adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyul 2019 11:38
41486
MƏDƏNİYYƏT
A- A+

Qəbələnin antik şəhər yeri olduğu ehtimal edilən sahəsində tədqiqatlar bərpa edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik və ilk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası" iki illik fasilədən sonra Qəbələnin antik şəhər yeri olduğu ehtimal edilən Çaqqallı sahəsində tədqiqatları bərpa edib.

İnstitutdan verilən məlumata görə, hazırda antik şəhər yerində mərhum arxeoloq, professor İlyas Babayevin rəhbərliyi altında aparılmış genişmiqyaslı qazıntılar nəticəsində aşkar edilmiş dulusçuluq emalatxanası ətrafında qazıntılar davam edir. E.ə. II əsrə aid olan dulus emalatxanasının ətrafı tədqiqatlara cəlb olunaraq emalatxananın sərhədləri və dulus kürələrinin tədqiqi istiqamətdə işlər aparılır.

Hazırda Qəbələnin Səlbir və antik şəhər yerində arxeoloji qazıntılar da davam etdirilir.

Qədim Qəbələnin Səlbir yaşayış yerində 400 kv/m dən artıq olan iri tikili kompleksi tədqiq olunur. Bu tikili kompleksi hələ 2017-ci ildə eyni adlı ekspedisiya tərəfindən aşkar edilib. Builki tədqiqatlar zamanı qeyd olunan kompleksə aid bir binanın ikimərtəbəli olması, alt mərtəbəsində müxtəlif otaqların olduğu müəyyən edilib.

Qazıntılar nəticəsində binanın dağılmış hissələri içərisində xeyli sayda müxtəlif rəngli şüşələrin tapılması vaxtilə orada şəbəkəli pəncərələrin olduğundan xəbər verir. Tədqiqatlar zamanı xeyli sayda saxsı məmulatı, inşaat detalları, metal əşyalar aşkar edilib. Tikili kompleksi eramızın 12-14-cü əsrləri arası dövrə təsadüf olunur. Daha sonra bu kompleks tərk edilmiş və zamanla kütləvi dağıntıya məruz qalıb. 15-ci əsrdən sonra həmin hissədə kiçik qəbiristanlıq salınıb ki, sonrakı dövrə aid qəbirlər qazılarkən binanın bəzi divarları və bünövrə yerlərini daha da dağıdılıb.

Arxeoloji çöl-tədqiqat işləri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.