adalet.az header logo
  • Bakı 13°C
01 Avqust 2019 10:46
21745
ƏDƏBİYYAT
A- A+

Sən kimsən, Almaniya?

Səfər təəssüratları

... Ancaq Berlinə kirayə maşın götürməyi qərara aldıq. Bu həm də benzinə xeyli qənaət etmək məqsədi daşıyırdı. Təxminən 700 kilometrdən artıq bir məsafəni qət etməli idik.

Yeni ilin səhərisi - yanvarın 2-də tezdən yola çıxacaqdıq. Kirayə maşını gətirənə qədər yubandıq. Bayram günü olmağı da bir tərəfdən. Xülasə, sənədləri qaydaya saldıq. Almanlar bu sahədə peşəkar və dəqiqdirlər, açığı, heç mənim bilmədiyim şeyləri onlar bir-bir izah edir, sənədləşdirirdilər. Axşamdan qar yağmışdı və hələ də yağmaqda davam edirdi. Hava soyuq olsa da küləksiz idi, adama xoş gəlirdi.

Berlinə səfərimizi iki ay öncədən planlaşdırmışdıq. Burada dayım qızı Sevil xanım ailəsi ilə yaşayır və işləyir. İxtisasca hüquqşünas olan Sevil xanım sosiologiya elmləri üzrə fəlsəfə doktorudur. Həyat yoldaşı da eynən. Düzdü, onlarla mütəmadi olmasa da, iki-üç ildən bir Bakıda görüşürdük. Mənim Almaniyaya gəlişimdə görüşməyimizi vacib saydı.

- Almaniyaya gələsən, Berlini görməyəsən!

Yolçu yolunda gərək!

Yola çıxırıq. Geniş, şüşə kimi düz və təmiz yollar! Göstəricilərə, işarələrə baxıb, üzü Berlinə - paytaxta gedirik. Yollarda radarların olduğunu öyrənmişdik, ancaq sağ-solumuzdan ötən maşınların sürəti bizimkindən yüksək idi. Buna baxaraq biz də sürəti artırırıq. Saatda 150-180 kilometrlə gedirik. Bəri başdan onu deyirəm ki, heç bir pozuntuya yol vermirik, çünki ünvanımıza cərimə kağızı gəlmədi.

İqlim Almaniyada dəyişkəndir. Berlinə qədər dörd bölgədə qarla üzləşdik, qalan bölgələrdə günəşli, aydın şaxtalı havalar hökm sürürdü. Yolboyu qəsəbə və kəndlər, şəhərlər, yaşıllıq gözlərimiz önündən keçirdi. "MacDonalds”lar, market və mağazalar o qədər də çox deyil. Onların yanında istirahət üçün ayrılan yerlər, yanacaqdoldurma məntəqələri var. Yanacaqdoldurma məntəqələrində kimsə çalışmır. Sən özün düşməli, mağazada pulu ödəməli və benzini doldurmalısan. Hər şey monitorla idarə olunur. Bu mənim üçün qəribə idi. Belə izah edirdilər ki, açıq havada, soyuqda, yağışda, qarda istidə insanın çalışması onun sağlamlığı üçün təhlükəlidir.

Qeyd etdiyim kimi, yollarda hamı az benzin işlədən yüngül maşınlardan istifadə edir. Nadir hallarda iri çaplı "Cip”lərə,”Hyundai”lara rast gələ bilərsən.

Hansı yolla hərəkəti, hansı banla getməyi mobil telefonların istifadəsindən müəyyən etmək olurdu. Buna ümidlə yolda narahatçılığımız yox idi!

Məsafəni qət etdikcə Hamburq, Leypsiq və başqa şəhərlərin sağ-sola istiqamətlənmiş lövhələri arxada qalırdı. Podsdam şəhərinin (tarixi konfrans olan şəhər) Berlinlə ara məsafəsi çox azdır - cəmi 10 kilometr. Podsdamı sağda qoyub sola - paytaxt Berlinə gedirik. Mobil telefona Sevil xanımın ünvanı yazılır və biz göstəricilərlə onların evlərinə çatırıq. Almaniyada ən çətin məsələlərdən biri avtomobillərin park olunmasıdır ki, biz də bu problemlə üzləşdik. Dayanacaqlar çoxdu, ancaq evdən aralı məsafədə yerləşir.

