adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
27 Iyul 2019 10:59
17647
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: XƏBƏRİN YOXDUR...























Xəbərin yoxdur ki, səndən aralı
Dilim qabarlıdı, dizim çapıqdı...
Mənim sevincim də qəlbi yaralı -
Mənim kədərim də gözü qıpıqdı...

Xəbərin yoxdur ki, həsrət önündə
Boynum bükülüdü, kirpiyim nəmdi.
Kefli İsgəndərin mənəm günündə -
Boşalan badələr... bitməyən qəmdi...

Həvəsin yoxdurki, baxasan geri
Görəsən gözümdə dan söküləcək...
Xəbərin yoxdur ki , həmin dan yeri
Elə qızarıb ki, qan töküləcək!

Xəbərin yoxdur ki, eşq xəbərləri
Adınla qapımı döyür hər səhər...
Deyirlər sevgimiz olmasa bizim -
Boş qalar ölkədə ən böyük şəhər!