HƏM BiZiM, HƏM DƏ MüƏSSiSƏLƏRiN TƏHLüKƏSiZLiYi NECƏ QORUNUR?

AQİL ABBAS
29376 | 2010-04-09 11:30
Son günlər bir məktəbə edilən basqın yenidən təhlükəsizlik məsələlərini müzakirəyə çıxartdı. Eləcə də keçən il Neft Akademiyasında baş vermiş dəhşətli terror aksiyası zamanı da bu məsələ gündəmə gəldi, xeyli müzakirə olundu. Bizdə hər şey kampaniya xarakteri daşıyır da. Gərək hadisə ola, bunu müzakirə edək, sonra yaddan çıxa. Sonra yenə hadisə ola, yenə müzakirə edək, sonra yenə yaddan çıxa.
   
   Vaxtilə "Literaturnaya qazeta"da yazıçı Aleksandr İvanovun çox maraqlı bir fikrini oxumuşdum və xoşuma gəlmişdi. Aleksandr İvanov yazırdı ki, Yaponiyada balıq qurtaranda dənizə çıxıb balıq tuturlar, SSRİ-də balıq qurtaranda isə yığışıb aylarla iclas keçirirlər ki, balıq niyə qurtardı?
   
   70 il SSRİ-nin tərkibində yaşadığımızdan biz də hələ bu bəladan qurtulmamışıq. Bəzən iş görmək əvəzinə daha çox müzakirələr eləyirik. Sonra da məsələ yavaş-yavaş gündəmdən çıxır.
   
   Biz bir neçə dəfə bu məsələni qəzetimizin səhifələrinə çıxarmışıq, müəyyən təkliflərimizi demişik. Yenidən niyə bu mövzuya qayıdırıq? Elə sözlər var ki, gərək eşidilənədək deyəsən. Gərək kar qulaqlar deşilənədək deyəsən.
   
   Bu gün həm dövlət, həm özəl şirkətlərin, ali məktəblərin, orta məktəblərin, institutların, idarə və müəssisələrin güvənliyi kimlərə etibar olunub? Və həmin kimlər bu çox məsuliyyətli vəzifənin öhdəsindən gələ bilirlərmi?
   
   Sovetlər dönəmində, elə ondan sonra da ölkədəki mühüm obyektlərin hamısının güvənliyinə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi nəzarət edirdi. Bu gün də həmin idarə bu vəzifəni yerinə yetirir, özü də böyük məsuliyyətlə yerinə yetirir. Bu idarədə çalışanlar peşəkar polis işçiləridirlər. Onlar xüsusi kurslar, xüsusi məktəblər və akademiyalar bitiriblər. Və bunlar hamısı yoxlanılmış, hətta cəddəbaları yoxlanılmış, yəni hüquq-mühafizə orqanlarında, polis orqanlarında çalışmağa ləyaqətlərinin çatıb-çatmayacağı yoxlanılmış insanlardı. Bunlar çox ciddi tibbi müayinədən keçmiş insanlardı. Özü də tibbi müayinədən keçərkən təkcə onların fiziki sağlamlığı yox, həm də əqli sağlamlıqları yoxlanılır.
   
   Bundan başqa, bütün polis orqanlarında olduğu kimi bu idarədə çalışanlar da ildə bir dəfə vəzifələrindən və rütbələrindən asılı olmayaraq çox ciddi tibbi müayinədən keçirlər ki, eyni zamanda onları psixoloji müayinədən də keçirirlər. Bu müayinə təkcə onların psixoloji durumunu deyil, həm də onlara silah etibar edilib-edilməməsini üzə çıxarır. Yəni bu hərbi strukturdur. Demirəm burda çalışanların hamısı gül kimi təmizdir, təbii ki, aralarında natəmizləri də var və onlar da üzə çıxarılan kimi polis orqanlarından xaric edilirlər.
   
   Bəs biz güvənliyimizi kimə etibar edirik: bu peşəkar dövlət strukturunamı, yoxsa?..
   