Binaların ətradında soyuq hava uda-uda axtarırdıq və axır ki, yaxınlıqdakı küçədə uzun maşın karvanlarının arasında boş yer tapdıq. Elə düşündük ki, kimsə bu yeri təzə boşaldıb...

Sevil xanım gülə-gülə sözlədi ki, Berlin kriminal şəhərdir. Burada hər cür oğurluq və cinayət hallarına rast gəlmək olur,özü də tez-tez. Sergey də bunu təsdiqlədi, hələ misallarda çəkdi və bu mənə qəribə gəldi. Bu hal mənə yad deyildi və maşını icarəyə gətirəndə, sənədləşmə zamanı almanların özləri etiraf etmişdilər.

Sevil xanım danışırdı ki, qonşuları ezamiyyətdə olur, xanımı isə hamilə imiş. Taksi ilə hava limanından qayıdanda kişi görür ki, maşınını iki nəfər sürüb aparır. Taksidən xahiş edir ki, maşının arxasınca sürsün. Sürücü maşını İsveçrə ilə sərhəddə qədər sürür. Yolda qonşu polisə zəng edir ki, maşınını iki nəfər oğurlayıb, heç cür saxlaya bilmirlər.

­- Maşının sığortası var? – Polis soruşur.

-Var.

- Onda təqib etməyin. Gəlin təzə maşın götürün.

Mən heyrətlənir, qayda-qanunun zərgər dəqiqliyi ilə riayət olunduğu bir ölkədə belə halların olmasını təsəvvür edə bilmirdim.

Nəysə, Berlində Sergeylə pivə və araqdan könül xoşluğu ilə içib, təmtəraqlı sağlıqlar dediyimiz Avropa və Azərbaycan arasında fərqli cəhətləri aşkar etdiyimiz tarixi faktları araşdırdığımız, mübahisəli məsələləri çizdiyimiz gecənin səhərisi tezdən oyanıb acqarına papiros yandırdım və kirayə maşınımıza baxmağa qərar verdim. Çatanda nə görsəm yaxşıdı? Maşının şüşələri çilik-çilik olub. Nitqim tutuldu. Dalbadal düzülən maşınlardan təkcə bizimki qarət olunmuşdu. Hamımız həyəcan içindəydik. Polisə zəng vurub vəziyyəti anlatdıq.

- Bizim cəmi 8 işçimiz var və bu işlə məşğul olmağa vaxtımız yoxdu, maşını şöbəyə gətirin!

Yeni sığorta dadımıza yetdi. Sındırılmış maşını alıb, yenisini verdilər. Artıq canımızı qara qorxu almışdı. Maşını saxlama məntəqəsində saxladıq və xərcə-borca baxmadıq, Berlini piyada və ictimai nəqliyyatla gəzdik.

Metro ilə iki stansiya getdikdən sonra pillələri qalxıb sürət qatarına mindik və Berlinin ən görməli yerlərindən olan, hamının sevdiyi məkana – zooparka getdik. Biletlər böyüklər və zəngin fauna və floraya malikdir. Məhz bu zənginliyin və baxımlılığın hesabına bura gələnlərin sayı hesabsızdır. Mən burada bir neçə Azərbaycan dilində danışanlarla rastlaşdım.

...Zooparkla üzbəüz isə Böyük Vətən müharibəsinin canlı şahidi - əzəmətli arxitekturaya malik kilsə binasının əl toxunmadan saxlanıldığı binanın şəklini çəkdim. Müharibənin sonlarında Berlinin süqutundan sonra bombardmana məruz qalmış kilsənin uçulmuş vəziyyətdə saxlanması yeni inşa olunmuş binaların arasında o dəqiqə diqqəti çəkir.

