Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəl...
Müalicəsi yalnız orqan transplantasiyası yolu ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi, ölkəmizin də vacib səhiyyə problemlərindən birinə çevrilib. Orqan nəqli gözləyən xəstələrin sayı hər gün artmaqda davam edir. Bu gün yüzlərlə insan xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkir və çox təəssüf ki, bu xəstələrin böyük bir qismi donor tapmadan həyatını itirir. Donor gözləyən xəstələrin bir qismi də sağalmaq ümidi ilə xarici ölkələrə üz tutub, çarə axtarırlar.
Bir ay bundan əvvəl Mərkəzi Gömrük Hospitalında qaraciyər serrozundan əziyyət çəkən 11 yaşlı Aynur Allahverdiyeva üzərində Dr.Mircəlal Kazıminin rəhbərliyi ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilmişdi. Aynurun donoru öz anasıdır. Əməliyyat uğurla həyata keçirilib. Hazırda uşağın və anasının vəziyyəti yaxşıdır.
Balaca qızcığaz əməliyyatdan qabaq öz təəssüratlarını bizimlə bölüşmüşdü. O, Mircəlal həkimə inandığı üçün əməliyyatdan qorxmadığını demişdi. Balaca Aynur əməliyyatdan ayılandan sonra gəlinciyinə müsahibə də vermişdi. Müsahibəsində anasına və həkimlərə minnətdarlığını bildirmişdi.