hacklink Adalet.az | AZƏRBAYCAN SEVDALISI Adalet.az | AZƏRBAYCAN SEVDALISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

AZƏRBAYCAN SEVDALISI

(Əli bəy Evsen haqda söz)

3389    |   2019-08-01 17:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda Əli və yaxud Əlibəy ismini daşıyan insanlar çoxdur. Elə qardaş Türkiyədən məmləkətimizə gələn müsafirlər, qonaqlar arasında da Əli və yaxud türkcə ifadə olunduğu kimi - Ali adlı insanlar az deyildir.

Amma uzun illər "Əli bəy” adı çəkiləndə azərbaycanlıların çoxu, xüsusilə Bakı əhli söhbətin məhz kimdən, hası Əlidən getdiyini anındaca anlayır, əlavə suala ehtiyac duymurdu. Lap elə indinin özündə belə...

Bizdə bir çox hallarda məşhur adamların kimliyini bildirmək üçün onların təkcə adını çəkmək kifayətdir. Məsələn, əgər "Rəşid” deyilirsə böyük sənətkarımız Rəşid Behbudovdan, "Qara” deyilirsə dahi bəstəkarımız Qara Qarayevdən, "Səttar” deyilirsə bənzərsiz fırça ustası Səttar Bəhlulzadədən, "Qoşqar” deyilirsə şöhrətli riyaziyyatçımız Qoşqar Əhmədlidən, "Bəxtiyar” deyilirsə əvəzsiz şairimiz Bəxtiyar Vahabzadədən, "Habil” deyilirsə kaman ustası Habil Əliyevdən, "Ədalət” deyilirsə ustad saz ifaçısı Ədalət Nəsibovdan, "Ziya” deyilirsə məşhur tarixçi alim və Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovdan söhbət getdiyi hər kəsə bəlli olur. Ta belə məqamlarda heç kəs söhbət gedən adamın soyadını soruşmur. Yox, heç də deyə bilmərik ki, bizdə bu adlara nadir hallarda rast gəlinir. Əksinə, Azərbaycanda Rəşid, Qara, Səttar, Qoşqar, Bəxtiyar, Habil, Ədalət, Ziya... adlı insanlar kifayət qədərdir. Bəs elə isə adlarını çəkdiyimiz və ya çəkmədiyimiz bir çox adamların geniş əhali tərəfindən belə "asanlıqla” tanınmasının səbəbi nədəndir? Məsələ burasındadır ki, həmin insanlar öz sahələri üzrə nadir peşə və sənət adamları hesab olunurlar. Elə "Əli bəy” adının sahibi də məhz elə bu cəhətdən, yəni öz peşəsi, öz işi, öz fəaliyyət sahəsi ilə digər Əlilərdən seçilir.

Adətən deyirlər ki, istedadlı adamlar cəmiyyətin ziyasıdır, işığıdır. Bizə elə gəlir ki, insanlara və ümumən insanlığa gərəkli olan hər bir kəs cəmiyyətlə yanaşı həm də təbiətin ziynətidir. Bu cür adamları qiymətli, yüksək əyarlı təbiət inciləri ilə, təbii sərvətlərlə müqayisə etmək olar. Türk dünyasında belə adamlar tarixən çox olmuşdur. Nə gözəl, nə mutlu ki, indi də belə adamların bir çoxu bizimlə müasirdir, çağdaşdır. Həmin istedadlı, gərəkli adamlardan biri də haqqında söhbət açdığımız Əli bəy Evsendir desək, heç də mübaliğəyə yol vermiş olmarıq. Onu da əlavə edək ki, bir çoxları onun soyadını dəqiq bilmədən sadəcə olaraq, artıqdediyimiz kimi ya Ali bəy, ya da "Türk Ali” kimi tanıyır, bu cür adlandırır, bu qaydada çağırırlar.

Bəi, hətta indinin özündə də Əli bəyin adı Azərbaycanda çox populyardır. Bizim adamların çoxu onun işgüzarlığı, zəhmətsevərliyi, xeyirxahlığı, təşəbbüskarlığı haqqında çox eşidiblər. Bütün bunlar necə deyərlər, Əli bəyin görünən tərəfidir. Amma bizim qəhrəmanımızın bir çoxlarına o qədər də yaxından məlum olmayan elə cəhətləri var ki, biz bu yazıda məhz həmin "görünməyən” və yaxud Əli bəyin özünün çox da qabartmadığı "cizgilər” haqda söhbət açmaq istəyirik. Bu baxımdan Əli bəyi bir "aysberqlə” müqayisə etmək olar.

