adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Avqust 2019 17:09
20420
ƏDƏBİYYAT
A- A+

Xəzər fatehi üçün dəniz darıxır

Mavi gözlü Xəzərin cilvələnən sularını, qağayıların səs-küylü uçuşlarını, Bakı buxtasından aralanmış gəminin dənizin üzərində saldığı ağ cığırı seyr edə-edə Neft daşlarına-dünyanın "səkkizinci möcüzəsi”nə - polad dirəklər üzərində qurulmuş "əfsanəvi şəhərə” çatdı. Xəzərin tez-tez şahə qalxan dəlisov dalğaları, tufanın, qasırğanın "sərt üzü” onu heç vaxt qorxuda bilməyib.

Papağını havayı yerə günə yandırmayıb və möcüzələr adasına öz arzusu, istəyi ilə işləməyə gəlib, sonra Xəzərin şıltaqlığına, "sərt üzünə”, çətin neftçi peşəsinə dözməyərək polad adanı həmişəlik tərk edənlərə oxşamayıb. Neft daşlarının gecə-gündüz qaynayan həyatına, mayası zəhmətdən yoğrulmuş insanların qüdrətinə, fədakar iş yoldaşlarına, dostlarına vurulduğu, ömrünü dənizə bağladığı üçün buradan heç vaxt ayrıla bilmədi. Heç o özü də əvvəlcə deyə bilməzdi ki, Qurban Abbasov, Akif Əmənov, Mixail Kaveriçkin kimi dəniz fatehləri ilə birlikdə əfsanəvi şəhərin ən zəhmətkeş, hörmətli və ləyaqətli, ad-san, nüfuz sahibinə, ən gənc Sosialist Əməyi Qəhrəmanına çevriləcək! Lenin ordeni və "Qızıl ulduz” medalına layiq görüləcək, onun haqqında şeirlər, poemalar, oçerklər yazılacaq, "Xəzərlə döyünən ürək” sənədli povesti nəşr olunacaq, mahnılar bəstələnəcək, mavi ekrandan göstəriləcək, məclislərin yuxarı başında olacaq yeri. Onun fədakar əməyi iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına, Qırmızı Əmək Bayrağı ordeninə, Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqı Şurasının Fəxri fərmanına, Ümumittifaq XTNS-nin "Kiçik gümüş” və "Böyük gümüş” medallarına, "Əməkdar inşaatçı” adına layiq görüləcək! Bir neçə qurultaya nümayəndə seçiləcək!

Xəyallar onu tərkinə alıb dünyaya göz açdığı, ilk dəfə həyatın, zəhmətin şirinliyini daddığı, saf havasını udduğu, kəhrizin diş göynədən büllur suyunu içdiyi Niməkeş kəndinə aparıb çıxartdı. Həyatında qeyri-adi nə vardı? Əslində heç bir şey. Ancaq onun halal zəhmətə, yaradıcı əməyə bağlılığı, iradəsi, qətiyyəti, insanlığı, prinsipiallığı, söz yox ki, çoxlarından fərqli idi, ona həyatda əbədi bir iz, yaşantı qoymaqda kömək etdi! Xanoğlan Bayramov "kabinet adamı” ola bilməyəcək, həyatda öz fikrini çəkinmədən, sərbəst deməyi bacaracaq, həmişə müstəqil düşüncə tərzinə malik olacaq, səriştəsiz, astagəl rəhbərlərin səhvini çəkinmədən üzünə deyəcək, xalqına, Vətəninə kişi kimi xidmət edəcək, ən ağır, ən təhlükəli sahələrdə döşünü irəli verəcək. Azərbaycanın şöhrətini, qüdrətini artıran "qara qızıl” çıxaranlara misilsiz kömək edəcəkdi. "Abşeron” romanının neçə-neçə gənc qəhrəmanına əsl həyat və təcrübə dərsi keçəcək, həqiqi əməkçi insan mücəssəməsi kimi neft daşlarında hamı onu barmaqla göstərəcək, xeyirxahlığına, insanlığına, ziyalılığına, ağsaqqallığına hörmətlə yanaşacaqdı...

