FİKİR AYDINLIĞI VƏ YAZIÇI MƏSULİYYƏTİ
Zəka Vilayətoğlu! Bu imza çağdaş ədəbiyyatımızda tanınan və sevilən imzadır. O, Gədəbəy rayonunun Arabaçı kəndində dünyaya göz açmış, gül-çiçək ətirli sərin çeşmələr, bulaqlarla zəngin dağların qoynunda böyüyüb-boy atmış, bu misilsiz gözəlliklərə heyrət duyğusu ilə sözə, ədəbiyyata həvəslənmişdir. Zəkanın bir xoşbəxtliyi də onda dır ki, atası Vilayət müəllim Ədəbiyyat müəllimi idi və onun mütaliəsində atasının böyük rolu olmuşdur.
İllər öncə mən Zəkanı gözəl səsli müğənni, istedadlı bəstəkar, ürəyəyatımlı, yaddaqalan mahnılar müəllifi kimi televiziya ekranlarından tanımışdım. Amma bir- birinin ardınca onun "Şah ölüm", "Küsmüş Ay","Güllələnmiş qaranlıqlar", " Milena" adlı nəsr əsərləri və"Sənə bir söz deyəcəm" şeirlər kitabı,həm də bu günlər təqdimatına yığışdığımız povest və hekayələr toplusu olan"Bataqlıq" məndə belə bir inam yaratdı ki, həqiqətən, Zəka Vilayətoğlu peşəkar yazardır, sözə könül verməklə yanaşı ona sadiq olan əsl ədəbiyyat adamıdır.
Zəka Vilayətoğlu, bir qələm əhli kimi dilin bədii
çalarlarına bələd olan, sözün incəliklərini yaxşı hiss edən, özünəməxsus üslubu
ilə seçilən yazıçıdır. İstedadını cilalıya- cilalıya nəsrin müxtəlif
janrlarında uğur qazana bilməsi, onun güclü mütaliə və müşahidə qabiliyyətindən,
daxili təlabatından, ürək çırpıntılarından yaranır. Vətənimizin dünəni və bu
günü ilə çulğaşan ağrı- acılar və gələcəyimizə olan ümid, inam onun əsərlərində
tam fərqli baxış bucağından böyük maraq doğurur.
Tarixə istinadən yazılmış " Şah ölüm" romanını Z.Vilayətoğlu yaradıcılığının zirvəsi hesab etmək olar. Xalq qəhrəmanı Məcid ağa Şəkibəyovun ( Qaçaq Məcidin ), azğın və tarixi düşmənlərimiz olan ermənilərə və rus çarizminə qarşı sərt və qətiyyətli mövqeyi romanın əsas qayəsini təşkil edir. Əsərdə yüksək vətəndaşlıq duyğuları, xeyir və şər qüvvələrin çarpışması göstərilir və sonda üstünlük xeyirin qələbəsinə yönəldilir. Məcid ağanın şahanə ölümü də bu əsərdə türk mənəviyyatının qələbəsi kimi səciyyələndirilir.
"Otuz üç ildən sonra
dodaqlarda səslənən Mehrab adı kəndin yaddaşına uzaqdan atılan kiçik daş kimi dəydi..."
"Bir qərinədən sonra" povesti bu sözlərlə başlayır.Yazıçı, artıq bütün hadisələrin gedişatını,
istiqamətini bu obraza yönəltməklə "bir qərinəlik qürbət ömrü"
yaşayan bu obrazın- Mehrabın timsalında həyatın dərinliklərində itib- batmış,
öldüyü zənn olunan bu insanın təzədən doğma kəndinə qayıtmasını, yaxlnlarına
baş çəkməsini, hətta dünyasını dıəişmiş atasının məzarını ziyarət etməsini
insana məxsus müsbət və mənfi dəyərlərilə ön plana çəkir.Povest amirlik dövrünün
ictimai həyatımıza gətirdiyi fılakətlər üzərində qurulmuşdur. Həyatın talelərə
vurduğu zərbələr, mənəviyyatlarda yaranan erroziyalar əsərin başlıca təsvir
obyektidir. Otuz üç
il qürbət həyatı yaşayan bu insanın doğmalarından, yaxınlarından ayrı düşməsi,
hətta qayıdıb gələrkən tanınmaz olması, miskinliyi məşhur atalar sözümüzə
-" Qürbət cənnət olsa da, yenı də vətən yaxşı" anlamına haqq
qazandırır.
