adalet.az header logo
  • Bakı 20°C
31 Iyul 2019 14:06
11406
GÜNDƏM
A- A+

Həkimlər, xəstəxanalar, dərmanlar niyə bu qədər reklam olunur? - SORĞU

Bu yaxınlarda bir həkimin biabırçı reklam çarxı gündəm mövzusuna çevrildi. Adalet.az saytı olaraq istədik ki, bu mövzu ilə bağlı ziyalıların, televziya işçilərinin fikirlərini öyrənək.

TV-lərimizdə həkimliklə bağlı verilişlərin çox olması, özəl xəstəxanaların, həkimlərin reklam olunması, nə ilə bağlıdır? Bu, sırf kommersiya önəmi daşıyır, yoxsa səhiyyədə olan problemdir?



Millət vəkili, yazıçı Aqil Abbas:


Sovet vaxtı nəinki həkimi reklam etmək, hətta mətbuatda həkim haqqında yazı yazmaq qeyri-rəsmi yasaqlanmışdı. Çox nadir hallarda hansısa həkim haqqında mətbuatda xoş söz oxumaq olardı. Yasaqlamanın səbəbi bilirsiniz nə idi? Hansısa həkim dostluqla, ya da başqa yolla mətbuata yol tapıb özü haqqında geniş bir məqalə yazdıra bilərdi və həmin həkim də yazılana layiq olmazdı. Millət də tökülüb gedərdi həmin həkimin üstünə və nəticə də heç yaxşı alınmazdı. Ona görə də həkimlər haqqında yazı yuxarıda dediyim kimi qeyri-rəsmi yasaqlanmışdı.

İndi bütün günü, radio, televiziya, sayt, internet həkim reklamı ilə məşğuldur. Sonra da məlum olur ki, həmin həkim sağ ayaq yerinə sol ayağı kəsib, kor bağırsaq yerinə öd kisəsini çıxarıb, burunu Sofi Lorenin burnu əvəzinə, Frunzik Mıkırtıçyanın burnuna döndərib və s. və ilaxır. At gəldi, örkən apardı, it gəldi, çarıx.

Ona görə də belə reklamlara inanmaq lazım deyil və ümumiyyətlə bu məsələ adiyyatı orqanlar tərəfindən ciddi nəzarətə götürülməlidir.

Yeri gəlmişkən bir hospitalı televizyada çox reklam edirdilər, ən çox ölüm də həmin hospitalda baş verirdi.



Tanınmış jurnalist Elçin Şıxlı:


- Mətbuatın gəlir mənbəyi həmişə reklam olub. Söhbət reklamdan gedirsə və normal reklamdırsa, pis baxmıram. Bir də var həkim, dərman reklamı, bunun üçün lisenziya olmalıdır. Hər yerindən duran naşı həkim məsləhət versə, təbii ki pis nəticələrə gətirib çıxara bilər. Belə reklamlar nəzarətdə olmalıdır, qarşısı alınmalıdır. Verilişlərin, reklamların olmağı normal bir şeydir, sadəcə, seçmək lazımdır. Sağlamlıqla bağlı verilişlər hər yerdə var. Rusiyada da, Türkiyədə də, Amerikada da. Ekrana çıxarılan həkim cavan yox, sanballı olmalıdır. Özəl klinika pulunu ödəyir, onlar da reklam edirlər. Əslində isə sanbalı olmayan, heç bir ad qazanmayan həkim efirə çıxıb camaata ağıl öyrətməməlidir.

Pis cəhətlərdən birini də qeyd edim. Jurnalist, aparıcı reklam oxumamalıdır. Bizdə isə səhərdən axşamacan verilişin sponsoru haqqında aparıcılar məlumat verirlər. Ən böyük qəbahət budur.



Aparıcı, jurnalist İradə İsak


- Tamaşaçı kimi deyə bilərəm ki, artıq bu cür verilişləri, reklamları görmək xoş deyil. Bu, əslində biznes sahəsidir və biznes sahəsi də reklam olunmalıdır. Amma məsələ orasındadır ki, reklam haqqında qanun var. Səhiyyə təşkilatlarının reklam haqqında qanunla hansı prinsiplərə riayət etməli olduğunu bilmirəm, və düşünürəm həmkarlarım da bilmir. Yəni bu sualın cavabını mütəxəssis kimi verə bilmərəm. Tamaşaçı kimi deyə bilərəm ki, tv-lərin bu cür reklamları verməyə təbii ki haqqı var, amma qıcıqlandıracaq səviyyədədir, əndazəni aşırlar. Hər gün səhiyyə verilişlərinin olması və ora qonaqların dəvət olunması normal görünmür. Burda nəsə var. Mən inanmıram ki, dövlət proqramında onlara bu qədər – 24 saat şərait yaradılıb. Tamaşaçı və televiziya adamı kimi deyə bilərəm ki, bu tip verilişlərin normadan artıq olması artıq bazar açmaqdır. Amma bu sualın dəqiq cavabını hüquqşunaslar verə bilər, televiziyada çalışanlar yox.



Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl


Bunun səbəbi çox sadədir. Reklam bazarı kasad olduğu üçün həkim və xəstəxana reklamından pul qazanılır.



Hüquqşünas Rüstəm Hacıyev:


- Hesab edirəm ki, ölkəmizə gətirilən dərmanlar yalnız Səhiyyə Nazirliyinin lisenziyası və xüsusi razılığı əsasında reklam oluna bilər. Lakin biz bu gün bunun əksini görürük. Xüsusilə televiziya kanallarında müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı dərmanlar reklam olunur. Və həkim məsləhəti olmadan hər hansı bir pereparatın qəbul olunması insan orqanizmi üçün hansı fəsadlar törədə biləcəyi nəzərə alınmır. Bildiyim qədər bu tip reklamların nümayiş olunması qadağan edilib. Buna baxmayaraq, nəinki dərman reklamları, hətta ara həkimlərinin təbliği baş alıb gedir. Fikrimcə bu cür hallar yolverilməzdir.