Əli Evsen 1962-ci ildə Türkiyə Cümhuriyyətində çoxuşaqlı bir ailədə anadan olub. Ailədə doqquz uşaq olublar. Onun uşaqlığı ehtiyac içində keçib. Lap yeniyetməliyindən, 12-13 yaşından biznesə maraq göstərib. Gecə-gündüz çalışıb, əziyyət çəkib, necə deyərlər özünü oda-közə vurub.. Kiçik alış-verişdən tədricən orta və böyük biznesə doğru irəliləyən gənc Əlinin keçib getdiyi yol heç də hamar olmayıb. Bəzən itirdikləri qazandıqlarından dəfələrlə çox olub. Lakin o, sarsılmayıb, tərəddüd etməyib, ruhdan düşməyib, bütün situasiyalarda özünə daxilən inanıb. Böyük iradəsi onu böyük biznesə, böyük bazarlara, böyük arenaya çıxarıb.

Türklərin bir məsəli var, deyərlər: "Dünyamız kiçikdir, hər kəslə rastlaşmaq ehtimalı var”. Əli bəyin də bu bu kiçik dünyamızda qarşılaşdığı, dostluq etdiyi, ürək qızdırdığı insanlar az olmayıb.

Hələ ilk gəncliyindən türk ellərinə böyük sayqısı, sevgisi olan Əli bəyin könlünün dərinliyində Azərbaycana xüsusi, sonsuz bir maraq, dərin bir ehtiram, munis bir istək vardı. Sovetlər Birliyi çökəndən sonra tədricən onun Azərbaycan türkləri ilə sıcaq, isti əlaqələri yaranmağa başladı. Bəs bu əlaqələri necə möhkəmlətməli, nə cür genişləndirməli? Əli bəy artıq ötən əsrin doxsanıncı illərində dostlarının dəvəti ilə Azərbaycana gedib-gəlməyə başladı. Bu, o zamanlar idi ki, keçmiş sistem yıxılmış, onun xarabalıqları üzərində qara buludlar oynaşırdı. Adamlar sabaha inamsız nəzərlərlə baxırdı. Köhnənin üzərində yeninin yaranması çətin bir iş idi. Gənc Respublikanın problemləri, yumşaq deyilsə, kifayət qədər idi.

Bax, belə bir çətin zamanda hansısa bir sahəyə investisiya qoymaq əslində hər kəsdən böyük risk tələb edirdi. Əli Evsen artıq doxsanıncı illərin ortalarında özü üçün müəyyən nəticələr, qənaətlər hasil etməyə başladı. O, əlaqədar təşkilat və görəvli adamlarla məsləhətləşmələrdən sonra Bakı şəhərində taksi parkı açmaq qərarına gəldi.

O vaxt köhnə sovet taksiləri sıradan çıxmaq üzrə idi. Sanki daxili bir hiss Əli bəyə fasiləsiz olaraq pıçıldayırdı ki, Bakıya məhz yeni taksi maşınları gətirmək lazımdır. Və o, məhz daxili inamın "səsi” ilə Bakıya taksi partiyaları gətirməyə başladı. Tezliklə Azərbaycanın paytaxtında, Bakının küçələrində yeni yüngül minik maşınları, başqa sözlə "Əli bəyin taksiləri” görünməyə başladı.

Yüzlərlə sürücü iş yeri ilə təmin olunmuşdu. Əli bəyin və onun komandasının irəli sürdüyü şərtlər də sərfəli idi: sürücülər gündəlik qazanclarının bəlli bir məbləğini yeni yaranmış şirkətin hesabına keçirir, üstəlik bəlli bir vaxtdan sonra sürdükləri maşına sahib çıxırlar. Bəli, çox sərfəli təkliflər idi.

Az sonra Əli Evsen biznesin daha yeni keyfiyyət tələb edən sahəsinə baş vurmağa başladı. Onun səyi və təşəbbüsü ilə Bakının nisbətən ucqar hissəsi hesab edilən ərazidə, Dərnəgül deyilən yerdə "Elit” ticarət mərkəzi fəaliyyətə başladı. Yeni iş sahəsi də elə əvvəlki kimi gələcək uğurlu gəlişmələr, uğurlar üçün yeni perspektivlər açmaqla yanaşı, yeni bir biznes mərhələsinin başlanğıcı oldu. Və tezliklə həmin "ucqar” ərazi təzəcə start götürmüş "Elit” ticarət mərkəzinin dinamik, sürətli inkişafı nəticəsində əsl biznes mərkəzinə çevrilməyə başladı.

