AZƏRBAYCANIN TüRKiYƏYƏ DƏSTƏYi ABŞ-ı çiLƏDƏN çIXARIR

AQİL ABBAS
28699 | 2010-03-17 08:32
Ulu Öndər Heydər Əliyevin dediyi "Biz bir millət, iki dövlətik" kəlamı demək olar ki, hər gün bir daha öz təsdiqini tapır. Əslində biz bir millət doqquz dövlətik, amma onun yeddisi (Tatarıstanla, Başqurdustanı qınamırıq, olsun beşi) gözə dəymir. Elə bil heç yoxdu. Görünür onların kendilərinə gəlmələrinə xeyli zaman lazımdı.
   
   Bütün dünya Türkiyəni təkləyib. Hər yerdən qarğa-quzğun kimi tökülüblər Türkiyənin üstünə, didib-parçalamaq, məhv eləmək, az qala xəritədən silmək istəyirlər. Və yaxşı bilirlər ki, əgər Türkiyə bir dövlət kimi sarsılarsa, parçalanarsa, o biri türk dövlətləri ilə bacarmaq çox asandı. Yəni Türkiyəyə hücum, Türkiyənin işğalı bütün türk dövlətlərinə hücum və bütün türk dövlətlərinin işğalıdır. Çox təəssüf ki, Azərbaycandan başqa digər türk dövlətləri hələ bunu anlamırlar.
   
   Azərbaycan müstəqil olandan Türkiyə həmişə Azərbaycanın yanında olub, Atatürkün təbirincə desək, dərdimiz dərdləri, sevincimiz sevincləri olub. Və Azərbaycan müstəqil olandan həmişə Türkiyənin yanında olub, Türkiyənin dərdi dərdimiz, sevinci sevincimiz olub. Və bu iki qardaş kürək-kürəyə verib az qala bütün dünyayla mücadilə aparırlar.
   
   Son günlərin hadisələri bir daha göstərdi ki, Ulu Öndər o sözləri nahaqdan deməyib: "Biz bir millət, iki dövlətik". Xəritədə Ermənistanın yerini bilməyən ABŞ Konqresinin üzvlərinin uydurma "erməni soyqırımı"nı qəbul eləməsinə ən böyük etiraz Azərbaycandan gəldi. Azərbaycan iqtidarı öz sözünü dedi. Azərbaycan Parlamenti bununla bağlı bəyanat qəbul elədi. Azərbaycandakı iqtidarlı-müxalifətli bütün partiyalar öz etirazlarını bildirdilər. Və bu etiraz dalğası getdikcə də böyüyür.
   
   Yəqin ki, belə bir addım İsveçə qarşı da atılacaqdır. Türkiyəyə atılan hər hansı bir daşa, hər hansı bir gülləyə Azərbaycan öz sinəsini verməyə hazır olduğunu bir daha sübut elədi. Yenə də qeyd edirəm, çox təəssüf ki, digər türk respublikalarından belə bir addım atılmadı. Yalnız Qırğızıstan bir balaca etiraz elədi.
   
   Təbii ki, Azərbaycanın belə sərt reaksiyası ABŞ-ın və onun əlaltılarının xoşuna gələ bilməz. Və hər dəfə biz Türkiyə ilə birgə olduğumuzu nümayiş etdirən kimi, eləcə də möhtərəm prezidentimiz İlham Əliyev Qarabağ probleminin həllində sərt mövqe ortaya qoyan kimi Azərbaycana və onun Prezidentinə hücumlar başlayır, təzyiq vasitələri işə düşür.
   
   "Vaşinqton Post" qəzetindəki məlum yazı da bundan qaynaqlanır. ABŞ Konqresində uydurma "erməni soyqırımı" müzakirəyə çıxarılır, Azərbaycanın bu məsələdə sərt mövqe tutacağını çox gözəl bilirlər və "Vaşinqton Post" qəzeti birinin üstünə beşini qoyub bu məsələni gündəmə gətirir və bundan təkcə Azərbaycan iqtidarına təzyiq vasitəsi kimi istifadə etmir, həm də Azərbaycan xalqının da fikrini yayındırmaq, müxalifətin iqtidara hücumuna dəstəvuz vermək, yalan və böhtanları bir həqiqət kimi mətbuatın müzakirəsinə çıxarmaq... Bir sözlə, Azərbaycan gündəmini işğal eləmək, baş qarışdırmaq. Və həm Azərbaycan iqtidarını, həm də Azərbaycan xalqını Türkiyənin müdafiəsindən yayındırmaq. Bəli, ABŞ-ın, xüsusilə də Sorosun Türkiyə və Azərbaycana qarşı təxribat aparan institutları çox yaxşı işləyir.
   
