adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Avqust 2019 12:34
16024
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: BƏLKƏ TANIŞ GƏLMİRƏM

Məndən mənə yaxınsan,
Məni oda yaxırsan.
Niyə elə baxırsan -
Bəlkə tanış gəlmirəm?

Bir vaxtlar sevginə ac,
Ötənlərə işıq saç.
Yaddaşın qapısın aç -
Bəlkə tanış gəlmirəm?

Eh... nə deyim zamana ,
Yer qoymayıb amana...
Döndərib bir kamana -
Bəlkə tanış gəlmirəm?

Dodaqların bal dadan,
Neçə aşiq aldadan,
Mənəm - həmən oğlanam -
Bəlkə tanış gəlmirəm?

Dön, bir də bax, gözündən
İşıq düşsün, - gözümdən
Götür səni özümdən -
De ki, tanış gəlmirəm!