adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
31 Iyul 2019 12:29
13339
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ATMOSFER TƏMİZ OLSA...

Allah-Təalə göy üzünü yaradanda tər-təmiz yaratmışdı. Çünki göy üzü təmiz olduğu üçün çirkabı, zəhərli qazı, tullantını çox da saxlaya bilmir. İnsanların "uf” demədən göy üzünü çirkləndirməsi elə ilk növbədə onların özünə bumeranq kimi qayıdır. Yağış şəklində, qar şəklində bu zəhərli maddələr yer üzünə yağır və biz də o yağışın, o qarın nədən ibarət olduğunu bilsək də, buna məhəl qoymuruq və yenə də göy üzünə zəhərli maddələr atmaqda davam edirik.

Bu gün dünyanı narahat edən ən böyük bəşəri problemlərdən biri ekologiyadır. İlk növbədə təbiəti və təmiz havanı qorumaq üçün dünyada çox böyük layihə və proqramlar həyata keçirilir. Bu layihə və proqramlar əsasında təbiətə, ekologiyaya, atmosferə vurulan zərbələr aradan qaldırılır. Çünki bəşəriyyət yaxşı bilir ki, təmiz hava olmayan yerdə sağlam insan da ola bilməz.

Ölkəmizdə də təbiətin və atmosferin qorunması üçün çox böyük Dövlət Proqramları gerçəkləşdirilir. Artıq 2019-cu ildən başlayaraq ildə 2 dəfə ölkə ərazisində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Təmiz hava” aylığı keçirir. Bu "Təmiz hava” aylığının birincisi martın 28-dən aprelin 28-dək keçirilib. İkinci "Təmiz hava” aylığı isə avqustun 1-dən 31-dək olacaq. Təbii ki, "Təmiz hava” aylığının keçirilməsində yenə də əsas məqsəd respublika ərazisində atmosferə atılan zərərli qazların qarşısını almaqdır. Bu məqsədlə hər iki adını çəkdiyimiz nazirlik proqram və plan hazırlayaraq həyata keçirir.

Heç kimə sirr deyil ki, bu gün də istehsalat sahələrində -müəssisələrindən, fabriklərdən, zavodlardan, lap elə Bakıdakı şadlıq saraylarından atmosferə normadan artıq zərərli qazlar tullanır. Eyni zamanda zərərli qazların böyük hissəsi istismara yararsız və mühərrik sistemində texniki qüsuru olan nəqliyyat vasitələrindən atılır. Bu zərərli qazlar atmosferi çirkləndirməklə yanaşı, insanların həyat və sağlamlığına olduqca mənfi təsir göstərir.

Bir faktı da qeyd edək ki, bu gün respublikada atmosfer havasına atılan çirkləndirici maddələrin75 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür. Hesablamaya görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır. Bu faktın özü çox şey deyir. Yəni bu faktlar göstərir ki, ölkəmizdə hələ də texniki cəhətdən qüsurlu və mühərrik sistemi normal işləməyən nəqliyyat vasitələri var. Elə bu nəqliyyat vasitələrindən də atmosferə normadan artıq zərərli qazlar atılır.

Ona görə də həm Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 1-dən 31-dək keçirilən "Təmiz hava” aylığında bu məsələləri diqqət mərkəzində saxlayacaq, birgə keçirilən reydlərdə qanunu pozan, atmosferi çirkləndirən, istehsalat sahələrini, müəssisələri, nəqliyyat vasitələrinin sahiblərini məsuliyyətə cəlb edəcəklər.

Tərtib olunmuş plana əsasən hər iki qurum demək olar ki, respublika ərazisində yoxlamalar aparacaq, təbiətə və ekologiyaya vurulan zərəri müəyyənləşdirəcəkdir. Bu zərərə görə, fiziki, hüquqi və vəzifəli şəxslər məsuliyyətdən kənarda qalmayacaqdı.

Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovniki İlham Rəcəbov "Təmiz hava” aylığında görüləcək işlərlə bağlı bizə məlumat verdi. Cənab polkovnik bildirdi ki, əvvəlki illərlə müqayisdə bu il iki dəfə "Təmiz hava” aylığı keçirilir. Bu isə o deməkdir ki, təbiətə və atmosferə vurulan ziyanlar diqqətdən kənarda qalmır və mövcud problem vaxtında aradan qaldırılır. İlk növbədə müəssisələrin, istehsalat sahələrinin və nəqliyyat vasitələrinin sahibləri öncədən maarifləndirilir və onların hüquq və vəzifələri bir daha nəzərlərinə çatdırılır. Bir qayda olaraq tədbirlər zamanı avtotexniki müfəttişlik şöbəsinin əməkdaşları mütəmadi olaraq respublikanın rayonlarında ezamiyyətdə olur, reyd və yoxlamalarda iştirak edirlər. Avqust ayında da əməkdaşlarımız Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkıran şəhərlərində keçirilən reydlərdə iştirak edəcəklər. Həmişə olduğu kimi, bu reydlərdə də sürücülərin maarifləndirilməsi ön plana çəkiləcək.

Bizimlə söhbətində polkovnik İlham Rəcəbov bildirdi ki, nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisəsi rəhbərlərinin bir daha diqqətinə çatdırırıq ki, istifadələrində olan avtomobillərin mühərrikləri və yanacaq sistemi saz vəziyyətə gətirildikdən və xaric olan qazların tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismara verilə bilər. Biz sürücülərdən xahiş edirik ki, bu xəbərdarlıqlara və tövsiyələrə əməl etsinlər. Əks təqdirdə texniki nasazlıqlara və atmosferə atılan zərərli qazlara görə, onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə 50 manat məbləğində cərimə ediləcəklər. Əlbəttə, sürücünün imkanı varsa, cərimə əvəzinə gedib o maşının texniki qüsurlarını təmir etdirməsi daha məqsədəuyğundur.

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Bölüyünün əməkdaşları da "Təmiz hava” aylığına həmişə olduğu kimi ciddi hazırlaşırlar. Bu məqsədlə Ekoloji Bölüyün stasionar postunun sağında və solunda nəqliyyat vasitələrindən atmosferə zərərli qazların atılmasını müəyyənləşdirən texniki avadanlıqlar quraşdırılıb. Artıq bu gündən həmin avadanlıqların köməyi ilə atmosferə normadan artıq zərəri qazlar atan nəqliyyat vasitələri müayinədən keçirilir.

Ekoloji Bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov "Təmiz hava” aylığı ilə bağlı görülmüş və görüləcək işlərdən söhbət açdı. F.Mayılov bildirdi ki, biz bütün ilboyu təmiz havanın qorunması üçün səmərəli fəaliyyət göstəririk. Elə ən çox da atmosferi çirkləndirən nəqliyyat vastilərini stasionar postda biz aşkarlayırıq. İlk növbədə sürücülərin diqqətinə çatıdırırıq ki, mühərrik sistemində yaranmış texniki qüsurları sürücülər vaxtında aradan qaldırsın. Bu cür söhbətlərimiz "Təmiz hava” aylığından öncə də olur, elə həmin ərəfədə də. Bu söhbətlərdən kifayət qədər sürücü nəticə çıxarır və yaranmış texniki qüsuru vaxtında aradan qaldırır. Çox təəssüf ki, xəbərdarlıqlara və tövsiyələrə əməl etməyən sürücülər də az deyil. Təbii ki, onlar da inzibati məsuliyyətə cəlb edilir, 50 manat məbləğində cərimə olunurlar. Amma biz istəməzdik ki, indiki iqtisadi çətinlik şəraitində sürücülər barəsində inzibati protokol tərtib edək. Əfsuslar olsun ki, bəzi sürücülər bizə bunu məcbur edirlər.

Hər halda, avqustun 1-dən 31-ə qədər keçirilən "Təmiz hava” aylığında hər bir sürücü öz üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, yol polisinin tövsiyə və xəbərdarlıqlarını yerinə yetirməlidilər. Bu addımı atmaqla onlar həm atmosferə zərərli qazların atılmasının qarşısını alır, həm də inzibati məsuliyyətdən uzaq olurlar. Deməli, avtomobil saz saxlanılsa, sürücü də cərimə olunmaz!