Axşamüstü Sergeylə şəhəri piyada gəzmək imkanı qazanmışıq. Tarixi, keçmişi dərindən və dəqiqiliyi ilə bilən, güclü yaddaşa malik poliqlot Sergey Berlin divarlarının uçulmuş, lakin nişanə kimi saxlanılan xətlərini göstərir. Bu xətlərin üstündə ucaldılmış hasarlar vaxtilə Almaniyanı iki qütbə - sosializmə (Almaniya Demokratik Respublikası) və kapitalizmə (Almaniya Federativ Respublikası) ayırmışdı. Yolüstü fin evlərinə bənzər taxtadan tikilmiş alçaq birmərtəbəli evləri göstərən Sergey dedi ki, Almaniyanın kansleri Merkel bu evlərdən birində yaşayırmış, indi də o evdə yaşayır və işə... piyada gedir. Onun evi ilə idarənin arası o qədər də uzaq deyil.

Mən bu səfər təəssüratlarında uzunçuluq etmək, Almaniyanın keçmişi, bu günü, dünya siyasətində rolu və hegemonluğu, I və II Dünya müharibəsinin başlanmasının səbəbkarı, rəqəmlər, faktlar haqqında uzun-uzadı danışmaq fikrindən uzağam. Ancaq II Dünya müharibəsindəki məğlubiyyətdən sonra keçən 70 illik bir dövrdən sonra Berlinə səfər edən bir tarixçi və yazıçı kimi öz mövqeyimi bildirməyi borc hesab edirəm. Söhbət Reyxstaqdan gedir. Mənə elə gəlir ki, Berlinə səfər edən hər bir əcnəbi vətəndaş bu tarixi məkana baş çəkməyi ilk növbədə plana salmalı, dünyanı lərzəyə salan, neçə yüz minlərlə insanın məhvinə fərman verən ali qanunvericilik binasına baxmağı bəlkə də özünə borc bilməlidir. Mən də eləcə!

Və Berlində metrodan çıxıb. Üzü cənuba tərəf addımlayan müxtəlif rəngli insanların arasında onu düşünürdüm ki, dörd il davam edən müharibənin son nöqtəsi məhz burada – Reyxstaqın alınması ilə başa çatıb. Onu bilirdim ki, Rexstaqa ilk çatan əfsanəvi 416-cı Taqanroq diviziyası məhz azərbaycanlılardan təşkil olunub. Son döyüşdə - Reyxstaqın ələ keçirilməsində nə qədər əsgər və zabitlərimiz həlak olublar? Təsəvvür edəndə ki, dörd il qanlı döyüşlərdə salamat qalıb, faşizmin son nöqtəsi Reyxstaqa çatasan... və ömrünü fəda edəsən! Bu dəhşətli idi və üstündən 70 ildən artıq bir vaxt məsafəsində mənim ürəyimi ağrıdan və tüklərimi biz-biz edən bir amil idi.

Gecə. İşıqlar yanır. Reyxstaqın bütün mərtəbələrində də! Biz belə planlaşdırmışdıq ki, elə Reyxin qabağındakı pivəxanada pivə içib, bilet alar və binaya baxarıq. Pivəxanada bağlı idi, qəribəydi! Bilet kassaları da bağlanmışdı. Hər halda Brandenburq qapılarında Rexystaqın girəcəyində şəkil çəkdirib geriyə - pivəxanaya tələsdik.

Onu qeyd etmədim axı, Almaniyada pivə içmək bəzən adamı bəzi mətləblərdən uzaq salır. Reyxstaqı təsəvvürümdə bir adaya bənzətdim. Fərqi yoxdur quru və, ya sulu! Necə? Metrodan azacıq irəliləyən kimi sağda İngiltərə və Fransanın, solda isə SSRİ-nin (İndiki Rusiyanın) bu ölkədəki səfirliklərinin binaları yerləşir. Amerika səfirliyi isə irəlidə - Reyxstaqı ötəndən sonradı. Bu dövlətlərin Almaniyadakı səfirliklərinin binaları Reyxi hər tərəfdən mühasirəyə alıb və binaların böyüklüyü ilk növbədə diqqəti özünə cəlb edir. Fikirləşdim ki, Rusiya səfirliyinin əməkdaşlarının sayı maksimum həddə yüz nəfər alar, ancaq səfirliyin binası o qədər böyükdür ki, burada neçə minlərlə insanın izləməsinə məkan çatar. Eləcə də Fransanın, ABŞ-ın, İngiltərənin. Şəxsən mənə çox maraqlı, qəribə və cavabsız sual kimi qaldı ki, bu böyüklükdə və uzunluqda səfirlik binaları nəyə gərəkdir?