Mehrab
həyatdan aldığı zərbələr önündə özünü çox kimsəsiz hesab edir. Yaxın qohumu Sərxanla
söhbətdə ötüb keçən ömrünü belə xarakterizə edir:" Eeeh, qardaş, başım nələr
çəkmədi, bu
otuz üç ildə? Yaş da öz işini görür! Yaşa dolduqca ağıllanır adam.Onda da çox
gec olur. Çox peşimanam, çox! - Ani olaraq Mehrabın gözləri yaşla doldu."
Müəllif qürbətin ömrə bəxş
etdiyi faciəni, peşimançılıq hissini qəhrəmanln dili ilə çox gözəl səciyyələndirir:"
Ölməyə gəlmişəm! Canımdakı ağrılar anamı ağladır, Sərxan!."
Yazıçı öz qəhrəmanını müxtəlif
xarekterli adamların əhatəsində verməklə, müxtəlif həyati hadisələrə diqqəti
yönəltməklə onun ağrılı-acılı həyatına bir aydınlıq gətirir. Mehrab uzaq
Almaniyadan cibi dolu gəlsə də, Sərxana "BMV -X-6" markalı Cip maşını
alsa da, kənd camaatına xeyriyyə yardımında bulunsa da, ondan sonra başqa bir kişiyə ərə
gedib uşaq yiyəsi olan köhnə sevgilisi Nazlıya israrla paketdə üç min dollar
versə də, yenə özünü günahkar, bədbəxt, yararsız bir insan hesab edir. Müəllif
onun fərdi keyfiyyətlərini ön plana çəkməklə müasir Azərbaycan həyatının
şüurlarda doğurduğu qeyri- adi olaylara münasibətini də ifadə etmişdir.
Z. Vilayətoğlunun " Bataqlıq" kitabında toplanan hekayələrində mövzu
və məzmun genişliyi, xarakter zənginliyi,psixoloji məqamlara münasibətdə yeni
nöqteyi- nəzər aydın hiss olunur.İstər təbiətdə, istərsə də cəmiyyətdə insan qəlbinə
yaxın olan, onun ruhunu, qəlbini oxşayan tərbiyəvi əhəmiyyəti olan hər nə varsa
Zəkanın mövzu və ilham mənbəyidir.Mövzunun böyüklüyünün və kiçikliyinin onun
üçün heç bir fərqi yoxdur. Çünki, o, hər şeyə eyni həssaslıqla yanaşır, eyni
ilhamla, eyni qüdrətlə qələmə sarılır. Nəcib hisslərin yüksək bədiiliklə vəhdəti
onun əsərlərinin ounaqlı
olmasına, sevilməsinə səbəb olur. Zahirən adi görünən hadisələri bədii
ümumiləşdirmə yolu ilə mənalandırmaq və onu ictimai hadisə səviyyəsində təqdim
etmək sənətkarlığın ən ümdə cəhətlərindəndir.
Yazıçının hekayələrindəki obrazlar - Mənsur, Lilpar, Şəmsi, Sərdar Şahin, Oruc,
Həmdulla, Zurab, Əşrəf, Mazan, Ceyhun və s. bir- birindən fərqli həyat tərzləri,
düşüncələri, dünyaya baxışları portret cizgilərlə ustalıqla qələmə alınmışdır.
" Keçi südü", "Tutinaz" hekayələrində fantaziyaya meyl etsə
də, bu fantastikanı real həyat həqiqətləri üzərində qurur, oxucunu düşünməyə
vadar edir. " Keçi südü" Xocalı soyqırımına həsr olunub. Əsərdə kəndin ağır iniltilər
içində can verib ölməsi və düşmən gülləsindən hələ son nəfəs kimi onun boğazında
ilişib qalan oğlanın ayağa qalxa bilməməsi, qarlı və qaranlıq bir gecədə qarın
işığına baxa-baxa yuxuya getməsi yazıçı qələmində təsirli boyalarla əks olunmuşdur.
