adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Avqust 2019 12:18
16636
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ QULDUR DƏSTƏNİ ZƏRƏRSİZLƏŞDİRDİ

Yol Patrul Xidməti Alayının tağımları bir qayda olaraq respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin edirlər. Yay mövsümü ilə əlaqədar olaraq onlar xidmət apardıqları yerlərdə daha diqqətli olur, gecə saatlarında sərnişin daşıyan və yük aparan avtomobillərin sürücülərini stasionar postda saxlayır, onlarla səmimi söhbətlər edirlər. Bu söhbətin də məğzi ondan ibarətdir ki, gecə saatlarında sükan arxasında əyləşmiş sürücülər yuxulamasınlar və mənzil başına özlərini, sərnişinləri sağ-salamat çatdıra bilsinlər.

Sirr deyil ki, havaların isti keçməsi ilə əlaqədar olaraq bəzi nəqliyyat vasitələrinin sürücüləri mövcud şəraiti nəzərə almır, 16-18 saat sükan arxasında əyləşir və hətta radarlar olmayan yerdə avtomobilləri saatda 130-140-la və daha yüksək sürətlə idarə edirlər. Bir tərəfdən yüksək sürət, dugər tərəfdən də yuxusuzluq bir çox halda sürücülərə baha başa gəlir. Yəni qəzalar baş verir və nəticədə ölənlər və ağır xəsarət alanlar olur.

Mövcud problemin aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi və eləcə də Yol Patrul Xidməti Alayının komandiri tağımlar qarşısında zəruri vəzifələr müəyyənləşdirib. Bu vəzifələrə əsasən hər bir tağım komandiri xidmət apardıqları avtomobil yollarında əməkdaşlar arasında intizamı möhkəmlətməli, kobud qayda pozuntularına qarşı sərt mübarizə aparmalı, qabaqlayıcı tədbirlər həyata keçirməlidilər. Ona görə də hər bir tağım komandiri səhər saatlarında bir daha bu vəzifələri əməkdaşlarının diqqətinə çatdırır, onları təlimatlandırır.

Yol Patrul Xidməti Alayının Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində xidmət aparan 6-cı tağımın əməkdaşları sutkanın 24 saatı ərzində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkət etməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Onlar stasionar postda sərnişin daşıyan, avtobus və mikroavtobus sürücülərini saxlayaraq xəbərdarlıq edir, onlara diqqətli olmağı bildirir və maarifləndirici söhbətlər aparır.

Təbii ki, bu cür proflaktik təbliğat işinin aparlıması istər-istəməz baş verə biləcək qəzaların qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Normadan artıq sərnişin və yük daşıyan heç bir sürücü yol polisinin nəzərindən yayınmır. Əlbəttə, bu da onunla bağlıdır ki, 6-cı tağımın rəhbərliyi öz işini günün tələbləri səviyyəsində qurmağı bacarır. Üstəlik də havaların isti keçdiyi günlərdə sərnişin daşıyan sürücülərlə söhbətlər daha mütəmadi xarakter alır.


Yol Patrul Xidməti Alayının 6-cı tağımının naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, havaların isti keçdiyi günlərdə əməkdaşlarımız daha gərgin işləyiblər. Onlar yolun müxtəlif istiqamətlərində hərəkət edən sərnişin daşıyan avtobusları bir çox halda saxlayaraq sürücülərlə səmimi söhbətlər ediblər. Onu da deyim ki, bu söhbətlər hər iki tərəfdən hörmətlə qarşılanıb. Bu söhbətlərdən həm sürücülər, həm də yol polisi özü razı qalıb. Məhz buna görə də xidmət apardığımız avtomobil yolunda ağır qəzalar əvvəlki vaxtlara nisbətən azalıb, ölüm və xəsarətalma halları aşağı enib. Bununla yanaşı, stasionar postda avtomobil saxlayan bir neçə sürücünün səhhətində problem yarandığını əməkdaşlarımız görüb. Onlara köməklik göstərilib və hadisə yerinə təcili tibbi yardım maşını çağrılıb. Həkimlərin köməyi ilə həmin sürücünün və sərnişinin səhhətində yaranmış problem aradan qaldırılıb. Özünü normal hiss edən sürücü yenidən sükan araxasında əyləşərək yolunu davam etdirib.

Yol Patrul Xidməti Alayının əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etməklə yanaşı, cinayətkarlara qarşı da fəal mübarizə aparır. Belə ki, iyun ayının 27-də axşam saatlarında posta belə bir məlumat daxil olub ki, Quba rayonunda cinayət törətmiş dəstə bu istiqamətdə hərəkət edir. Operativ olaraq tağım komandiri Vüqar Əsgərov iclas keçirir və əməkdaşları bu məsələ ilə əlaqədar məlumatlandırır. Naryad rəhbəri, polis kapitanı Namiq Əzizov, baş inspektor, polis kapitanı Elçin Orucov, polis baş serjantları Vaqif İsmayılov, polis serjantları Anar İbrahimov, Fuad Rzayev, Mirəziz Bədirxanlı bu işə cəlb edilir. Posta yaxınlaşan "Opel” markalı 99 SF 462 nömrəli minik maşını saat 21:45-də postda saxlanılır. Cinayətkar dəstənin üzvləri adını çəkdiyimiz yol polisi əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində zərərsizləşdirilir. 4 nəfərdən ibarət dəstə üzvü Quba rayonunda 38 mağazada oğurluq ediblər, Onların törətdiyi oğurluq və qarət Quba rayonunda böyük əks-səda yaradıb. Yol polisi əməkdaşları tərəfindən saxlanılan cinayətkar dəstənin 4 üzvü adiyyəti üzrə polis şöbəsinə təhvil verilib.

Göründüyü kimi, yol polisi həm də lazım gələndə cinayətkarlığa qarşı da mübarizə aparır. Bunu üçün hər bir polis əməkdaşından yüksək peşəkarlıq, çeviklik və fiziki hazırlıq tələb edilir. Məhz quldur dəstənin üzvləri də 6-cı tağımın əməkdaşlarının yüksək peşəkarlığı, çevikliyi və fiziki hazırlığı nəticəsində zərərsizləşdirilib.

Bir sözlə, onu deyə bilərik ki, bu gün Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları xidmət apardıqları Bakı-Qazax avtomobil yolunda hərəkətin təhlükəsizliyini təmin etmək üçün ən müasir metodlardan və qabaqcıl təcrübədən istifadə edir. Bu mənada onlara radar sistemləri və xidməti avtomobillər yetərincə yardımçıdı. Və bir də ən əsası odur ki, tağım əməkdaşları tapşırılan işə vicdanla yanaşır, sutkanın 24 saatını təhlükəsiz və qəzasız başa vurmaq üçün var qüvvə ilə çalışır. Bu isə istər-istəməz mövcud problemlərin həllində önəmli rol oynayır.