Tarixləşmiş anlar

1933-cü ilin sentyabr ayında Lerikin Niməkeş kəndində həyata göz açan Xanoğlan Bayramov beş yaşında olarkən Lənkəranın Avrora sovxozuna köçüblər. Atası Vəli kişi neft sənayesində çalışırdı. O istəyirdi ki, oğlu da neftçi olsun, yerin dərinliklərində gizlənmiş xəzinəyə, "qara qızıl”a sahib olsun, xalqın tərəqqisi üçün əlindən gələni əsirgəməsin. Bunun üçün peşə təhsili, səriştəsi də lazım idi. FZU-nu – fabrik-zavod məktəbini bitirdikdən sonra 1950-ci ilin may ayından elektrik qaynaqçısı peşəsinə yiyələndi bu gənc. Lakin sinəsində vulkan gizlənmiş gənc Xanoğlan "Ordconikidzeneft” tikinti-quraşdırma kontorunda işə başlayır. Sonralar isə o, lazım olan bütün ixtisasları-quraşdırıcı, sürücü, ekskavatorçu, krançı, maşinist, borudüzən traktorçu, elektrik mantyoru və s. peşəkarcasına öyrənir. Aydan-aya, ildən-ilə deyil, gündən-günə şərəfli zəhmət meydanında gərgin fiziki əməklə məşğul olurdu. Neftçi əməyinə yaradıcılıqla, elmi əsaslarla yanaşmaq onu daha çox maraqlandırırdı. Yayın bürküsündən, qışın sazağından üzü bərkiyib tunca dönmüşdü. Gecə-gündüz işləməklə bərabər orta təhsil almış, Bakı Neft Texnikumunun axşam şöbəsini bitirmiş, qazma üzrə texnik ixtisasına yiyələnmişdi. 1953-cü ildən "Azərdənizneftinşaat” trestində qaynaqçı, iş icraçısı işləmişdir. 1967-ci ilin sentyabr ayında bir il müddətində Bolqarıstana xidməti ezamiyyətə göndərilmiş, Qara dənizin Bolqarıstan şelfində hidrotexniki qurğuların ilk qurucusu və Qara dəniz fatehi kimi ad çıxarmışdı. Ona mətbuatda çoxlu yazılar həsr olunmuşdu. Şöhrəti getdikcə hər yerə yayılırdı.

Xanoğlan Bayramov xarici ölkəyə ezamiyyətdən qayıtdıqdan sonra iş icraçısı, tikinti-quraşdırma idarəsinin rəisi və "Xəzərdənizneftinşaat” trestinin müdiri vəzifəsinə təyin olunmuşdu. Sonra isə bu trestin müdir müavini olmuş, 1995-ci ildən ömrünün sonunadək o, bu trestin 1 saylı İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində rəis vəzifəsində çalışmışdı. Vəzifəsini həmişə məsuliyyətlə, yüksək təşkilatçılıq bacarığı ilə icra etmişdir.

O həmişə yenilik hissi ilə yaşayırdı

...Xəzərin dərin qatlarına hücum getdikcə reallaşırdı. O vaxtlar Neft daşlarında estekadanın polad dirəkləri dənizin dərinliyinin 42 metrə çatan sahəsində qərar tutmuşdu. İlk dərinlik özülünün inşası ilk təcrübə olduğu üçün çox məsıuliyyətli iş idi. İlk stasionar dəniz özülünü "Günəşli” yatağında quraşdırmaq tapşırığını icra etmək Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovun rəhbərlik etdiyi idarəyə həvalə olundu. Quraşdırıcı inşaatçılar işə həvəslə, yeni texnologiya əsasında başladılar, hər şeyi dəqiqliklə ölçüb-biçdilər. 1977-ci ilin noyabr ayında Xəzərin ekvatoriyasında dərinliyi 87-94 metrə çatan sahədə 1 saylı özül təhvil verildi. Görülmüş işin keyfiyyəti rəhbərliyi də razı saldı. Quraşdırıcı inşaatçılar dəniz özüllərinin tikintisi ilə bərabər, on kilometrlərlə estekada, açıq dənizdə kompressor stansiyaları, körpülər, yüz kilometrlərlə neft-qaz kəmərini, sənaye və məişət obyektləri, digər sənaye və məişət oblyektləri, yataqxana kompleksi istifadəyə verdilər. Dəniz qurğuları ustası, Xəzərin fatehi dəfələrlə dənizin coşğun dalğaları ilə qarşılamalı olmuş, hər dəfə də mübarizədə qalib çıxmışdı. Bolqarıstanda olarkən Xanoğlan Bayramov 18 diametri olan boruların içərisində 16 diametri olan başqa boruların yerləşdirilməsini məqsədəuyğun bilib həmin üsuldan istifadə etdi. Boruların iç-işə yerləşdirilməsi onların ömrünü birə-on qat artırdı.

