adalet.az header logo
  • Bakı 11°C
02 Avqust 2019 17:50
12100
GÜNDƏM
A- A+

Vasif Talıbov və Cahangir Əsgərov Naxçıvan Hava Limanında - FOTO

2 avqust 2019-cu il, Bakı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının (UEZ) tikintisi həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov 2 avqust tarixində tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

AZAL Prezidenti Cahangir Əsgərov məlumat vermişdir ki, yeni zolaq beynəlxalq tələblərə uyğundur və Naxçıvanın Beynəlxalq Hava Limanında UEZ-lərdən biri təmir və texniki xidmət üçün bağlandığı təqdirdə aeroportun fasiləsiz işini təmin etməyə imkan verəcək.

Layihə çərçivəsində nəzərdə tutulmuşdur:

- Uzunluğu 3300 metr, eni isə 60 metr təşkil edəcək asfalt-beton UEZ-in tikintisi. İkinci zolaq da mövcud uçuş-enmə zolağı kimi geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək;

- Hava limanı ətrafı ərazidə irimiqyaslı qurutma işlərinin aparılması;

- Maneələrin aradan qaldırılması üçün uçuş və eniş zonasında 800 min kubmetrdən çox torpaq işləri görüləcəkdir;

- ICAO CAT II ikinci kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən, uçuş-enmə zolağının hər iki istiqaməti üçün yeni enişə yaxınlaşma instrumental sisteminin alınması (qərarın qəbul edilməsi hündürlüyü 30 m–dən 400 m-dək);

- təhlükəli hava şəraitini üfüqi 360 bucaq və şaquli -2 dərəcə ilə 182 dərəcə arasında müşahidə edən Furuno WR2100 metereoloji avtomatlaşdırılmış radiolokatorunun quraşdırılması;

- uçuş-enmə zolağına avtomatlaşdırılmış metereoloji müşahidə sensorlarının quraşdırılması;

- yeni avtomatlaşdırılmış Hava Hərəkəti İdarəetmə (HHİ) sisteminin alınması;

- peyk siqnallarını təmzimləyən yerüstü naviqasiya stansiyasının quraşdırılması;

- hava-yer radiorabitə vasitələrinin yenilənməsi;

- gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağının hər iki istiqaməti üçün işıq-siqnal avadanlığının quraşdırılması.

Layihənin ümumi dəyəri 50 milyon manat təşkil edir. Naxçıvan Hava Limanının ikinci zolağının istismara verilməsi 2019-cu ilin sentyabr ayına planlaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və AZAL Prezidenti Cahangir Əsgərov görülən işlərdən məmnunluğunu bildirmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişlər.

Qeyd edək ki, sonuncu yenidənqurma zamanı Naxçıvan Beynəlxalq Hava Limanında iki yeni terminal - qərb və şərq terminalları işə salınmışdır. Aerovağzal ərazisində biznes zal, kafe və restoranlar, ana və uşaq otaqları, ilk tibbi yardım məntəqəsi və sərnişinlər üçün digər zəruri xidmətlər mövcuddur.