   İndi demokratiyadı, nə bilim Avropaya inteqrasiya edirik və sair və ilaxır. Və bizdə də özəl güvənlik strukturları fəaliyyət göstərir və belə strukturların da sayı getdikcə artmaqdadır. Və bu strukturlar qanundan kənar fəaliyyət göstərmirlər. Milli Məclis özəl güvənlik strukturları ilə bağlı qanun qəbul edib.
   
   Və indi Azərbaycanda özəl müəssisələr, böyük ticarət obyektləri, idman obyektləri, böyük mağazalar, idarə və müəssisələr bu güvənlik strukturları ilə işləyirlər. Bundan başqa bir çox müəssisələr də özlərinə güvənlik təşkilatı yaradıblar.
   
   İndi gəlin görək bu özəl güvənlik strukturlarında çalışanlar da polis orqanlarında olduğu kimi ciddi yoxlamalardan, ciddi tibbi müayinədən keçirlərmi? Onların keçmişdə kim olduqları, hansı əməllərlə məşğul olduqları öyrənilirmi? Onlar xüsusi kurslarda təhsil alırlarmı, onların təlim-tədris mərkəzləri varmı? Bir-ikisini çıxmaq şərtilə, yox.
   
   Hər il neçə-neçə polis işçisi vəzifə borcunu yerinə yetirərkən özünü quldur gülləsinin qabağına atıb şəhid olur və ya yaralanır. Çünki polis vəzifə borcunun nə olduğunu çox gözəl anlayır. Alınında daşıdığı Azərbaycan gerbinin onun üzərində necə böyük bir məsuliyyət qoyduğunu yaxşı anlayır.
   
   Siz bu günədək hansısa özəl güvənlik strukturlarında çalışanlardan bircə nümunə göstərə bilərsinizmi güvənliyini qoruduğu insanın və ya obyektin uğrunda özünü güllə qabağına atsın? O strukturlarda çalışanlar da ləyaqətli oğlanlardı, mən onları şübhə altına almaq istəmirəm. Sadəcə olaraq o öz üzərində polisin öz üzərində daşıdığı məsuliyyəti daşımır. Yəni onu belə yetişdirməyiblər, belə hazırlamayıblar.
   
   Məlumat üçün bildirim ki, DİN-in Baş Mühafizə İdarəsi müqavilə əsasında işləyir. Özü də müqaviləni təkcə obyektlərlə, təşkilatlarla, müəssisələrlə bağlamır, hər bir vətəndaş istərsə özünün, istərsə evinin, həyətinin təhlükəsizliyi üçün də Baş Mühafizə İdarəsi ilə müqavilə bağlaya bilər və bu idarə də 24 saat onun təhlükəsizliyinə təminat verə bilər.
   
   Biz mühüm bir dövlət strukturunu qoyub həyatımızı, iş yerlərimizi, müəssisə və təşkilatlarımızı, nə bilim ticarət obyektlərimizi və sair və ilaxır tanımadığımız, bilmədiyimiz özəl güvənlik strukturlarına və tanımadığımız, bilmədiyimiz və son anda heç bir məsuliyyət daşımayan insanlara etibar edirik. Nəticə də çox zaman acınacaqlı olur.
   
   Yaxşı olar ki, elə götürək ali məktəblərimizdən, orta məktəblərimizdən, digər tədris mərkəzlərindən, onlar öz təhlükəsizliyini Baş Mühafizə İdarəsinə etibar etsinlər. Eləcə də böyük sənaye müəssisələri, böyük ticarət obyektləri, mühüm müəssisələr güvənliklərini dövlətə etibar etməlidirlər. Bu əslində həm təşkilatlara ucuz başa gəlir, yəni sərfəlidi və həm də etibarlıdı.
   
   Diqqətlə araşdırsaq görərik ki, özəl güvənlik strukturları çox zaman güvənliyi qorumaqdan daha çox həmin müəssisələrin vuran qolları rolunu ifa edirlər.
   
   Güvənliyinizi dövlət strukturlarına, polisə etibar edin. Tanımadığınız, bilmədiyiniz kimsələrə yox. Nəticə göz qabağındadır.

TƏQVİM / ARXİV