzası verildi. SSRİ dağıldıqdan sonra həmin hökmlər icra olunmadı, müstəqillik dövründə isə əvvəlcə ölüm cəzasının icrasına moratorium qoyuldu, daha sonra isə ömürlük həbslə əvəz olundu.

Hacı Məmmədov bu işə görə orden, Ramil Usubov polkovnik rütbəsini aldı…

1989-1990-cı illərdə həbs edilən həmin şəxslərdən üçü həbsdə dünyasını dəyişib, bildiyimə görə ikisi hələ də Qobustan türməsində cəza çəkir. Dəstə üzvlərinin 1976-1989-cu illərdə 13 il ərzində Azərbaycan, Gürcüstan və Rusiyanın ərazisində 7 qətl, 40-a yaxın quldurluq cinayəti törətdiyi sübuta yetirildi. Yəqin nə vaxtsa bu iş barəsində də xatirələrimi yazacam. İndi isə təkcə onu deyim ki, bu SSRİ məkanında üstü açılmış ilk sifarişli ölüm işi idi. SSRİ Xalq deputatlarının 1989-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayında SSRİ-nin Baş Prokuroru Aleksandr Suxarev və SSRİ-nin Daxili İşlər naziri Vadim Bakatin öz çıxışlarında bu iş barəsində xüsusi qeyd etmişdilər.


1990-cı ilin yanvarında bu iş üzrə əməliyyat qrupunun bütün üzvləri mükafatlandırıldı. Haçı Məmmədov bu işə görə "Za liçnoye mujestvo” ordeni ilə təltif edildi. Bu orden cəmi 529 nəfər SSRİ vətəndaşına verilib ki, onlardan biri Hacı Məmmədov olub. Yeri gəlmişkən, bu işə görə mükafatlandırılanlardan biri də o vaxt DİN-in Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində işləyən Ramil Usubov oldu. Ramil müəllimə bu işə görə polkovnik rütbəsi verildi.

Həmin işə görə istintaq qrupunun üzvlərini mükafatlandırmaq üçün məhkəmənin başa çatmasını gözləyirdilər. Məhkəmə 12 noyabr 1991-ci ildə başa çatdı, onda mən artıq prokurorluqda işləmirdim. Hacı Məmmədovla yollarımız bu işdən sonra ayrıldı, onunla ikinci görüşümüz dostum, prokuror-kriminalist Rövşən Əliyevin hüzr mərasimlərində oldu. Səhv etmirəmsə, Hacı ilə Rövşən də bir-birini məhz pivə zavodunun direktorunun ölüm işindən tanımışdılar…

Rövşən Əliyevin qətli, Haci Məmmədovla ikinci görüşüm…

2002-ci ilin mart ayının 13-də Rövşən Əliyev Respublika Prokurorluğundan təxminən 150-200 metr məsafədə, Nizami küşəsi 12-də yerləşən binanın qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirildi. Biz Rövşənlə eyni dövrdə universitetdə oxumuşduq, hər ikimiz təyinatla prokurorluğa gəlmişdik və yaxın dost idik. Mən onu prokurorluğun tarixində ən bacarıqlı prokuror-kriminalist kimi tanımışam.


Rövşən Azərbaycanın ilk hərbi prokuroru kimi də tarixə düşüb. Hadisə barədə xəbər tutan kimi onun həyat yoldaşı İradə xanım mənə zəng etdi və dedi ki, Rövşəni öldürüblər və meyidini morqa aparıblar. Mən dərhal morqa getdim. Orda məhkəmə-tibb eksperti ilə görüşdüm və bəzi məlumatlar öyrəndim.

