adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Avqust 2019 12:15
9799
GÜNDƏM
A- A+

Nazir: İnformatika olimpiadansının Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətlidir

İnformatika üzrə beynəlxalq olimpiadasının Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biridir.

Bunu Təhsil naziri, "IOI 2019”-un sədri Ceyhun Bayramov Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, beynəlxalq elm sahələrinə aid tədbirlərin Azərbaycanda keçirilməsinə xüsusi önəm verilir: "Bu olimpiadanın ölkədə baş tutması da təqdirəlayiqdir. Olimpiadada iştirak etmək üçün 37 ölkədən 600-dən çox xarici qonaq ölkəyə gəlib".

C.Bayramov qeyd edib ki, bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayının artığını, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını da diqqətə çatdırıb: "Olimpiadaya
maraq və kütləviliyin artması halları müşahidə olunur. Son illər ölkədə keçirilən olimpiadalarda 30 mindən çox iştirakçı olub. Komandamızın yüksək səviyyədə hazırlığı məqsədilə təlim-məşq keçirilib".

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə əlavə edib ki, olimpiadada 800-ə yaxın iştirakçı olacaq. Azərbaycan komandası 4 şagirddən ibarətdir.

ADA Universitetinin rektoru, "IOI 2019”-un fəxri həmsədri Hafiz Paşayev də bildirilib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, açılış mərasimi Bakı Konqres Mərkəzində, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə "Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru "Acer” in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski bildirib ki, "Acer" bir kompüter şirkəti kimi kompüterlə bağlı tədbirlərin keçirilməsinə maraq göstərir və əsas missiya cəmiyyəti inkişaf etdirməkdir.

Onun sözlərinə görə, olimpiadadan sonra Təhsil Nazirliyi və ADA Universitetinə 450 ədəd noutbuk hədiyyə ediləcək.