adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Avqust 2019 11:13
19332
ELM VƏ TƏHSİL
A- A+

Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ADU-nu ziyarət edib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq Hüquq Təlimi və Əməkdaşlıq Mərkəzinin direktor müavini, professor Chen Xiaonun başçılıq etdiyi Şanxay Siyasi və Hüquq Universitetinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olublar.

Universitetdən bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin "İpək Yolunun iqtisadi qurşağı” və "XXI əsrin dəniz İpək Yolu” layihələrini birləşdirən "Bir kəmər - bir yol” konsepsiyasının ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. R.Abbasov həmçinin vurğulayıb ki, ŞƏT-də "dialoq tərəfdaşı” statusuna sahib olan Azərbaycanın sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə zəngin təcrübəsi əməkdaşlığın genişləndirilməsi baxımından ŞƏT üçün önəmlidir. R.Abbasov Çin və Azərbaycanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da uğurlu inkişafından söz açıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı sahəsində aparılan genişmiqyaslı islahatlar, o cümlədən yeni innovativ xidmətlər və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Çinin böyük marağına səbəb olur.

R.Abbasov bildirib ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyev Çin Xalq Prokurorluğunun nümayəndə heyəti ilə görüşü zamanı beynəlxalq terrorizm və narkobizneslə mübarizədə Azərbaycan-Çin əməkdaşlığının vacibliyini vurğulayıb. R.Abbasov onu da əlavə edib ki, beynəlxalq hüquq sahəsində yeni nəsil ixtisaslı hüquqşünas kadrların yetişdirilməsində Azərbaycan-Çin əməkdaşlığı mühüm əhəmiyyətə malikdir.

Görüşdən məmnunluğunu ifadə edən professor Chen Xiao Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib. Chen Xiao Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətini Çinin inkişafının siyasi və hüquqi aspektləri ilə yaxından tanıması sahəsində ADU-nun iki xalq arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığının möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb.

Daha sonra siyasi elmlər sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Sonda Çindən gələn qonaqlara ADU Konfutsi İnstitutunun Çin dilində çap etdiyi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə həsr olunmuş "İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı, habelə Prezident Si Tszinpinin müasir dövlət idarəçiliyi konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına dair ictimai çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu hədiyyə edilib.