Bir, ya iki gün sonra İradə xanımla zəngləşib evlərinə getdim. Onunla bir xeyli söhbət etdik, şübhələndiyi birinin olub-olmadığını xəbər aldım, o, konkret bir şey deyə bilmədi. Soruşdum ki, Rövşənin ölümündə Hacı Məmmədovdan şübhələnirmi, buna da mənfi cavab verdi…

Məndə bu şübhənin haradan yaranması barədə ona izah verdim. Bilirdim ki, son zamanlar Rövşən adam oğurluqları ilə bağlı cinayət işlərini araşdırmaqla məşğuldur. Hətta Rövşənin xahişi ilə onu bu işlərdə zərərçəkmiş şəxslərdən biri Ulvan Bağırovla da görüşdürmüşdüm, mənim yanımda onunla söhbət etdilər. Bu işlərin arasında polis podpolkovniki Azər İsmayılovun 2000-ci ildə xəbərsiz itkin düşməsi işi də var idi.

Rövşən Azər İsmayılovun Hacı Məmmədov tərəfindən öldürülməsindən şübhələnirdi
Mənimlə söhbətində Rövşən Azər İsmayılovun namus məsələsinə görə Hacı Məmmədov tərəfindən öldürülməsindən şübhələndiyini demişdi. Rövşənin ölümü barədə ilkin öyrəndiyim məlumatlardan biri də o idi ki, ölümündən bir gün əvvəl Hacı Məmmədovun sahibi olduğu Qarabulaq istirahət mərkəzində olub.

Ekspertin deməsinə görə Rövşənin bədənində odlu silahla yetirilmiş xəsarətlərdən başqa sıyrıqlar da aşkar edilmişdi və bunların hadisədən əvvəlki günə aid olması fərz edilirdi. Məhz bunlara görə məndə Hacının Rövşənin ölümündə iştirak edə biləcəyi şübhəsi yaranmışdı. Mən İradə xanımdan Rövşənin Hacı Məmmədovla birgə şəkillərinin olub-olmadığını soruşdum. O, mənə Rövşənin iki şəklini və bloknotunu verdi, həmin şəkillər indi də məndədir. Bu görüşdən sonra mən Respublika Prokurorluğuna getdim və Rövşən Əliyevin qətlə yetirilməsi ilə əlaqədar yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubovla görüşdüm. O vaxt Usubov idarə rəisi idi, hazırda Baş prokurorun birinci müavinidir.


Mən Usubova Rövşən Əliyevin ölümündə Hacı Məmmədovun iştirak etməsi versiyasının olub-olmadığını soruşdum. Usubov dedi ki, onların da bəzi şübhələri var və bunu yoxlayacaqlar. Usubovla görüşümüzdən iki gün sonra mənim iş yerimə bir vəkil gəldi, o indi də kollegiyanın, həm də intizam komissiyasının üzvüdür. Vəkil mənə dedi ki, onu məndən incidiyi üçün Hacı göndərib, çünki mən prokurorluğa Rövşəni Hacının öldürməsini demişəm. Doğrusu, o vaxt mən buna xüsusi əhəmiyyət vermədim və prokurorluğa Hacının Rövşəni öldürməsini yox, bu işdə şübhəli ola biləcəyini dediyimi təsdiq etməklə kifayətləndim.

Bir neçə gün sonra həkim dostumla Rövşənin cümə axşamı mərasiminə getdik, dostum Rövşəni mənə görə tanımışdı və hüzrə onu da aparmağımı xahiş etmişdi. Məclisdə Hacı Məmmədov gəlib stolda bizimlə üzbəüz oturdu, ordan-burdan söz salıb, sonda dedi ki, Adil İsmayılov pivzavodun direktorunun ölüm işindən aldığı pulları ömrünün axırına kimi xərcləsə qurtarmaz.

Onun danışığı dostuma xoş gəlmədi, çıxanda soruşdu ki, bu adam niyə belə danışır. Mən ona Hacı barədə prokurorluğa dediklərimi söylədim. 2005-ci ildə Hacı həbs edildikdən sonra onu televiziyada görən dostum, çox həyəcanlanmış vəziyyətdə mənim yanıma gəlib soruşdu ki, bu Rövşənin yas məclisində bizim qabağımızda oturan Hacıdır, nə yaxşı səni qətlə yetirməyib?…

Hacı Məmmədovla üçüncü görüşüm isə MTN-in İstintaq İdarəsində oldu…

(davamı var)

Adil İsmayılov