Xəzərdə hidroqurğuların mühafizəsi problemi dəniz qəhrəmanını həmişə narahat edirdi. O, bu barədə çoxlu səmərələşdirici təklifin müəllifi oldu. Xəzərin dəniz havası, şahə qalxan dalğaları şor su gecə-gündüz öz işini görür və korroziyanı iki-üç qat sürətləndirir. Estekadaların suüstü hissələrinə xüsusi rəng çəkilsə də, suda elektrik sahəsi yaradılsa da bu paslamanın qarşısını tam ala bilmir, qoca hidrotexniki qurğunun əsaslı təmirə ehtiyacı olur. Dəniz şəhərciyinin ikimərtəbəli evlərinə zərər yetirmədən 50-ci illərin əvvəllərində basdırılmış dirəkləri, aşırımları təzələməkdən ötrü Ümumittifaq Dövlət Dəniz Neft-Qaz Qurğuları Elmi-Tədqiqat və Layihə İnstitutunun layihəsinə əsasən 2,5 milyon vəsait ayrılmışdı. Binaların altındakı polad "ayaqları” dəyişmək, şəhərciyi "çiynində” saxlayan polad dirəklərin, bərkidici qolların təzələnməsi üçün Xanoğlan Bayramovun layihəsinə əsasən 350 min manat vəsait sərf edildi. Bu optimal variant 2 milyon manatdan çox dövlət vəsaitinə qənaət etməyə imkan vermişdi. 60-cı illərdə Azərbaycan Dənizneft Tikinti Trestinin istehsalat-texniki şöbəsinin rəisi Hüseyn Şıxmətovun layihəsi üzrə yeni estakada quran kranı ilk dəfə Xanoğlanın sahəsində sınadılar. Estekadaları yeni üsulla və sürətlə quran təzə bir mexanizmin taleyi ona tapşırılmışdı. İstifadəsiz qalmış min tonlarla boruların yenidən istehsalata qaytarılması ideyası da onundur. Səmərələşdirici, ixtiraçı, yenilikçi, sinəsində ulduz parlayan dəniz fatehi Xanoğlan Bayramovun!

Ürəyi saf, məramı uca Xanoğlan Bayramov

Minlərlə, milyonlarla halal zəhmətlə yaşayan, şərafətli adı ilə seçilən, hörmət-izzət, böyük nüfuz sahibi olan, əməkçilər arasında seçilən Xanoğlan Bayramov olmaq üçün Xanoğlan Bayramov olasan gərək! Neft daşlarının yaradılmasının 50 illik yubileyini qeyd eləmək, dənizdə neft çıxarmanın bayraqdarı Xanoğlan Bayramova qismət olmasa da "1ara qızıl” ustaları onu unutmadılar, xatiəsini ehtiramla yad etdilər. İqtisadiyyatımızın şah damarı olan neft sənayesində onun əvəzsiz xidmətlərini qeyd etdilər. Tanrıdan ona rəhmət və behişt dilədilər. Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 1999-cu il tarixli 117 nömrəli sərəncamı ilə yaşadığı Əmircan qəsəbəsindəki Fioletov küçəsinə Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovun adı verilmişdir. Oğlanları Oqtay və Füzuli, qızı Sevil də atasının yolu ilə getmiş, neftçi peşəsini seçmişlər.

Mərhum neftçi-inşaatçı respublikanın və Lerikin bütün ictimai-siyasi həyatında fəal iştirak edib. Zorla cəlb olunduğumuz müharibənin vurduğu yaralar, ürəyimizdə qövr eləyən didərgin problemi onu həmişə narahat edirdi. Bakıdakı bağ evini də kəlbəcərli qaçqına vermişdi. Lerikə su kəmərinin çəkilməsinə kömək edib. Ən əsası da budur ki, 50-ci illərdə köçürülmüş Niməkeş kəndini bərpa edərək ona can verdi, bu kəndə yol və su çəkdirdi, bir neçə ev inşa etdirdi. Təsərrüfat yaratdı, 70 ildə işıq üzü görməyən kəndə ilk dəfə elektrik enerjisi verildi. Hələ başqa abadlıq işləri də görəcəkdi. Lakin buna ömrü çatmadı. İndi ata-baba yurdu da onun ayaq izlərinə, isti nəfəsinə həsrətdi. Dünyanın möcüzələr adası, coşğun dalğalı Xəzər onsuz darıxır, yolunu gözləyir. Axı, o: "Dənizsiz darıxıram, dənizsiz yaşaya bilmirəm, - deyirdi. – Elə bil həmişə dəniz çağırır məni...”

Bitib-tükənməyən ömrün sahibi Xanoğlan Bayramov ömrü boyu uca zirvədə qərar tutmuşdu. Bu ucalığı əziz tutmaq üçün adını yaşatmalı, "polad şəhər”də büstünü qoymalıyıq. "Dəniz çağırır məni” sənədli filmi çəkilsə, yəqin neftçi qəhrəmanın ruhu şad olar, məzarı nurla dolar...

İdris Şükürlü,

Azərbaycanın Əməkdar jurnalisti