adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Avqust 2019 13:11
14151
ELM VƏ TƏHSİL
A- A+

ADU-da “CLS Azərbaycan dili” proqramının bağlanış mərasimi keçirilib

Avqustun 2-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan "CLS Azərbaycan dili” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib.

Tədbirdə ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəfizəsini icra edən Tofiq Abdullayev, Qrantlar və layihələr şöbəsinin müdiri Səbinə Feyzullayeva, Amerika mərkəzinin müdiri Şəhla Xudiyeva iştirak edib.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova tədbir iştirakçılarını salamlayıb. O, amerikalı tələbələri proqramın başa çatması münasibətilə təbrik edib və onlara bu proqrama qoşulduqları üçün təşəkkürünü bildirib: "Mən ümid edirəm ki, burada yaxşı zaman keçirdiniz. Azərbaycan dilinin incəliklərini öyrəndiniz. Bəziləriniz üçün yeni oldu, Azərbaycanın yeni tərəflərini kəşf etdiniz. Çünki Azərbaycan günü-gündən inkişaf edən, dəyişən ölkədir. Siz bizim universitetin həyatına böyük bir rəng qatdınız. Bu bizim üçün çox böyük təcrübədir”.

Prorektor 2 ay ərzində amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlərə, onların ailələrinə, rezident direktora, dil partnyorlarına, administrativ heyətə və ABŞ Dövlət Departamentinin Amerika Şurasına təşəkkür edib.

Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip proqramın uğurla başa çatdığını söyləyib. O, Amerika mərkəzinə, həmçinin tələbələrin ailələrinə təşəkkür edib.

Amerikalı tələbələrlə iş üzrə rezident direktor İsabelle McRae də işin icrasında yardımçı olan şəxslərə öz təşəkkürünü ifadə edib və proqram iştirakçılarına uğurlar arzulayıb.

Sonra amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər öz fikirlərini bildiriblər.

Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.

Daha sonra Azərbaycan dilini öyrənən amerikalı tələbələrin ifasında Azərbaycan dilində şeirlər, səhnəciklər, mahnılar və hekayələr izlənilib.
Sonda hədiyyələr təqdim olunub.

Qeyd edək ki, proqram müddətində ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla multikulturalizm mövzusunda tələbələrə mühazirə oxuyub. Bundan əlavə Azərbaycan dilini öyrənən amerikalı tələbələr proqram müddətində Yanardağ, Atəşgah, Milli Azərbaycan Tarixi muzeyi, Şirvanşahlar sarayı, Azərbaycan Milli Xalça Muzeyi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Quba, Xınalıq və bir çox dini yerlərdə olublar. Ölkənin digər regionlarına təşkil olunan səfərlər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri və adət-ənənələri yaxından tanış olublar.
İyunun 7-də başlayan "CLS Azərbaycan dili” proqramı çərçivəsində 5 nəfər amerikalı tələbə 8 həftə ərzində Azərbaycan dilini öyrənib.