Almaniya tarixi baxımdan Avropanın, eləcə də dünyanın inkişaf etmiş nəhəng dövlətlərindən biridir. XX əsrdə iki dəfə Dünya müharibələrini başlayıb və sonda... mübarizələrdən məğlub kimi ayrılıb. Bunlar ayrıca bir söhbətin mövzusudur, tarix dərsləri açmağa ehtiyac yoxdu. Ari irq kimi özlərini dünyaya tanıtmaq istəyən almanların arzuları həyata keçmədi. Arzu arzu olaraq qaldı. Buna baxmayaraq onların ariliyi qeyri-rəsmi olsa da qəbul edilir. Almanlar özlərini çox sevir və insanı yüksək dəyərləndirirlər. Odur ki, müxtəlif rəngli insanların qarışqa kimi qaynaşdığı Berlin şəhərində çalışanların əksəriyyəti imiqrantlardır. Avropadan, Asiyadan, Afrikadan gələnlər qara işlərin görülməsində əsas rol oynayırlar. Orta, ali mərtəbələrdə, uşaq bağçalarında, tikinti sahəsində çalışanların əksəriyyəti almanlar deyillər.

Rumıniyadan, Macarıstandan, Türkiyədən, keçmiş Yuqoslaviya ölkələrindən mütəxəssis və işçilər tikinti işlərini aparırlar. Elmi sahələrdə, təhsildə və səhiyyədə Avropa ölkələri ilə yanaşı Asiyadan gələnlərin sayı da çoxluq təşkil edir. Berlin şəhərində dünyanın əksər ölkələrindən olanlara rast gəlirsən. Elə xarici görkəmindəncə hiss edirsən ki, kim kimdir. Qara dərili, sarışın, qıvrım saçlı, qıpıq göz...

- Sizinlə ingilis dilində danışmaq olarmı?

Bu sual Almaniyada ən çox müraciət formasıdır. Əksərən ingilis dilini bilənlər hansı yeri, ya nəyisə soruşub öyrənmək istəyirlərsə, bu sualı verməyə məcburdurlar, çünki almanca danışmaqda çətinlik çəkirlər. Soyuqqanlı almanlar, ya da qeyriləri əhvallarına uyğun hərəkət edirlər, çox vaxt kömək etməyə çalışırlar. Tələsənlər isə soruşana məhəl qoymadan sürətli addımları ilə yollarına davam edirlər. Böyük Vətən müharibəsində dağıdılmış və bugünədək uçuq vəziyyətdə saxlanılan alman kilsəsinin yaxınlığındakı zooparkda mən Azərbaycan dilində danışan iki ailə ilə rastlaşdım. Doğma dilində sözləri eşitmək çox xoş idi. Ancaq, sən demə, Almaniya təkcə almanları yox, burada yaşayan qeyri-millətləri də soyuqqanlı edirmiş.

"- Vaxt qızıldır!” – bu sadə və dərin məzmunlu kəlamı ingilislərin, yəhudilərin, almanların, azərbaycanlıların adına çıxırlar – zənnimcə almanlar bu işdə zərgər dəqiqliyi nümayiş etdirirlər. Hər kəs başını aşağı sallayıb, öz işi ilə məşğul olur, başqa işlərə, başqalarının işlərinə demək olar ki, qarışmırlar. Kim neylədi, kim kimə nə dedi, o, ona nə cavab verdi... Almaniya və almanlar belə şeylərdən çox uzaqdılar, odur ki, qeybət söhbətinə rast gəlməzsən. Var-dövlət toplamaq, bahalı əşyalar yığmaq, möhtəşəm villalar tikdirmək, qızıl-zinət əşyaları gəzdirmək də almanlara yaddır. Sadə geyinmək! İnsanlara geyim-keciminə, bahalı maşınına görə qiymət vermək ağlagəlməyən bir işdir. Almanlar savadlı, bacarıqlı, təşəbbüskar, ideyalı insanlara yüksək qiymət verir, onları işə dəvət edirlər.