adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Avqust 2019 10:40
19866
ƏDƏBİYYAT
A- A+

Elsevər Məsimin şeirləri

Ölümü gəzirəm, ölümü Allah,

quşlar nəğməsini kəsənə kimi.

Özüm çəkirəm bu zülmü Allah,

son yarpaq budaqdan düşənə kimi.


Yazmağı öyrətdim, yaza bilmədim,

azmağı öyrəndim, aza bilmədim.

Susmağı öyrənib susa bilmədim,

Məzar torpağıma girənə kimi.


Birinə dərd oldum, birinə ibrət,

biri nifrət etdi, biri məhəbbət.

Saraldı budaqda sonuncu həsrət,

gözlərin gözümə gülənə kimi.


Gah oda çevrildim, gah suya döndüm,

hərdən özümə gülməli göründüm.

Arabir barışıb arabir küsdüm,

dolayı yollarda dönənə kimi.


Həyatın dərdi var, ölümün sirri,

Yandırır-söndürür səni bedtəri.

Bilən özü bilir ol həqiqəti,

Sonuncu mənzilə gələnə kimi.


Hərə özü yorur özünü vallah,

aldadıb yalançı-şirin sözlərə.

Kim qonub bu "sevim” sözünü Allah,

elə şirin gəlir şirin gözlərə.


Sevgidən yanmağa dəyir arabir,

sevgi də adamı əyir arabir.

Kaş ola hər yerdə, daim sırabir,

sinə gərə bilək bu zülmlərə.


Bəzən cümləmizə düzəliş gərək,

həqiqət adına yüksəliş gərək.

Yoxsa uçub gedər göylərdən mələk,

könül verə bilməz könülsüzlərə.


Elsevər yazdığın ürəkdən yazır,

sözüylə özünə bir məzar qazır.

Bir də görərsən ki, yağıştək yazır,

göylərdən hər misra can dəftərinə.


***



Yanan yanır yananacan,

Sönən sönür sönənəcən.

İlan ulduz görənəcən,

Ölməz deyiblər dədə.


Kərim də var, Kərəm də,

Yer göydədir, göy yerdə.

Yol gedirəm yerimdə,

Yolu gediblər dədə.


Həsrət mənə yar oldu,

Könlümdə qübar oldu.

Son evim məzar oldu,

Belə deyiblər dədə.


Dünyada qalmaq çətin,

dünyadan doymaq çətin.

Sonu yox məhəbbətin,

belə deyiblər dədə.


Gəl yolagələn olaq,

hüdudu bilən olaq.

Haqqa əyilən olaq,

Haqqı seviblər dədə.