adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Avqust 2019 14:25
34270
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: Azadlıq

Azadlıq

Hər şeyin mayasında
Azadlıq var -
Səsin azadlığı - sükutdu,
Sükutun azadlığı - üsyan.
Fikrin azadlığı - qəmdi,
Qəmin azadlığı - göz yaşları.
Ruhun azadlığı - əbədiyyətdi,
Əbədiyyətin azadlığı - Allah.
Bədənin azadlığı - ölümdü,
Ölümün azadlığı - heç.
Əlimi qoynuma qoyub, baxıram,
Dilim yoxdu danışmağa - lalam.
Lalın azadlığı - qul olmaqdı,
Qulun azadlığı quldarlıq...

Nigaran

Həkəri çayının qırağındaydı evimiz,
Səhərlər şırıltısına oyanardıq biz.
Sonra Qarabağ davası düşdü araya,
Sonra Qubadlını verdik düşmənə,
Sonra da yığışıb gəldik Bakıya.

Hər səhər hövlnak oyanıb atam,
Görərdim, oturub narahat baxır:
-Ay qızım, Qərənfil, ay bala,
Dayanıb, deyəsən, çay axı?!
Bayaqdan dinşəyirəm -
Səsini eşitmirəm!
-Ay ata, Həkəri hardadı?!
Qubadlı əsirdi - dardadı!
-Həəə... bala...
Vaxt vardı ayıqdım quşdan mən,
Vallahi, getmişəm huşdan mən?!

Ölüncə Həkəridən nigaran oldu atam,
- Nigaran öldü atam!

Oxucu...

Türkmən Prezidenti də -
Cənab Berdməhəmmədov,
Kitab yazmaqdan ötrü
Çıxıb gedir tətilə.
Çünki yazıb- yaradır,
Çünki bilir nə edir.
Halbu ki, onun bitib,
Tükənməyən vaxtı var.
Türkmənlər özlərinin
Xırdaca vaxtlarını
Onun böyük
Vaxtı ilə qurarlar.
Mərhum həvəskar yazar
Təbriz Aranlı demiş,
"...Biz şairlər..."
İki daşın arasında yazırıq.
Gah ailə-uşağın
Sevincindən kəsirik,
Gah da iş yerimizin
Nizam-intizamından.
Yazdığımız bir şeymi,
Bir şey deyilmi - bilmirik,
Amma gileylənirik:
-Oxucu yoxdu!

Sevinc

Hərəsi bir sevinclə
Yaşayı r insanın.
Biri at almağına sevinir,
Biri - dəvə.
Biri - oğul toyuna sevinir,
Biri - nəvə.
Biri qonşunun
Qəzaya düşməyinə,
Biri düşməninin
Bişmiş alma kimi
Bürüşməyinə.
Bir xnım
Çatma qaşına sevinir.
Bir ahıl ağar mayan
Başına sevinir.
Hərəsi bir sevinclə
Yaşayır insanın.
Mətləbi uzadıb,
Salmayım sizi çətinə.
Bircə şairlərdi
Eyni sevinclə sevinən -
Şeir yazmaq sevinci
Düşüb onların qismətinə.

Niyə

"Vatsap"ına baxıram,
Mat qalıram buna, -
Öhdəlik qoyursan
Yaradanın boynuna:
"Sonsuz qapıların var,
Xeyirlisini aç, Allahım!"

Nədən Allaha tapşıraq
Hər istəyimizi?!
Onda Allah
Niyə yaradıb bizi?!

Mənim şeirim

Mənim şeirim şeir deyi l,
Heç nəsr də deyil şeirim,
Şeirlə nəsr arasında
Balaca bir nəfəscik

Vətən

Kiminin sığınacaq yeri,
Kiminin ocaq yeri,
Kiminin xəyalı,
Kiminin ata malı.
Rus... Türk... İran...

Rus ədalətiylə bizə lazımdı,
Türk həqiqəti və ədalətiylə.
-Bəs İran nəyi ilə?!
-Avtava-ləyəniylə

Gedim-getməyim

Geydim çəkmələrimi,
Ayaqlarım da
Hazırdı yeriməyə.
Hələ də fikirləşir başım:
- Gedim-getməyim?!

Su... çay... sahil...

Su nə dilində danışır?
Çay nə dilində anlaşır?
Sahillər düşürmü başa?!

Birlik

Bu odda birlik hardandı?
Bu suda birlik hardandı?
Biz niyə pərakəndəyik?!

Bəlkə

Bəlkə türklüyümüzdü
Bizi birliyə gətirməyən?!
Bəlkə İslamdı
Bizi pərakəndə salan?!
Bəlkə qanımız dəyişib,
Xəbərimiz yoxdu?!
Balıq kimi soyuqdu?!
Bəlkə... bəlkə... bəlkə...
Təkrar-təkrar "bəlkə" de,
Bəlkə birliyin gücünü
Anladın!

Bəyim qız

Uşaq kimi sevinir
Zarafatlarıma.
Şair Rəsul Rzanı n
Sözüylə desəm:
"Əl çalıb, atılıb düşür..."
Gəlişi gözəl sözlərimə.
Ağıllı fikrimi eşidib,
Boynumdan sallaşır.
Hələ təbəssümümü
Xoşbəxtlik sayır özünə.
Xəbəri yoxdu
Sözümün buzundan,
Qoşa buynuzumdan!

Qalx

Ağlı başında olan
Bilir ki, nə deyirəm,
Niyə deyirəm,
Kimə deyirəm!
Ona deyirəm,
Sənə deyirəm,
Özümə deyirəm:
-Qalx!
Ayıq gözlə
Ətrafına bax!