Kiçik nağıl elementlərindən istifadə olunan bu hekayədən çıxan məntiqi nəticə də
elə bu yuxuyla bağlıdır. Yuxuda üç saqqallı erməninin yaralı oğlana rast gəlməsi
və birinin o birinə: "Kəs bunun burnunu, qulağını. Biz gərək yer üzündən
"türk"deyilən bütün varlıqları silib təmizləyək" deməsi və əlindəki
bıçaqla ona sarı əyiləndə oğlanln sinəsi üstünə ilahidən göndərilən sirli bir
qutunun enməsi, səsin eşidilməsi, oğlanın yoxa çıxması,düşmənlərin vahiməyə
düşməsi və digər tərəfdən də oxucu intizarı hekayənin ən uğurlu cəhətidir. Müəllif
bu məqamda oğlanln eşidəcəyi səsi diqqət məkəzində saxlayır:" Oğlan, məni
bura sənin öz Allahın göndərib. Bu qılıncı da o yolladı sənə. Qutudakı qızıl
üzükdür.Üzüyü barmağına keçirsən, səni heç kəs görməyəcək.Allahın bir də bu
qılıncı göndərdi sənə və dedi ki, o, bu qılıncla döyüşüb düşməni məğlub edəcək.Yalnlz
qılıncla! Axı,- dedi, - onun babaları düşmənlə üz-üzə,göz- gözə, mərd- mərdanə
qılıncla döyüşüb.Öləndə mərd ölüb, qalanda mərd qalıb.Al bu qılıncı, üzüyü
keçirt barmağına.Qayıt kəndə.Düşmənlər hamısı oradadır. Ən gözəl düşmən
qadınları, qızları da oradadırlar.Hamlsını təslim et, dəstələyib doldur bu
qalaya.
Bu hekayədə erməni şərəfsizliyinə qarşı ittiham çox güclüdür. Səsin göstərişi
ilə oğlan erməni qadınlarını kişilərdən ayırıb bir güncə yığanda da, "mən
sizin namusunuza toxunmayacağam, hamınız ölməlisiniz, amma mın sizi öldürməyəcəyəm"
deməsi nə qədər təəccüblü görünsə belə, müəllif milli mentalitetimizə xas mənəviyyatı
erməni xislətindən fərqli bəşəri bir ideyanı ön plana çəkir. Erməni qadınları
gözəl olslar da, öz südləri ilə övladlarını zəhərləyib, insanlıqdan
çıxarıb.Onları öldürməyib azadlığa buraxanda da qulaqlarında sırğa ola biləcək
hekayə qəhrəmanının son sözü yazıçı qənaətinin uğurlu tapıntısı kimi qiymətləndirilməlidir:"
Hərənizin həyətində bu gündən sonra bir südlü keçi olmalıdır.Siz ailə quranda,
doğub- törəyəndə övladlarınıza öz südünüzü yox, həmin keçinin südünü əmizdirıcıksiniz. Qoyun, heç olmasa, o uşaq təmiz
böyüsün, gözəl həyatı, gözəl kainatı murdarlamasın! Dediklərim
olmasa yer üzündən kpkünüzü bax bu qılıncımla qazıyacam!"
Sözü yarımçıq qalan oğlanın qəfil yuxudan ayılması, boğazından azacıq nəfəsin
çıxması ilə kəndin ölməsi bir detal kimi hekayənin təsir gücünü, bədii səviyyəsini
yüksəltmişdir.
Z. Vilayətoğlu hekayələrində həyati hadisələrin mahiyyətini, ziddiyyətli görünən
bütün nüansları oxucu dərkinə yönəldir və quru nəsihətçilikdən, öyüd- nəsihətdən
uzaq olaraq əllaməçilik
yaratmır. Onun əsərlərinin
ümumi ruhu, ideyası insanı bəd əməllərdən, insanlığa zidd olan olaylardan çəkindirməyə,
saflığa, əxlaqi dəyərlərə yönəltmək məqsədi daşıyır.O, bütün əsərlərində həyati
reallığa sözün ecazkar qüdrəti, bədii ifadəsi kimi yanaşır və bunu estetik
ideal, yüksək zövq mənbəyi kimi qələmə alır.O, hər bir əsərində düşüncə tərzi,
emosional ovqatı ilə fərqlənən, vətənə bağlılıq nöqteyi- nəzərindən həyatın ən
adi, təbii hadisələrini belə qeyri-adi şəkildə əks etdirməyi bacarır.
Nəticə olaraq qeyd edim ki, Zəka istedadlı və peşəkar yazıçıdır. Onun mayası halallıqdan, məramı haqq sevgisindən yoğrulub.Yaradıcılığını xalq ruhunun parlaq ifadəsi kimi qəbul etmək olar.Bütün əsərlərində fikir aydınlığı və yazıçı məsuliyyəti önəmlidir.Odur ki, yeni kitabına görə dəyərli qələm dostumuzu ürəkdən təbrik edir, ulu Tanrımızdan ona möhkəm can sağlığı və ədəbi mühitdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
SƏTTAR QARAĞACLI
Şair, pedaqoq