adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Iyul 2019 10:06
27585
MƏMLƏKƏT
A- A+

Bakıda parklanma müəmması - Gəlir hara gedir?

Parklanma bir mədəniyyətdir, gözəllikdir, zövqdür. Hardasa bir normal parklanma görəndə sevinirsən. Rahat və təhlükəsisz dayana bildiyin üçün. Bu parklanmanın qiyməti münasib olanda isə əhvalın daha da yüksəlir. O yüksəkliyin dadını çıxarmaq üçün tez-tez elə o parklanmaya görə yolunu burdan salırsan. Heyiflər olsun ki, belə yerlər çox azdı. Əvəzində hər tində bir qolçomaq parkinqlər mövcuddur. Xəstəxanaların həyətində, parkların, marketlərin qarşısında və s. Market yazdımsa bir misal çəkim. Birdən yadına düşür ki, evə çörək almalısan. Düşüb marketdən 50 qəpiklik bir çörək götürüb gəlib maşınına oturmaq istəyirsən ki, biri kəsdirir maşınının "kuzasının” üstünü. "Ver-ver” deyə-deyə sənə öz aləmində xidmət göstərir. Sonrada gözünü döyür sənə ki, pul ver. Ala bu da sənə bir 20 qəpiklik. Çörək oldu 70 qəpik. Adam 20 qəpiyə görə söyülmək istəmir. Yoxsa niyə buna pul verəsənki?

Və ya məsəl üçün xəstəxanada ölmüşəm. Mənim meydimi çıxardırlar. Şlaqbaum qalxmır ki, manat ver. Ay rəhmətliyin oğlu, gəlin maşını deyil ey qabağını kəsirsən. Ölü maşınıdı. Bir fatihə ver sonra da şlaqbaumunu qaldırda. Diriliyimlə ölülülyüm arasında fərq olmalıdı ya yox? Belə edirsiz ki, adam ölmək də istəmir.

O gün yasamal parkına getmişdim. Bu park "Tri korona” adlanan yeni tikili ilə "Lider” televiziyasının arasındakı ərazidə yerləşir. Gənc parklardandı. Qarşısında avtomobilimi park edərkən biri özünü tələm-tələsik yetirdi. "Bir az sağa, bir az irəli” deyib maşınımın yerini rahatladı. Bildim ki, buranın "palajeniyasına” bu baxır. Köməkləşib parkinq edəndən sonra yaxınlaşdım "palajeniyay” baxan "xozeyinə”. Dedim maşınımın arxasındakı yeri saxla dostum gəlib saxlasın. Sağ olsun tam 5 dəqiqə yeri qorudu. Bu 5 dəqiqədə elə 5 dəqiqəlik dərdləşdik. Verdiyim 1 manatın mqabilində mənim elə suallarıma cavab verdi ki, maddi imkanım olsa idi hələ müsahibimin cibinə 5-10 manat basardım ki, danış.

Bu gənclə söhbətdən məlum oldu ki, ayda 250 manat məvacib alır. Təxminən 14 saat işləyir. Səhər 10-dan axşam 23-45-ə kimi. Metro bağlanana yaxın xidməti yerini tərk edib özünü birtəhər metroya çatdırır. Gündəlik plan 60 manatdır. Parkın parkinq hissəsi 6 hissəyə bölünüb. Hər hissədə 10 maşın dayana bilir. Hər hissənin də öz "xozeyni” var. Yəni pul yığanı. Hər kəs 60 manat plan verir. Bu edir gündəlik 360 manat. Çek istədim güldü. Məlum oldu ki, çek vermirlər. Yəni yığılan pullar kiminsə cibinə axır. O kimisə bu tanımır. Amma bilir ki, sıradan birisi deyil.

Dediyinə görə özünün də gündəliyi olur. 10-15 manat. Maşınları iki sıra saxlatdırırlar. Yəni 10 maşınlıq yeri edirlər 20 maşınlıq. Nə etməlidirlər ki? Planı doldurmaq lazımdır.

Gündəlik 360 manat pis rəqəm deyil. Ayın 30 gününə vuranda edir 10 min 800 manat. Bundan da 6 nəfərin 1500 manat əmək haqqısını çıxanda yerdə qalır 9 min 300 manat. Yer qazmırsan, daş daşımırsan, süpürmürsən, qaz yandırmısan, işıq işlətmirsən, sulamırsan və s. Əlin cibində bəy kimi gəzirsən gündəlik 360 manatın var. Bunu paytaxtdakı çeksiz fəaliyyət göstərən parkinq yerlərinin ümumi sayına vursan edər filan qədər. Məqsədim kiminsə pulun saymaq deyil. Həmişə artıq olsun. Məqsədim büdcədən nə qədər vəsaitin yayındığını yazmaqdır.

Açığı bu parklanma yerləri qəliz məsələdi. Bilmirsən buna kim nəzarət edir. Bu onun üstünə atırdı, o birisi də bunun üstünə. Yazılanlar görə artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daha əvvəllər təşkil edilmiş 423 parklanma yeri Bakı Nəqliyyat Agentliyinə təhvil verilib. Bu haqda agentliyin rəsmisi də danışaraq bildirb ki, yerlər mütəxəssislər tərəfindən təhlil edilir. Və yalnız məqsədəmüvafiq hesab edilən, yəni nəqliyyat sıxlığına, xüsusən də ictimai nəqliyyatın hərəkətinə maneə yaratmayan məntəqələrdə parklanma yerləri təşkil ediləcək. Parklanma yerlərinin idarə edilməsi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Yaxın aylarda vurğuladığım məsələlər öz təsdiqini tapdıqdan sonra işlərin icrasına başlanılacaq.

Təki başlanılsın. Pullar dövlətin büdcəsinə axsın. Parklanma yerlərində baş alıb gedən hərc-mərcliliyə son qoyulsun. Qiymətlər də cibimizə uyğun olsun. Maşınımızı binaların həyət-bacasında yox, park yerlərində saxlayaq.


Nicat Novruzoğlu

.