adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
31 Iyul 2019 17:16
93948
HÜQUQ
A- A+

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilmiş, vətənimizin iqtisadi və müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini vermişdir. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil etmişdir. 2019-cu ilin birinci yarısında ümumi daxili məhsul istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz, iqtisadiyyatın qeyri-neft sektoruna yatırılan investisiyaların 5,1 faiz artması, valyuta ehtiyatlarının 9,7 faiz artaraq 49,1 milyard ABŞ dollarına çatması xüsusi vurğulanmışdır.

Bildirilib ki, 2019-cu ilin birinci yarımili ərzində dövlət tərəfindən sosial yönümlü siyasətin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüş, dövlət başçısı tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində imzalanmış Fərman və Sərəncamların icrası ilə 3 milyondan artıq vətəndaşın sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, minimum əmək haqqı iki dəfə artırılaraq 130 manatdan 250 manata çatdırılmış, bu artım 1 milyona yaxın insanı əhatə etmişdir.

Eyni zamanda, ölkə əhalisinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə təxminən 850 min nəfəri əhatə edən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əhəmiyyəti vurğulanmış, bu məqsədlər üçün dövlət büdcəsindən 682 milyon manat məbləğində vəsaitin ayrılması qeyd olunmuşdur.

Cari ilin birinci yarısında ölkəmizin, eyni zamanda paytaxt Bakının mötəbər beynəlxalq iqtisadi və humanitar forumlara - VII Qlobal Bakı Forumuna, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasına, dünya miqyaslı idman yarışlarına - "Formula-1 Qran-Pri”, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasınaev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə, tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olduğunu, eyni zamanda ictimai asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut etdi.

Müşavirədə əldə olunan uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Əməliyyat müşavirəsində xüsusi qeyd edilib ki, 2019-cu ilin birinci yarımili eyni zamanda ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirliməsi dövrü kimi yadda qalmışdır. Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olmuşdur.

Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq qanun layihələrinin hazırlanaraq üç ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsininin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilmişdir. Bununla əlaqədar Baş Prokurorluqda yaradılmış İşçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupuna təqdim edilmişdir.

Eyni zamanda, müşavirədə cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə keçirilməsi və həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə uğurlu təyinatlar aparılması qeyd edilmiş, eləcə də növbəti mərhələdə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların məhz bu prosedurlar əsasında vəzifəyə təyin edilmələrinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Prokurorluğunun digər hüquq mühafizə, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri hesabat dövründə də davam etmiş, prokurorluğun ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənmiş, kriminogen stabilliyə nail olunmaqla mənfi təzahürlərin qarşısı vaxtında alınmışdır.

Hesabat dövründə istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə cinayət hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 690 vahid artım olmaqla, ümumilikdə qeydə alınmış 13534 cinayətin 91,7 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuş, onların 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,5 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.

Əməliyyat-axtarış və istintaq fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 82,4% təşkil etmiş, həmçinin daxili işlər orqanları ilə birgə keçirilmiş tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilmişdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, mülkiyyət əleyhinə olan cinayətlər, yol-nəqliyyat hadisələri, habelə qəzalarda xəsarət alanların sayında artım, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsində isə azalma müşahidə olunmuşdur.

Müşavirədə 2019-cu ilin birinci yarımilində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri qeyd edilmiş, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə 70 şəxs barəsində istintaq olunmuş 32 cinayət işinin yekunlaşdırılaraq məhkəmələrə göndərildiyi xüsusi vurğulanıb.

Belə ki, 3 iyul 2018-ci il tarixdə radikal dini baxışlara malik Yunis Səfərov və digərləri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işinin istintaqı peşəkarlıqla davam etdirilərək, ümumilikdə mütəşəkkil dəstənin 29 üzvünün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmuşdur.

Bundan başqa, 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilərək, iş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş, onlardan 1 nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilmiş, 1 nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir. Ümumilikdə 2018-ci ilin noyabr ayından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. 6 cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılaraq təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, 16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir.

Qeyd edilib ki, 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən "Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirlərinin icrası təmin edilmiş, binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə çoxsaylı ekspertizalar təyin edilmiş, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilmiş, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilmişdir.

Xüsusilə vurğulanıb ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilmişdir.

Bildirilib ki, korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2019-cu ilin birinci yarısında da korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt" əlaqə mərkəzinin əhəmiyyəti qeyd olunmuşdur. Baş idarə tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Belə ki, mərkəzə hesabat dövründə 1986 müraciət daxil olmuş, həmin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, eləcə də digər müraciətlər üzrə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

Dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq ölkəmizin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və MONEYVAL Komitəsi, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilmişdir.

Bununla bağlı qeyd edilib ki, cari il OECD tərəfindən Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmizə ünvanlanmış tövsiyələrin böyük əksəriyyəti icra edilmiş və bu monitorinq mexanizmi çərçivəsində IV Monitorinq Raundu uğurla başa çatdırılmışdır. Bundan başqa, GRECO tərəfindən ölkəmizin IV raundu dəyərləndirilməsi üzrə Uyğunluq Hesabatı qəbul olunmuş, ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilmişdir.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Prezident İlham Əliyevin tələbləri rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi hallara yol verilməməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan tələb olunmuşdur.

Əməliyyat müşavirəsində xüsusi qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 3-ü vəzifədən azad edilmişdir.

Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 80 ştat vahidi üzrə prokurorluğa işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 67 faizini təşkil edən 873 gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirmişdir.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Sumqayıt və Gəncə şəhərləri, Şamaxı, Qəbələ, İmişli, Salyan və Lənkəran rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, "Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Müşavirədə 2019-cu ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə etmişdir. Müzakirələrdə çıxış edən Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Nemət Əvəzov "Elektron cinayət” proqramının tətbiqi ilə bağlı tapşırıqların icrası istiqamətində görülən işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.

Müşavirəyə yekun vuran Baş prokuror Zakir Qaralov Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər vermişdir. Eyni zamanda xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipləri üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyi vurğulanmışdır.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.