Bildiyimiz kimi, Azərbaycan uzun onillər başqa bir sistemin tərkibində olmuşdur. Elə buna görə də burada "sovet ticarəti” prinsipi üzrə işlədiklərinə görə, adamlar azad bazar iqtisadiyyatının mövcud qanunlarına yaxından bələd deyildilər. Sərt, dinamik, çevik rəqabət prinsipləri də hələ adamlara yad idi. Bütün bu iqtisadi münasibətlər tədricən, addım-addım cəmiyyətin həyatına daxil olmağa başlamışdı. Amma ən çətini toplumun psixologiyasına bələd olmaq və təsir etmək idi. Yeni bazar iqtisadiyyatının bərqərar olması həm də yeni psixologiyanın formalaşması demək idi. Belə bir şəraitdə biznes adamı hədsiz dərəcədə həssas və çevik olmalıdır. Əli bəy həmişə belə hesab etmişdir və elə bu gün də belə düşünür ki, ən böyük kapital insan ağlı, insan zəkasıdır. Elə bu səbəbdən də insanların düşüncə və fəaliyyət istiqamətiini düzgün, əlverişli və səmərəli şəkildə müəyyənləşdirmək lazım gəlirdi. Bəli, Əli bəy fəaliyyətə məhz belə bir zamanda başlamışdı.

Tezliklə hər şey öz axarına düşməyə başladı. "Elit” ticarət mərkəzi öz adına uyğun olaraq Bakının ən elit güşələrindən birinə çevrilməyə başladı. Bağlanan köhnə sənaye müəssisələrinin, süquta uğtamış zavod və fabriklərinin əvəzinə yeni ticarət və istehsalat müəssissisələri meydana gəlməyə başladı. Uzun müddətdən bəri iş yeri tapa bilməyən adamların müəyyən bir qismi üçün yeni iş yerləri açılmışdı. Xüsusən, gənclik entuziazmına üstünlük verilirdi.

Bəli, indi yalnız ticarətlə, bizneslə kifayətlənmək olmazdı. Əli bəy get-gedə yeni istehsal sahələrinin yaranmasına daha çox diqqət yetirməyə başladı. Kiçik və orta miqyaslı törəmə müəssisələrdə çalışan adamların sayı isə günü-gündən artmaqda idi.

Əli Evsenin fəaliyyəti indi təkcə Bakı ilə məhdudlaşmırdı. Onun təşəbbüsü və bilavasitə səyi nəticəsində Azərbaycanın bir çox regionlarında istehsalat müəssisələri fəaliyyətə başladı. Məsələn, Bakıdan təxminən 120-130 km. kənarda yerləşən Şamaxı iqlim soyuducusu fabrikasını buna misal göstərmək olar.

Ümumiyyətlə, Əli bəy Azərbaycanda bir çox sahələrin ilkinə imza atmış bir insandır. O, öz əldə etdiklərini məmnuniyyətlə başqaları ilə bölüşməyə, bildiklərini böyük səmimiyyətlə özündən sonra gələnlərə öyrətməyə çalışan və bundan zövq alan iş adamıdır.

Əli bəyin hələ uşaqlıq və gənclik illərindən elmə, incəsənətə, ədəbiyyata xüsusi sevgisi və marağı vardı. Elə bu səbəbdən də o, Azərbaycana gəldikdən sonra ölkənin bir çox tanınmış elm və incəsənət adamları ilə tanış oldu, sonralar bu tanışlıq dostluqğa çevrilməyə başladı. Bilim və sənət adamlarına diqqət yetirməyi Əli bəy özünün mənəvi borcu hesab edirdi.

Azərbaycanın əksər məşhur incəsənət adamları ilə Əli bəyin dostluğu səmərəli nəticələrini verirdi. Belə ki, "Elit” şirkətinin proqram və layihələri çərçivəsində tez-tez maraqlı, elitar səviyyəli tədbirlər keçirilirdi. Biz özümüz şahidiyik ki, 90-cı illərdə söhbət açdığımız müəssisənin konsert salonlarında və tamaşaçı zallarında ölkənin ən nüfuzlu sənər adamları ilə görüş və konsertlər təşkil olunurdu.

Azərbayacan xalqı daim özünü Türk cümhuriyyətinin, türkiyəlilərin yanında hiss edir. Bu keçmiş Sovet ölkəsində Türkiyənin incəsənət və musiqisinə daim, hələ üzü qədimlərdən bəri çox böyük sayğı və diqqət göstərilib. Elə bu məhəbbətə, bu sevgiyə görə Əli bəyin şəxsi təşəbbüsü ilə Türkiyənin tananmış sənətçiləri də dəfələrlə Azərbaycana təşrif buyurmuşlar. Bu görüşlərdən biri xüsusilə böyük izdihamla keçirilmişdir. Bakılıların əksəriyyətinin yadındadır, 1999-cu ildə "Elit”in qarşısındakı meydanda böyük xeyriyyə konseri oldu. Türkiyənin ünlü sənətçisi İbrahim Tatlısəs öz sevimli tamaşaçılarının görüşünə gəlmişdi. Bu görüşə gələnlərin sayı-hesabı yoxdu. Bu qədər insanın hansısa qapalı bir salında yerləşməsi mümkünsüz idi. Elə bu səbəbdən də Tatlısəsin konserti açıq havada, aydın səma altında təşkil olundu.