   Özü də bu, birinci hadisə deyil. Möhtərəm prezidentimiz İlham Əliyev Qarabağ problemi ilə bağlı sərt mövqeyini ortaya qoyan kimi də, yuxarıda adlarını çəkdiyim institutlar daha fəal işləməyə başlayırlar. Anadolu türkləri demiş, bunu yeməzlər. Nə Azərbaycan iqtidarı bunu yeyər, nə də Azərbaycan xalqı.
   
   ABŞ və eləcə də Avropa dövlətləri təkcə bizim Türkiyənin yanında olmağımıza, Qarabağ məsələsində bir addım da geri çəkilməməyimizə deyil, həm də Azərbaycanın sürətli inkişafına dilxor olurlar. ABŞ kimi möhtəşəm bir dövlət başda olmaqla dünyanın bütün inkişaf etmiş ölkələri məlum krizisdə batıb qaldıqları halda (təkcə ABŞ-ın büdcə açığı 1 trilyonu keçib), bankları, zavod və fabrikləri, dünyanı idarə edən biznes mərkəzləri iflasa uğradığı halda, Azərbaycan bu krizisdən o qədər də əziyyət çəkmədi, o krizisi atlaya bildi. Və demək olar ki, iqtisadiyyatın bütün sahələrində nəinki geriləmə oldu, əksinə, inkişaf müşahidə edildi. Mən bunu rəqəmlərlə də sübut edə bilərəm, amma ehtiyac yoxdur. Çünki mətbuatda bu barədə çox yazılıb, ikincisi də kim istəsə bunu Statistika Komitəsindən ala bilər.
   
   Və Azərbaycanı da bu krizisdən möhtərəm prezidentimiz İlham Əliyev və onun komandası çıxartdı.
   
   Və dünya görür ki, Azərbaycan iqtisadi cəhətdən gücləndikcə söz sahibinə çevrilir və təbii ki, buna da narahat olurlar. Ona görə də hər vasitədən istifadə edib Azərbaycanı kiçiltməyə çalışırlar.
   
   ABŞ-ı da, dünyanı da başa düşürük. Amma bu məsələlərə, bizə göstərilən təzyiqlərə, bizə atılan böhtanlara özümüzün içimizdə olanların sevinməsini başa düşmürük. Bu böhtanlara mətbuatda gen-bol yer ayırmaqla hər gün gündəmə çıxarmaq, müzakirələr açmaq düşmən dəyirmanına su tökməkdən başqa bir şeyə yaramır. Və biz yalan və böhtanları o qədər müzakirəyə çıxarırıq ki, düşmənlərimiz də bundan çox gözəl istifadə edirlər. Və bizim mətbuata istinad edirlər. Deyirlər görürsünüz, biz demirik, özləri yazır.
   
   Hörmətli həmkarım Pənah Hüseyn deyir ki: "İlham Əliyev "Vaşinqton Post" qəzetində yazılanlara izahat verməlidir". Doğrudanmı Prezident dövlətin taleyüklü məsələlərini bir kənara atıb hansısa qəzetlərdə, hansısa müxbirlərin yazdıqlarına cavab verməlidir? Bir dövlət başçısının hansısa bir müxbirə izahat verdiyini görən və ya eşidən olubmu?
   
   Bir görün Leyla Yunus nə deyir. Leyla Yunus da deyir ki: "Düşünürəm ki, Qərb mediası Azərbaycan hakimiyyəti barəsində ifşaedici məlumatlara nə qədər çox yer ayırsa, bir o qədər Azərbaycandakı insan haqlarının vəziyyətinə xeyirdi". Onu da deyir ki, "Qərb mətbuatında tez-tez Əliyevlər barəsində xəbərlərin getməsi təsadüfi deyil".
   
