YOLLARA DƏMiR-BETON çƏKSƏK DƏ XEYRi YOXDU

AQİL ABBAS
30500 | 2010-04-07 01:27
Azərbaycanda müasir yolların çəkilişinə hələ 70-ci illərin əvvəllərindən başlandı. Ulu Öndər yolların çəkilişinə xüsusi diqqət göstərir, demək olar ki, özü nəzarət edirdi bu məsələyə. Müəyyən bir zaman ərzində Azərbaycanın ən ucqar dağ kəndlərinə belə asfalt yollar çəkildi.
   
   İndiki İpək yolunun əsasını Ulu Öndər hələ 70-ci illərdə qoymuşdu. Həm Bakı-Qazax istiqamətində, həm Bakı-Qusar istiqamətində birtərəfli yolların çəkilişinə başlanmışdı. Hər iki istiqamətdə 70-75 kilometr yol birtərəfli idi.
   
   Ulu Öndər Moskvaya gedəndən sonra çox təəssüf ki, ölkədə yol tikintisi zəifləməyə başladı.
   
   Əgər yadınızdadırsa, Ulu Öndərin səyi nəticəsində Sov.KP MK Azərbaycanın Xəzər sahillərini kurort zonası elan eləmişdi və bütün sahil boyu - Nabrandan başlamış Lənkərana qədər böyük bir kurort zolağı tikilməsi planlaşdırılmışdı. Və eyni zamanda Qusardan Lənkəranadək yolların yenidən çəkilməsi, özü də birtərəfli yolların yenidən çəkilməsi həmin qərarda göstərilmişdi.
   
   Və çox təəssüf ki, Ulu Öndər Heydər Əliyevi və Azərbaycanı gözü götürməyən bədxahlarımız Qorbaçovun hakimiyyətə gəlməsi ilə bu möhtəşəm layihənin həyata keçməsinə imkan vermədi.
   
   
   
   Uzun zamanlar ölkə sahibsiz qaldığı kimi onun yolları da sahibsiz qaldı. Müharibə, müharibənin vurduğu yaralar, ölkə iqtisadiyyatının bərbad hala düşməsi uzun zaman yol tikintisinin ön plana çəkilməsinə imkan vermədi.
   
   Azərbaycan iqtisadi durğunluqdan çıxıb böyük bir inkişaf yoluna qədəm qoyduqdan sonra yol tikintisi yenidən gündəmə gəldi və Ulu Öndər İpək yolunun özülünü qoydu, yol tikintisi də geniş vüsət aldı. Ulu Öndərin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev də yol tikintisini həmişə öz diqqətində və nəzarətində saxlayır.
   
   Bakı-Qazax yolu dünya standartlarına uyğun olaraq yenidən tikildi. Bu 530 kilometrdən artıq bir məsafədi. Və bunun 120 kilometri də - Bakıdan Hacıqabula qədər birtərəflidi.
   
   Bakı-Şamaxı yolu da yenidən tikildi. Bu da 130 kilometr məsafədi.
   
   Bakı-Qusar keçid məntəqəsinə qədər olan yol da yenidən tikildi və son tamamlama işləri gedir. Bu da 220 kilometrə yaxın bir məsafədi. Bunun da 140 kilometrə qədəri birtərəfli yoldu. Və çox güman ki, sonadək belə gedəcək.
   
   Ən ucqar dağ kəndi Xınalığa da yol çəkildi.
   
   Bakı-Astara yolu artıq layihələşib, tezliklə bu yol da yenidən tikiləcək.
   
   Şirvan-Bəhramtəpə yolu da plana salınıb. Bundan başqa Bakı Dairəvi yolu başa çatmaqdadır, avqust ayında istifadəyə veriləcək.
   
   Bakı şəhərinin daxili yolları da yenidən qurulur. Və onu da nəzərə almaq lazımdır ki, Bakı şəhərinin daxili yollarının uzunluğu respublikanın ümumi magistral yollarının uzunluğu qədərdi və bəlkə də artıqdı.
   
   Hövsandan keçən Bakı-Aeroport yolu çəkildi, Mərdəkan yolu isə yenidən tikildi. Və bu yolların hamısı dünya standartlarına cavab verir. Biz hələ tikilən körpülərdən söhbət eləmirik. Bu milyardlarla manat vəsait deməkdi. Dövlət bütün çətinliklərə baxmayaraq, xalqının rifahı üçün hər il yol tikintisinə bir milyard manatdan çox vəsait ayırır.
   