Azərbaycanda, xüsusilə Bakıda neçə-neçə adamla rastlaşmaq olar ki, onlar Əli bəyin vaxtilə göstərdiyi təmənnasız köməkdən ürəklə, eşqlə, şövqlə söhbət açsın. Biz elə ailə tanıyırıq ki, həmin ailənin bir neçə üzvü vaxtilə Əli bəyin qurub-yaratdığı müəssisələrdə çalışıblar. Məsələn, ailə var ki, ata taksi sürücüsü, oğul hesabdar, qız satıcı işləyib. Əlbəttə, bu, çox təqdirediləsi bir haldır. Biz heç də deyə bilmərik ki, adamlar sadəcə kimdənsə maddi kömək umublar. Yox, əksinə Azərbaycan insanları öz əllərinin qazancı ilə yaşamağa üstünlük verirlər. Bir məşhur məsəldə deyildiyi kimi, "sən mənə balıq vermə, balıq tutmağı öyrət”. Amma etiraf etmək lazımdır ki, bəzən "balığı tutmaq, yəni iş yeri tapmaq elə də asan olmur.

Təbii ki, yeri düşmüşkən, Əli Evsenin xeyriyyəçilik tədbirləri haqda da ətraflı danışmaq olar. Amma xalqın yaxşı bir məsəli var: "Sağ əlin verdiyini sol əl bilməməlidir”. Bu mənada Əli bəy də bir çox adamlara, o cümlədən uşaqlara, gənclərə, ahıllara və ixtiyar insanlara göstərdiyi qayğı barədə danışmağı, bu konuda, bu mövzuda söhbət açmağı xoşlamır.

Artıq bir xeyli müddətdir ki, Əli bəy İspaniyada yaşayır. O, öz fəaliyyətini qürbət ölkədə davam etdirsə də, ürəyi daim Azərbaycanla birgə vurur. İndi onu doğma ölkə ilə bağlayan tellər çoxdur- tanışlıq, dostluq, qohumluq telləri. O, iştirakçısı və ya bilavasitə təşkilatçısı olduğu tədbirlərə daim Azərbaycanlı müsafirlərin də qatalmasına çalışır, bu istiqamətdə ciddi, səmərəli, gərəkli işlər görür.

Əli bəy Azərbaycan xalqının və Azərbaycan dövlətinin onun əməyinə işinə daim hörmətlə yanaşdığını hər bir məclisdə ürəkaçıqlığı ilə qeyd edir, məmnuniyyətlə vurğulayır. O, Azərbaycana olan dərin bir sevgi ilə yaşayır və bu sevgini ruhunda daşıyır.

Əli bəy indi biznesin təkcə praktik tərəfi ilə deyil, həm də nəzəri cəhətləri, yəni onun tədqiqi və nəzəriyyəsi ilə də məşğul olur. O, bu sahədə bir çox araşdırmaların müəllifidir.

Tanıyanlar yaxşı bilir ki, Əli bəy həm də nüfuzlu bir barış və sülh adamıdır. O, bütün dünyanı xoşbəxt görmək istəyir. O, istəyir ki, bütün türk xalqları məsud və azad yaşasın. Arzu edir ki, Qarabağ münaqişəsinin tezliklə həll olunmasını, köçkün və qaçqın düşmüş insanların tezliklə öz el-obalarına qayıtsınlar.

Əli bəy bu gün də coşqun fəaliyyətini yorulmadan davam etdirir. Zamanında onun ürəyində cücərən, qönçələnən Azərbaycan sevdası bu gün daha da çiçəklənmış, qol-budaq atıb şaxələnmişdir.

Əli bəy bir çox nüfuzlu beynəlxalq mükafatların laureatıdır. O, bir müddət bundan öncə Dünya Barış ödülünə layiq görülmüşdür. Biz bu münasibətlə onu ürəkdən təbrik edirik. Əli bəy özü də təbiəti etibarı ilə barış, sülh, əmin-amanlıq sevən bir insandır.

Bu gün Əli bəy özünün, öz fəaliyyətinin ən məhsuldar bir dövrünü yaşayır.

Biz Azərbaycan sevdalısı Əli bəyə bundan sonra da səmərəli fəaliyyət, başarılar, cansağlığı arzu edirik. Yaşa və yarat, Əli Evsen.



Tofiq Xəlil

Firuz Mustafa



İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO