hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: QİYMƏTLƏR NİYƏ DÜŞMÜR? Adalet.az | Faiq QİSMƏTOĞLU: QİYMƏTLƏR NİYƏ DÜŞMÜR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: QİYMƏTLƏR NİYƏ DÜŞMÜR?

4734    |   2019-07-29 13:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Camaat gözləyirdi ki, iyul-avqust ayında bir çox bostan-tərəvəz məhsullarının qiyməti əvvəlki vaxtlara nisbətən aşağı enəcək, çünki həmişə adını sadaladığımız bu aylarda kartofun, soğanın, pomidorun, xiyarın və bir çox mer-meyvənin qiymətləri aşağı olur. Elə insanlar da həmin aylara bel bağlayaraq bu ilin müvafiq dövründə qiymətlərin aşağı enməsini gözləyirlər.

Onlar gözləməkdə olsun, bazarlara diqtə eləyən görünməz qüvvələr də öz işində. Yəni bü gün Bakının əksər bazarlarında qiymətlər enmək əvəzinə, daha da yüksəlir. Bəlkə bunu eləyən o məhsulları əkib-becərən adamlardı? Əsla! Belə ki, bu gün məhsul yetişən rayonlarda pomidorun bir kiloqramının qiyməti 30-40 qəpik, xiyar 20 qəpik, badımcan 7-8 qəpik, soğan isə 20 qəpikdən o yana keçmir. Əcəba, bəs necə olur ki, Bakıya gəlib çıxana qədər qiymətlər 5-6 dəfə bahalaşır?! Düz eşitdiniz, məhz 5-6 dəfə!

Bunu da bahalaşdıran o məhsulları yerlərdən alıb gətirən və topdansatış mərkəzlərinə paylayan işbazlardır. O işbazlar ki, bu il mer-meyvə, bostan-tərəvəz mövsümü zamanı qaz vurub qazan doldururlar.

Min bir əzab-əziyyətlə badımcan yetişdirən kənd adamları deyirlər ki, gəlib əkin sahəsindən badımcanın kiloqramını bizdən 7 qəpiyə alırlar. Heç 8 qəpik də vermirlər ha. Amma eşidirik ki, aparıb Bakı bazarlarında badımcanın kiloqramını 60-70 qəpikdən satışa çıxarırlar. İlboyu əziyyət çəkən biz, tər tökən biz, ancaq xeyri görən ortada gəzib fırlanaraq qaz vurub qazan dolduranlardı.

Bir çoxları deyirlər ki, Xaçmaz pomidoru çıxandan sonra ucuzluq olacaq. Bu fikri Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri də səsləndiriblər. Bəs indi bir həftədən çoxdur ki, Xaçmaz pomidoru bazarlara çıxarılır, ucuzlaşma niyə olmur? Onun açıqlamasını qoy pomidorun qiymətinin aşağı düşəcəyini deyən vəzifəli şəxslər birldirsinlər. O vəzifəli şəxslər ki, ilboyu camaatı aldatmaqla məşğuldular.

Əgər avqust ayında da pomidorun qiyməti belə sabit qalsa, deməli, burda nəsə xoruzun quyruğu görsənir. Və xoruzun quyruğu həmişə nə vaxtsa görünüb və indi də görünür. Sadəcə olaraq, bir çoxları elə bilirlər ki, günü günə satmaqla, camaatı aldatmaqla hər şeyi yoluna qoyacaqlar. Amma bu gedişlə də heç bir iş yoluna qoyulmur.

Aldığımız məlumata görə, Xaçmaz rayonunda tərəvəz sahəsini xəstəlik basıb. Elə bu xəstəliyə görə də həmin rayonda da əvvəlki illərdə olduğu kimi bol məhsul yetişməyib. Çünki tərəvəz məhsulları əkən fermerlərə vaxtında Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar tərəfindən kömək göstərilməyib. Tək tərəvəzçilik sahəsində deyil, elə meyvəçilik sahəsində də mövsümlə əlaqədar olaraq alma bağlarında müxtəlif xəstəliklər yaranıb. Bu xəstəliklərə qarşı isə tam mübarizıə aparmaq fermerlərin imkanı daxilində deyildi. Yəni onlara ziyanvericilərə qarşı mübarizədə bir dövlət dəstəyi də olmalıdır. Bu dəstək yetərincə olmayanda, fermer istər meyvəçilik, istər tərəvəzçilik, bostançılıq, istərsə də taxılçılıq sahəsində yüksək məhsuldarlıq əldə edə bilmir.

Bizim qonşuluğumuzda əslən Xaçmazdan olan bir adam tez-tez həmin rayona gedib bostan-tərəvəz məhsulları gətirir, bazardakından ucuz qiymətə o məhsulları satışa çıxarır. Və camaat da görür ki, bazardan da sərfəli qiymətə elə binanın yaxınlığında satılan elə bu məhsullardı. Satıcı deyir ki, Allaha and olsun, Xaçmazdan Bakıya gətirəndə mənim heç kəsə bir qəpik də xərcim çıxmır. Görürəm ki, camaatın da əli aşağıdır, sərfəli qiymətə o məhsulları satıram. Mən heç vaxt vicdanımı və insafımı tamahıma qurban vermərəm.

Çox təəssüf ki, bu gün böyük bizneslə məşğul olanların çoxu tamahının əsiridir. Allah sizin köməyiniz olsun, kiloqramı 7 qəpiyə aldığınız badımcanın üstünə gərək 60 qəpik qoyub satasınız? Heç sizin insafınız yoxdur? Onsuz da halallıqla qazanılan pul əyri yolla əldə edilən vəsaitdən qat-qat bərəkətli olur. Və bəzən haram yolla qazanılan yüz min manatlarla pul elə hay-hayla gəldiyi kimi, vay-vayla da əldən çıxır.

Harda işləməyindən asılı olmayaraq, bir halallıq da olmalıdır. Kim istəməz ki, onun pulu olmasın. Amma bu pul insafla qazanılanda, bayaq dediyimiz kimi, daha bərəkətli olur. Bazarlarda isə qiymətlər o qədər ceyran belinə qalxmır. Görək indi bazarlarda ceyran belinə qalxan bostan-tərəvəz məhsullarının qiyməti nə vaxt aşağı enəcək? Bu qiymətlər aşağı enəndə camaatın kefi də kök olacaq, qanı da durulacaq!




İmza:
SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK