ŞEYTAN ÖVLADLARINA KAMiKADZE DEMƏK GüNAHDI

AQİL ABBAS
33026 | 2010-03-11 00:32
Tez-tez televizyon kanallarında, eləcə də qəzetlərdə belə xəbərləri eşidirik və oxuyuruq: "Kamikadze filan məscidi partlatdı", "Kamikadze filan restoranı partlatdı", "Kamikadze filan binanı partlatdı", "Kamikadze filan məktəbi partlatdı", "Kamikadze filan bazarı partlatdı" və sair və ilaxır.
   
   Bu terrorçuları, bu şeytan övladlarını "kamikadze" adlandırmaq günahdı və kamikadzelərin ruhuna təhqirdi.
   
   Terrorçu elə terrorçudu, ona da terrorçu deyib müraciət etmək lazımdı.
   
   "Kamikadze" sözünün kökünü və mənasını bilməyənlərə bir aydınlatma gətirmək istəyirəm.
   
   Çingiz xan qoşununu Yaponiyaya yürüşə aparırdı. Yaponlar Çingiz xan və onun möhtəşəm Türk ordusu haqqında çox şey bilirdilər. Və bilirdilər ki, Çingiz xanın qarşısında duruş gətirə bilməzlər.
   
   Yaponiya dənizlə əhatə olduğundan Çingiz xan qoşununu Yaponiyaya keçirə bilmirdi. Axırda belə qərara gəlir ki, qayıqları yan-yana düzərək bir körpü yaratsın (indi biz ona panton deyirik), qoşununu da həmin körpü ilə Yaponiyaya keçirsin.
   
   Belə də edir.
   
   Sahilə yığılıb möhtəşəm ordunun Yaponiyaya doğru irəlilədiyini görən yaponlar diz çöküb Allaha dua edirlər ki, onlara kömək eləsin.
   
   Allah yaponları eşidir. Və dəhşətli bir külək başlayır, fırtına qopur və Çingiz xanın qurduğu körpülər dağılır, qoşun dənizə tökülür və üzmək bilməyən qoşunun xeyli hissəsi də qırılır.
   
   Yeri gəlmişkən, türklər onda da, elə indi də üzməyi bilmirlər. Onda bilmirdilər, başa düşürük, dənizləri yox idi. Və Çingiz xan başda olmaqla atlarına dəniz suyu içirtmək arzusuyla yaşayırdılar. Bu da tarixdə məşhur hadisədir ki, Çingiz xan gəlib Aralıq dənizinə çatanda öz babalarının da arzusunu həyata keçirmək üçün atına dəniz suyu içirtmək istəyib, at da şor suyu içmək istəməyib. Çingiz xan da deyib ki, görünür at yorulub, səhər içirdərsiniz. Yəni türklər bilmirmiş ki, dəniz suyu şordu.
   
   Amma indi dənizlərimiz var, yenə üzgüçülük üzrə bir dünya çempionumuz yoxdu. Görünür, qandan gəlir.
   
   Bəli, böyük bir fırtına olur, Çingiz xan Yaponiyaya keçə bilmir və Yaponiyanı istila etmək fikrindən həmişəlik vaz keçir.
   
   Deyə bilərsiniz ki, bunun nə dəxli var?
   
   Yaponlar diz çökəndə Allahı, daha dəqiq desək Tanrını köməyə çağırırdı: "Kam"ı köməyə çağırırdılar. "Kam", "qam" yapon dilində "Tanrı" deməkdir, "Allah" deməkdir.
   
   Və türk dilində də "kam" və "qam" sözləri "Tanrı" deməkdir. Onu da qeyd edim ki, yapon dili Altay dil qrupuna aiddir, kökü türk dilləri ailəsinə bağlıdır. Və bu gün yapon dilində bizim işlətdiyimiz yüzlərlə söz var ki, eyni anlamı daşıyır. Hətta dilin quruluşu türk dil quruluşudur. Bu məsələni buraxaq dilçilərə.
   
   "Kadze" də yapon dilində "külək" deməkdir.
   
   Yaponlar Kamı köməyə çağırdılar, Kam da bir kadze göndərdi, yəni külək. Və Kamın göndərdiyi kadze Yaponiyanı xilas elədi.
   
   Və ondan sonra kim özünü Yaponiya uğrunda qurban verirsə, yaponlar onu həmin Tanrı küləyinin bir zərrəsi kimi müqəddəs sayırlar və ona kamikadze deyirlər.
   
   Və kamikadzelər də heç vaxt sivil əhali ilə vuruşmayıblar. Sivil əhaliyə əl qaldırmayıblar, təyyarələrini və ya özlərinin üzərində oturub idarə etdikləri torpedaları sivil insanlara yönəltməyiblər.
   
   Bu gün hardasa bir terrorçu belinə bomba bağlayıb məscidi, kilsəni, yaşayış evini, məktəbi, bazarı və sair və ilaxırı partladırsa, o şeytan övladıdır, o terrorçudur. Onları "kamikadze" adlandırmaq, onları Allahın adıyla bağlamaq günahdı.
   
   Azərbaycanda kamikadze məktəbi olmayıb, amma kamikadzelər olub. Qarabağ savaşında onlarla oğul özünü erməni tankının altına atıb. Belinə bomba bağlayıb özünü erməni səngərinə atıb, ilk hərbi təyyarəçimiz Vaqif bəy təyyarəsi düşmən tərəfindən vurulandan sonra həyatını xilas etmək üçün paraşütlə atlanmayıb, təyyarəsini düşmən qərargahına salıb.
   
   Heç olmasa öz kamikadzelərimizin xətrinə terrorçulara kamikadze deməyək.

TƏQVİM / ARXİV