   Əvvəla, "ifşaedici" yox, "şantajedici" - böhtan və yalanlar. İkincisi, düz deyirsiniz ki, bu təsadüfi deyil. Amma sizin fikirləşdiyiniz kimi yox. Təsadüfi deyil ona görə ki, belə yazılar onda ortalığa atılır ki, Azərbaycan prezidenti ortaya sərt mövqe qoyur. Bunu siz özünüz də gözəl bilirsiniz.
   
   Bu günlərdə bir yazı yazmışdım Türkiyəylə bağlı. Bilirsiniz orda Ərdoğan hökumətinin yandaş mediaları hər gün Türk Silahlı Qüvvələrinə çamur atırlar - yalan və böhtanlarla dolu.
   
   Genelkurmay başkanı sayın İlkər Başbuğ orduya çamur atanları yerində oturtmaq əvəzinə, bütün günü atılan bu çamurlara mətbuatda cavab verməklə məşğuldur. Sanki o, Genelkurmay başkanı deyil, TSK-nın mətbuat xidmətinin rəhbəridir.
   
   Və dövlət başçısı Prezident Administrasiyası mətbuat xidmətinin rəhbəri deyil ki, ona atılan çamurlara cavab verməklə məşğul olsun.
   
   Dövlət yetkililəri, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov "Vaşinqton Post" qəzetinin yazılarına lazımi cavabı verdi. Başqa siyasətçilər də bu atılan çamura cavabını verib. Azərbaycan mətbuatında da kifayət qədər cavablar verilib.
   
   "Azadlıq" radiosu da bütün günü bu mövzunu çeynəyir. Gündəmdən çıxmasını istəmir. "Azadlıq" radiosu Mərkəzi Kəşfiyyat İdarəsinə, yəni ABŞ-a xidmət edir, bunu Həsənqulu da bilir. Amma bizim ağıllı siyasətçilərimiz bunu bilmək istəmirlər.
   
   Qəzetdə oxudum ki, İstanbul Bilge Universitetinin hüquq professoru Yaman Akdeniz də "Azadlıq" radiosunda bu mövzudan danışıb. Və deyib ki, belə hadisə Türkiyədə baş versə, yer yerindən oynayar. Hansı hadisə, dostum? Və sən bilirsənmi ki, qəzet bu "gülləni" Azərbaycan Prezidentinə yox, Türkiyəyə atıb. Dostum, ilana ağı verməzlər, ilanın başını əzərlər.
   
   "Yeni Müsavat" qəzetində Türk-Erməni Biznes Şurasının həmsədri, erməni əsilli Kaan Soyak da bizə məsləhət verməyə qalxıb. Daha dəqiq desək, bizə yox, Azərbaycan prezidentinə. Özü də erməni olduğunu danır. Deyir atam çərkəzdi, anam da selaniklidi. Selanik adında millət eşitmisiniz və ya xalq eşitmisiniz? Selanik yer adıdı, Yunanıstanda kiçik bir şəhərdi. Türkiyəyə də məsləhət verir ki, protokolları ratifikasiya eləsə və sərhədlərini açsa, ermənilərin əlindən çox güclü arqumenti alacaq, həm də ABŞ Administrasiyasına soyqırımın tanınmasını önləmək üçün imkanlar açılacaq. Və bir də bizdən xahiş edir ki, soyqırım layihəsinə qarşı Türkiyəyə yardım edək. Nə yaxşı dedin, sən deməsəydin biz Türkiyəyə arxa çevirəcəkdik.
   
   Bu gün Türkiyəni təkləməyə çalışırlar. Və bununla həm də bizi təkləyirlər. Biz gücümüzü bizi təkləmək istəyənlərə qarşı yönəltməliyik, özümüzə yox.
   
   Düşməni sevindirməklə heç nə qazanmarıq.
   
   Və sonda. Məmməd Arazın belə bir misrası var.
   
   
   
   Körpülənin ay Arazlar,
   
   Məni qoymayın təklənəm.
   
   
   
   Körpülənin ay iqtidarla müxalifət, körpülənin ay türklər, Türkiyəni qoymayın təklənə.
   
   

TƏQVİM / ARXİV