adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Avqust 2019 16:53
9117
GÜNDƏM
A- A+

1 Avqust - Azərbaycan Əlifbası Günüdür

Ümummilli liderimiz Heydər Əliyevin bütün sahələrdə olduğu kimi dilçilik sahəsində də məqsədyönlü siyasətinin tarixi nəticələrindən biri kimi Azərbaycan dilinin dövlət dili olaraq geniş istifadə edilməsi və latın qrafikası əsasında yaradılmış müasir əlifbamızın tam tətbiqinin təmin edilməsinə nail olmasını qeyd etmək olar. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə və həmin tarixdən 1 avqust - Azərbaycan əlifbası günü kimi qeyd olunmasına başlanılmışdır.

Məlumat üçün bildiririk ki, XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı il tarixdə Azərbaycan Əlifba Komissiyasıyaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.

Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.

XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.

Məlum olduğu kimi, bu il müasir Azərbaycan Əlifbasinin müəllifi akademik Afad Qurbanovun 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən silsilə tədbirlər keçirilmiş, onun əlifba islahatçısı kimi fəaliyyəti araşdırılmış və yüksək qiymətləndirilmişdir.