   Və biz bütün bu yaxşı şeyləri heç görmürük. Amma hardasa kiçik bir nöqsan olanda bomba kimi partladırıq. Filan magistralda yol çökdü, körpü belə getdi. O gün Pənah Hüseyn Şirvan-Bəhramtəpə yolu ilə bağlı parlamentdə çox çılğın bir nitq yapdı. Həqiqətən o yol bərbad vəziyyətdədi, amma məsələ bundadır ki, Azərbaycanın bütün yollarının yenidən tikilməsi üçün müəyyən bir zaman lazımdır. Moskva birdən tikilmədiyi kimi Azərbaycandakı bütün yolları da birdən çəkmək mümkün deyil. Bəs bu yollar niyə dağılır? Hətta sement-beton yollarda da dağılma olur. Bunun səbəbini açıqlayım. Yolların dağılması heç də onların keyfiyyətsiz tikintisi ilə bağlı deyil. Əvvəla, yolu təkcə biz özümüz çəkmirik, xarici dövlətlərlə birgə çəkirik. Bizimlə bərabər onlar da cavabdehdirlər. Və heç kəs öz imicinə zərbə vurmaq istəməz.
   
   Bəs onda məsələ nədir? Hər bir yolun və eləcə də hər bir körpünün yükgötürmə qabiliyyəti var. Bu bütün dünyada belədir. Və bütün dünyada da yollara nəzarət edirlər. Normadan bircə kiloqram da artıq yük götürən hər hansı bir maşın yola buraxılmır. Tutularsa, çox böyük cərimələr kəsilir. Yəni bir türk qardaşımız, bir iranlı qardaşımız bilir ki, onun maşını 10 ton yük götürmək üçün nəzərdə tutulubsa, o maşına bir kiloqram da artıq yük vurmaz. Çünki bilir ki, bunun bədəli çox ağır olacaq. Bütün dünyada yollarda tərəzi var.
   
   Bizdə də yol nəzarətçiləri var və yollarda tərəzilər var. Bəs görək bizdə necə, bu qaydalara əməl edirlərmi? Qətiyyən. 10 tonluq maşına 15 ton yük vururlar. Çıxın hər hansı bir yola, bircə saat müşahidə aparın, yüzlərlə belə maşın görəcəksiniz. Buna yazıq yol neyləsin? Buna sement-beton yox ey, heç dəmir-beton yol da davam gətirməz.
   
   Deyəcəksiz ki, onda bizdə yol-nəzarət müfəttişləri nəyə baxırlar? Əvvəla, həmin maşınların sürücüləri
   
   yol- nəzarət müfəttişlərinə heç maşın saxlamırlar. Hətta bəzən üstlərinə də sürürlər. Və yol nəzarətçiləri ilə sürücülər arasında düşən davalar da çox zaman bunun üstündə yaranır.
   
   Bundan başqa, həmin o ağır yüklü maşınların arxasında dayananların kresloları o maşından da üç dəfə ağırdı. Adlı-sanlı şirkətlərə məxsusdu, arxalarında da adlı-sanlı məmurlar dayanır.
   
   Yüz manat artıq qazanmağın xətrinə dövlətə bir milyon manat zərər vururlar. Və fikirləşmirik ki, o zərər fırlanıb yenə zərər vuranların özünə dəyir. Düzdür, özü hiss eləmir ki, bu zərər ona və ailəsinə həmin o yüz manatın hesabına dəyib, özü də min manatlıq zərər dəyib.
   
   Bizim fikrimizcə, yol-nəzarət müfəttişləri Dövlət Yol Polisi ilə birgə çalışmalıdırlar. Dövlət Yol Polisinin səlahiyyətləri daha böyükdür və imkanları da genişdir. Yol- nəzarət müfəttişlərinə tabe olmayanlar Dövlət Yol Polisinə tabe olmaq məcburiyyətindədirlər. Çünki polisə tabe olmamaq daha böyük cəzadır və hətta cinayətdir.
   
   Əgər bu iki qurum birgə işləsələr həm yollarımız dağılmaz, həm də qəzaların sayı nə qədər azalar. Əgər bir araşdırma aparsaq görərik ki, qəzaların az qala 70 faizi həmin ağır yüklü maşınların ucbatındant törənir.
   
   Və bir də əgər araşdırma aparsaq görərik ki, ağır yüklü maşınların sürücülərinin bəlkə də 60 faizinin sürücülük vəsiqəsi onlara belə maşınları idarə etmək səlahiyyəti vermir.
   
   Bu yolları bizdən ötəri çəkirlərsə, biz də bu yolları qorumağa borcluyuq.
   
   Və yaxşı olar ki, yollarımızı dağıdanlarla mübarizə daha da gücləndirilsin, cərimələr artırılsın, inzibati məsuliyyətə cəlb olunsunlar.
   
   Bir daha deyirik, əks halda sement-beton yox ey, dəmir-beton yol çəksək də xeyiri yoxdu. Beynimizi düzəltməyənədək yollar çətin düzələ.

TƏQVİM / ARXİV